Uşaqlara sistem köçürülməsi nə qədər təhlükəlidir?
Gəncədə xəstəxanada 1 yaşlı körpəyə sistem (infuziya) köçürülməsi zamanı baş verən ölüm hadisəsi cəmiyyətdə ciddi narahatlıq və suallar doğurub.
Körpə yaşında olan uşaqların orqanizmi son dərəcə həssas və kövrək olduğundan, tibbi müdaxilələr zamanı maksimum dəqiqlik və ehtiyatlı yanaşma tələb olunur.
Xüsusilə, infuziya kimi birbaşa orqanizmə təsir edən prosedurların tətbiqi yalnız zəruri hallarda və ciddi tibbi göstərişlər əsasında həyata keçirilməlidir.
Mütəxəssislər qeyd edirlər ki, bu yaş qrupunda su-duz balansı, elektrolit səviyyəsi və ümumi fizioloji göstəricilər çox incə tarazlıq üzərində qurulub. Bu səbəbdən hər hansı yanlış dozalanma və ya nəzarətsiz müdaxilə ağır fəsadlara səbəb ola bilər.
Bəs 1 yaşlı körpələrə hansı hallarda sistem köçürülməsi zəruri sayılır? Bu proses zamanı hansı tibbi və təhlükəsizlik qaydalarına əməl olunmalıdır? Körpə orqanizminin həssaslığı nəzərə alınaraq hansı məqamlara xüsusi diqqət yetirilməlidir?
Mövzu ilə bağlı professor, səhiyyə eksperti Adil Qeybulla Crossmedia.az-a açıqlama verib:

"Dünya praktikasında belədir ki, körpə uşaqlara, xüsusilə 1 yaşlı körpəyə infuziya tətbiq etmək üçün ciddi səbəblər olmalıdır. Çünki bu yaş qrupunda kalium, natrium və digər ionların miqdarı çox mühüm əhəmiyyət kəsb edir.
Ona görə də, ümumiyyətlə infuziya vasitəsilə orqanizmə daxil olan müxtəlif mikroelementlər onlarda çox ciddi elektrolit problemləri yarada, balansı poza bilər.
Hesab edirəm ki, baş verən bu ölüm hadisəsində də yəqin ki, məhz bu amillərin rolu olub. Ümumiyyətlə, səbəb olmadan uşaqlara, xüsusilə körpələrə bu cür müdaxilələrin edilməsi düzgün deyil və bu kimi halların aradan qaldırılması vacibdir.
Dünyanın heç bir yerində belə bir praktika geniş şəkildə tətbiq olunmur. Düşünürəm ki, əgər biz qərb təbabətinə inteqrasiya ediriksə, onun prinsiplərinə də tam şəkildə əməl etməliyik".
Ayhan
12:50 07.04.2026
Oxunuş sayı: 63