Azərbaycanla Türkiyə çiyin çiyinə: Regional sabitliyə töhfə
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın növbəti mərhələsini ifadə edən “Heydər Əliyev-2026” birgə təlimi, regionda baş verən həssas və dinamik proseslər fonunda xüsusi diqqət çəkir. Qars şəhərində keçiriləcək bu təlimə hazırlıq çərçivəsində Azərbaycan və Türkiyə dövlət bayraqlarının dəyişmə mərasiminin təşkili isə həm simvolik, həm də strateji mesaj xarakteri daşıyır. Bu addım iki qardaş ölkə arasında hərbi-siyasi həmrəyliyin, qarşılıqlı etimadın və koordinasiyalı fəaliyyətin daha da gücləndiyini nümayiş etdirir.
Mövcud geosiyasi reallıqlar şəraitində bu cür təlimlərin keçirilməsi təkcə planlı hərbi fəaliyyət kimi deyil, eyni zamanda regional sabitliyə və təhlükəsizlik arxitekturasına verilən töhfə kimi qiymətləndirilə bilər. Bu baxımdan sual yaranır: məhz belə həssas bir dönəmdə keçirilən bu təlimlərin əhəmiyyəti nədən ibarətdir və hansı mesajları ehtiva edir?

Mövzu ilə bağlı hərbi ekspert Şair Ramaldanov Crossmedia.az-a açıqlama verib: "Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, iki ölkə arasında təsdiq olunmuş əməkdaşlıq planı əsasında mütəmadi olaraq birgə təlimlər planlaşdırılır. Bu təlimlər planlı xarakter daşıyır və mövcud regional gərginliklə heç bir birbaşa əlaqəsi yoxdur. Keçən il Azərbaycan və Türkiyə arasında 25-dən çox birgə hərbi təlim keçirilib və bu il də həmin təlimlərin davam etdirilməsinə artıq start verilib. Hər bir təlim əvvəlcədən müəyyən edilmiş proqram və konkret mövzu əsasında təşkil olunur. Bu çərçivədə təlimin ssenarisi hazırlanır, məqsədləri və hədəfləri müəyyənləşdirilir, həmçinin qarşıya qoyulan tapşırıqlar və işləniləcək məsələlər dəqiq şəkildə planlaşdırılır. Hazırda isə növbəti təlimlərin başlanması üçün yekun hazırlıq mərhələsi aparılır. Bu təlimlərin əhəmiyyəti olduqca böyükdür. "Şuşa Bəyannaməsi" əsasında Azərbaycan və Türkiyə qarşılıqlı olaraq bir-birinin maraqlarını qorumağı öhdəsinə götürüb və bu sənəd iki ölkə arasında hərbi əməkdaşlıq üçün hüquqi baza yaradır. Bu da birgə fəaliyyətin, o cümlədən müştərək hərbi təlimlərin keçirilməsini zəruri edir".
Ekspert əlavə edib ki, birgə təlimlər zamanı iki qardaş ölkənin silahlı qüvvələri müxtəlif istiqamətlər üzrə koordinasiya məsələlərini işləyir, idarəetmənin birgə təşkili təmin olunur və qarşılıqlı fəaliyyət bacarıqları inkişaf etdirilir: "Eyni zamanda, təcrübə mübadiləsi aparılır, əməliyyat planları və zəruri sənədlər birgə hazırlanır. Bu isə gələcəkdə istənilən tapşırığın birgə və effektiv şəkildə yerinə yetirilməsi üçün mühüm baza formalaşdırır. Bundan əlavə, İlham Əliyev tərəfindən türkdilli dövlətlərin sammitində vurğulandığı kimi, 2026-cı ilin “təlimlər ili” elan olunması da bu istiqamətdə fəaliyyətin daha da intensivləşdirilməsinin göstəricisidir. Qeyd etmək lazımdır ki, təlimlərə qədər iştirakçılar artıq müəyyən hazırlıq mərhələlərindən keçirlər və qarşıya qoyulan məqsədlərə uyğun olaraq əlavə məqsədyönlü məşğələlər təşkil olunur. Təlimlər zamanı isə hər iki ölkənin bölmələri real döyüş şəraitinə yaxın mühitdə öz bilik və bacarıqlarını nümayiş etdirir, verilmiş tapşırıqları icra edir. Eyni zamanda, rəhbər heyət tərəfindən təlim iştirakçılarının peşəkarlıq səviyyəsi, ixtisas üzrə bacarıqları və vəzifə öhdəliklərini yerinə yetirmə qabiliyyəti qiymətləndirilir. Bu da onların gələcəkdə daha təcrübəli və hazırlıqlı hərbçi kimi formalaşmasına xidmət edir. Artıq Azərbaycan və Türkiyə hərbçiləri həm Azərbaycanda, həm də Türkiyədə keçirilən müxtəlif təlim və tədbirlərdə mütəmadi şəkildə birgə iştirak edirlər. Bu qarşılıqlı əməkdaşlıq “bir millət, iki dövlət” prinsipinin praktik müstəvidə daha da inkişaf etdirilməsinə, hətta “bir millət, iki ordu” anlayışının formalaşmasına zəmin yaradır. Bu baxımdan, keçirilən təlimlər iki qardaş ölkənin ordularının birgə fəaliyyət qabiliyyətinin artırılması və qarşıya qoyulan istənilən tapşırığın uğurla icra olunması üçün mühüm rol oynayır".
Ayhan
14:27 07.04.2026
Oxunuş sayı: 55