Hörmüz düyünü - Hansı ölkələr münaqişəyə qoşula bilər?
Müşahidələr onu göstərir ki, Yaxın Şərqdə növbəti böhran dalğası artıq adi regional qarşıdurma çərçivəsini aşaraq qlobal güc balansına toxunan mürəkkəb geosiyasi düyünə çevrilmək üzrədir.
Çünki İranın ABŞ tərəfindən irəli sürülən atəşkəs təşəbbüsünü və Hörmüz boğazı ilə bağlı şərtləri rədd etməsi, regionda gərginliyin davam etdiyini ortaya qoyur.
Tarixi təcrübəyə nəzər salsaq görərik ki, Hörmüz boğazı üzərində nəzarət məsələsi təkcə regional təhlükəsizlik problemi deyil, qlobal iqtisadi sabitliyin “sinir mərkəzi” kimi çıxış edir.
2019-cu ildə tankerlərə hücumlar, ABŞ-İran gərginliyinin pik həddə çatdığı dövrdə neft bazarlarında kəskin dalğalanmalar yaratmış, beynəlxalq ticarət marşrutlarının nə dərəcədə həssas olduğunu açıq şəkildə nümayiş etdirmişdi.
Həmin dövrdə Donald Tramp administrasiyasının “maksimum təzyiq” strategiyası və Qasım Süleymaninin öldürülməsi ilə nəticələnən Bağdad hava limanı zərbəsi, regionda açıq müharibə ehtimalını real ssenariyə çevirmişdi.
Bugünkü vəziyyət isə əvvəlkilərdən fərqli olaraq daha çoxqatlıdır. Bir tərəfdə Vaşinqtonun ultimativ ritorikaya qayıtması, digər tərəfdə Tehranın geri çəkilmək əvəzinə strateji boğaz üzərindən təzyiq alətini gücləndirməsi diplomatik manevr sahəsini daraldır.
Beləliklə, İranın geri addım atmaması və Hörmüz boğazı kartını açıq şəkildə masaya qoyması təkcə regional təhlükəsizlik balansını deyil, həm də qlobal iqtisadi sistemin dayanıqlığını sanki sınağa çəkir. Bu vəziyyət isə ortaya belə bir sual çıxarır: qarşıdurma artıq yalnız regional yox, beynəlxalq səviyyədə geniş geosiyasi münaqişəyə çevrilə bilərmi?
Politoloq Yusif Bağırzadə İranın Hörmüz boğazı ilə bağlı geri addım atmaması nəticəsində ABŞ-İsrail cütlüyü ilə İran arasında gedən müharibəyə yeni ölkələrin də qoşulma ehtimalının nə dərəcədə yüksəldiyini və eyni zamanda hansı ölkələrin qoşula biləcəyinə dair fikirlərini Crossmedia.az-a şərh edib.

O bildirib ki, İranın ABŞ-nin təklif etdiyi müvəqqəti atəşkəsi və Hörmüz boğazı ilə bağlı şərtləri rədd etməsi, artıq münaqişənin klassik regional çərçivədən çıxaraq daha geniş geosiyasi qarşıdurmaya çevrilmək riskini ciddi şəkildə artırır:
“Xüsusilə, Donald Tramp administrasiyasının ultimatum xarakterli yanaşması və İranın bunu açıq şəkildə qəbul etməməsi, eskalasiyanın qarşısını alan diplomatik təşəbbüslərin zəiflədiyini göstərir.
Belə bir şəraitdə münaqişənin genişlənməsi ehtimalı bir neçə istiqamətdə qiymətləndirilə bilər. İlk növbədə, artıq dolayı şəkildə prosesdə iştirak edən regional aktorların birbaşa hərbi müstəviyə keçməsi ehtimalı artır.
İsrail faktiki olaraq bu qarşıdurmanın aktiv tərəfidir və İranın hərbi və strateji obyektlərinə qarşı əməliyyatlarda ABŞ ilə koordinasiyalı şəkildə çıxış edir.
Körfəz ölkələri bu kontekstdə ən həssas aktorlar sırasındadır. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Qətər kimi ölkələr həm ABŞ ilə təhlükəsizlik əməkdaşlığına malikdir, həm də İranla coğrafi yaxınlığa görə birbaşa risk altındadır.
Əgər İran Hörmüz boğazını bağlı saxlamaqda israr edərsə və ya bu ölkələrin enerji və logistika infrastrukturuna təhdidlər artsa, onların ya ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya daha açıq şəkildə qoşulması, ya da öz təhlükəsizliklərini təmin etmək üçün hərbi addımlar atması mümkündür.”
Politoloq əlavə edib ki, münaqişənin genişlənməsi artıq yalnız regional səviyyədə qalmaqla məhdudlaşmır:
“Digər mühüm istiqamət isə regiondan kənar böyük güclərin mövqeyidir. Türkiyə, Pakistan və Misir hazırda vasitəçi rolunda çıxış etməyə çalışsalar da, münaqişənin dərinləşməsi onları seçim qarşısında qoya bilər.
İran ərazisindən Türkiyəyə zərbələrin davam etməsi halında neytral qalmağa çalışan və NATO üzvü olaraq Qərb blokuna bağlı olan Türkiyə münaqişənin genişlənməsi halında daha aktiv mövqe tutmaq məcburiyyətində qala bilər.
Avropa ölkələrinin də prosesə cəlb olunma ehtimalı ortaya çıxa bilər. Enerji təhlükəsizliyi və beynəlxalq ticarət marşrutlarının qorunması baxımından Avropa İttifaqı ölkələri ABŞ-la koordinasiyalı addımlar ata, hətta dəniz təhlükəsizliyi missiyalarında iştirak edə bilərlər. Bu isə münaqişənin coğrafiyasını faktiki olaraq genişləndirə bilər.
Odur ki, İranın geri addım atmaması və Hörmüz boğazı məsələsində sərt mövqe tutması münaqişəni mərhələli şəkildə qloballaşdıra bilər.
Bu, klassik iki tərəfli müharibədən çox, çoxsaylı aktorların müxtəlif səviyyələrdə iştirak etdiyi hibrid və koalisiya tipli qarşıdurmaya çevrilmə riski daşıyır. Belə ssenaridə birbaşa hərbi iştirak edən ölkələrin sayı məhdud qala bilər, lakin dolayı, logistik, siyasi və iqtisadi dəstək göstərən aktorların sayı artaraq münaqişənin miqyasını faktiki olaraq qlobal səviyyəyə yaxınlaşdıra bilər.”
Həmayıl Şükürova
11:33 07.04.2026
Oxunuş sayı: 1086