Azərbaycanla Qazaxıstan arasında yeni əməkdaşlıq formatı yaradılır
Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq getdikcə daha da genişlənir. Belə ki, Qazaxıstan Milli Müdafiə Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlərdə hərbi təhsil sistemində aparılan islahatlar, müasir hazırlıq modeli və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə olunub. Səfər zamanı Azərbaycan Ordusunda son illərdə həyata keçirilən hərbi təhsil islahatları və bu sahədə əldə olunan müsbət nəticələr Qazaxıstan tərəfinin diqqətinə çatdırılıb.

Bu barədə Crossmedia.az-a danışan hərbi ekspert Ədalət Verdiyev Azərbaycan hərbi təhsil sisteminin artıq Türkiyə hərbi təhsil sistemi ilə tamamilə uyğunlaşdığınl bildirib: "Qazaxıstan da Türk Dövlətləri Təşkilatının üzvü olaraq bir çox sahələrdə digər ölkələrlə, o cümlədən hərbi təhsil sahəsində yaxından əməkdaşlıq edir. Bu gün türk hərbi təhsil sistemini keçmiş sovet ölkələri arasında tam miqyasda mənimsəyən yeganə dövlət Azərbaycan Respublikasıdır. Buna görə də Qazaxıstan, keçmiş sovet məkanına daxil olan bir ölkə kimi, öz hərbi təhsil sistemini türk hərbi təhsil sisteminə uyğunlaşdırmaq məqsədilə Azərbaycanla ikitərəfli müqavilələr əsasında çox yaxın əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində Qazaxıstandan olan hərbi heyətlərin həm Azərbaycan, həm də Türkiyə ilə müxtəlif təlimlərdə və intensiv hazırlıq kurslarında iştirakı gözlənilir. Digər tərəfdən isə Azərbaycanın hərbi təhsil müəssisələrində, yəni Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən çoxpilləli hərbi təhsil müəssisələrində Qazaxıstandan olan daha geniş heyətin hərbi təhsilə cəlb olunacağı gözlənilir. Həmçinin Qazaxıstan öz hərbi təhsil sistemini də Azərbaycanın hərbi təhsil sistemi ilə eyni standartlara uyğunlaşdıracaq. Xatırladaq ki, Azərbaycan da vaxtilə öz hərbi təhsil sistemini Türkiyənin hərbi təhsil sistemi ilə uyğunlaşdırmışdı. Bir sözlə, Azərbaycanla Qazaxıstan arasında yeni əməkdaşlıq formatı yaradılır ki, bu da ətrafda baş verən sürətli geosiyasi dəyişikliklər və davam edən münaqişələr fonunda olduqca aktual məsələdir. Atılan bu addımlar Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verəcək".
Ekspertin sözlərinə görə, hərbi təhsil sahəsində əməkdaşlıq Türk Dövlətləri Təşkilatının ümumilikdə sabitlik yaradan güc mərkəzi kimi formalaşmasına imkan yaradır: "Yalnız Qazaxıstan deyil, Özbəkistan da öz silahlı qüvvələrini Azərbaycan Ordusu modelinə uyğun şəkildə modernləşdirmək üçün ciddi addımlar atır. Bu isə bir daha onu deməyə əsas verir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatında öz təcrübəsini dost və müttəfiq ölkələrlə bölüşür, eyni zamanda təşkilatın müdafiə və təhlükəsizlik məsələləri üzrə gücləndirilməsi istiqamətində mühüm addımlar atır".
Fatimə Məmmədova
19:14 25.05.2026
Oxunuş sayı: 56