Murovdağda qar uçqunu təhlükəsi - Kəlbəcər yolunda nə dəyişməlidir?
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun Murovdağ istiqamətində yerləşən hissəsində baş verən qar uçqunu bir daha göstərdi ki, Azərbaycanın dağlıq ərazilərində nəqliyyat infrastrukturu təbii risklərlə daim üz-üzədir.
Yolun hərəkət hissəsinin 10-15 metr hündürlükdə qar kütləsi ilə örtülməsi yalnız nəqliyyatın iflic olması deyil, eyni zamanda insanların təhlükəsizliyi baxımından da ciddi narahatlıq doğuran bir hadisədir.
Xüsusilə, strateji əhəmiyyət daşıyan və işğaldan azad olunmuş ərazilərə çıxışı təmin edən bu cür yolların fasiləsiz fəaliyyəti dövlət üçün prioritet məsələlərdən biridir. İqlim və relyef baxımından mürəkkəb olan Murovdağ kimi zonalarda isə bu risklərin idarə olunması daha sistemli və qabaqlayıcı yanaşma tələb edir.
Belə vəziyyətlərdə əsas sual ondan ibarətdir ki, qar uçqunlarının avtomobil yollarına ziyan vurmasının qarşısını almaq üçün hansı mühəndis və təhlükəsizlik tədbirləri görülməlidir? Eyni zamanda, fövqəladə hallarda nəqliyyatın tam dayanmasının qarşısını almaq üçün hansı alternativ marşrutlar və operativ həll mexanizmləri tətbiq oluna bilər?
Mövzu ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev Crossmedia.az-a açıqlama verib:

"Belə yüksək dağlıq ərazilərdə, xüsusilə Murovdağ kimi sərt iqlim və relyef şəraitinə malik zonalarda qar uçqunlarının qarşısını tam almaq mümkün olmasa da, riskləri ciddi şəkildə azaltmaq üçün mühəndislik və idarəetmə tədbirlərinin kompleks tətbiqi vacibdir. Ən effektiv üsullardan biri yol kənarlarında və yamaclarda qar saxlayıcı baryerlərin (snow fence), qar qalereyalarının (tunel tipli örtüklər) və xüsusi qoruyucu beton konstruksiyaların qurulmasıdır ki, bu qurğular qar kütləsinin birbaşa yolun üzərinə düşməsinin qarşısını alır.
Bundan əlavə, yamacların stabilləşdirilməsi üçün geoloji möhkəmləndirmə işləri, süni terraslama və bitki örtüyünün bərpası da uçqun riskini azaldır.
Erkən xəbərdarlıq sistemlərinin qurulması isə xüsusi əhəmiyyət daşıyır — meteoroloji sensorlar, qar qalınlığını və temperatur dəyişmələrini izləyən sistemlər vasitəsilə təhlükə əvvəlcədən müəyyən edilərək yol müvəqqəti bağlana və sürücülər alternativ istiqamətlərə yönləndirilə bilər".
Ekspert qeyd edib ki, müntəzəm qar təmizləmə texnikasının hazır vəziyyətdə saxlanılması və fövqəladə hallara operativ reaksiya verən xidmətlərin gücləndirilməsi də bu sahədə vacib rol oynayır:
"Eyni zamanda, sürücülərin maarifləndirilməsi, riskli zonalarda xəbərdaredici nişanların və elektron tablolarda real vaxt məlumatlarının yerləşdirilməsi də təhlükəsizliyi artırır. Qar uçqunu nəticəsində yolun bağlanması hallarında isə alternativ tədbirlər kimi paralel marşrutların əvvəlcədən planlaşdırılması, ehtiyat yolların (məsələn, tunel və ya aşağı riskli keçidlər) istifadəyə verilməsi, nəqliyyatın mərhələli şəkildə buraxılması, müşayiət maşınlarının təşkili və zərurət olduqda müvəqqəti dayanacaqların yaradılması mühüm əhəmiyyət daşıyır.
Bundan başqa, strateji baxımdan belə ərazilərdə uzunmüddətli həll kimi tunellərin tikintisi ən etibarlı variantlardan hesab olunur, çünki bu, həm iqlim təsirlərini minimuma endirir, həm də ilboyu fasiləsiz və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edir".
Ayhan
13:20 07.04.2026
Oxunuş sayı: 49