Uşaqlar arasında bu virus yayılır - Valideynlər diqqətli olmalıdır
Son günlər mövsümi dəyişikliklərlə əlaqədar mədə-bağırsaq infeksiyaları arasında norovirus halları xüsusilə diqqət çəkir. Ən çox uşaqlar arasında yayılan bu virus sürətli yoluxma qabiliyyəti və qəfil başlayan simptomları ilə seçilir.
Belə ki, qusma, ishal və qarın ağrısı ilə müşayiət olunan infeksiyanın əsas təhlükəsi qısa müddətdə ciddi maye itkisinə səbəb olmasıdır.
Xüsusilə, azyaşlılarda bu hal tez bir zamanda ağırlaşa bildiyindən, valideynlər xəbərdaredici əlamətlərə qarşı diqqətli olmalıdırlar.
Həkim-pediatr Şəlalə Poluxova Crossmedia.az-a açıqlamasında vurğulayıb ki, norovirus yeni bir virus növü deyil, uzun illərdir bütün dünyada mövcud olan kəskin mədə-bağırsaq infeksiyalarının səbəblərindən sadəcə biridir:
"Aydın məsələdir ki, havalar qızır. Artıq payız-qış mövsümündə yuxarı tənəffüs yolu infeksiyaları – ümumiyyətlə, respirator, yəni virus infeksiyaları dediyimiz tənəffüs yolu infeksiyaları gündəmdədir.
Havaların qızması ilə bağlı mədə-bağırsaq infeksiyaları baş qaldırır, infeksiyalardan biri də norovirusdur. Bunu qorxulu bir virus kimi təqdim etmək düzgün deyil, sadəcə uzun müddətdir mövcud olan viruslardan biridir. Ola bilər ki, Türkiyədə lokal olaraq mövsümi dəyişikliklərlə bağlı daha geniş yayılıb.

Bu da digər virus infeksiyaları kimi, demək olar ki, oxşar gedişata malik olan və adətən öz-özünə keçib sağalan bir xəstəlikdir".
Həkim virusun ilkin əlamətlərini də qeyd edib:
"Burada qəfil başlayan qusma ilə başlayır, ishal olur, qarında ağrılar olur, bəzi hallarda yüksək hərarət müşahidə oluna bilər. Adətən 48 saata qədər inkubasiya dövrü olur, yəni gizli dövr: yoluxduqdan sonra bir-iki gün heç bir əlamət göstərmir.
Xəstə insanla təmasdan sonrakı bir-iki gün və əlamətlər başladıqdan sonra da hardasa bir-üç gün ortalama davam edir və öz-özünə sağalma ilə nəticələnir.
Birinci növbədə yoluxmamaq üçün valideynlər bilməlidir ki, əl gigiyenası çox önəmlidir. Belə ki, körpə yaşlarından əl gigiyenasına riayət edilməsini təşviq etmək və onlara öyrətmək lazımdır.
Eləcə də böyüklər üçün bilinməlidir ki, əl gigiyenası yoluxma riskini əhəmiyyətli dərəcədə azaldan amildir. Əlbəttə ki, bu viruslar infeksion, mövsümi xarakter daşıyır, xüsusən də kollektiv mühitlərdə – uşaq bağçalarında, məktəblərdə daha sürətlə yayılır. Bu gigiyena qaydalarına riayət etməklə riski azaltmaq mümkündür".
Müsahibin fikrincə, yoluxma zamanı xüsusən az yaşlı uşaqlarda çox diqqətli olmalıyıq:
"Əsas risk qısa müddət ərzində maye itkisi, dehidratasiya yaranmasıdır. Qusma fonunda, ishal fonunda bədəndən çox tez maye itkisi baş verir ki, bu, çox qorxulu ola bilər.
Bunu valideynlər necə bilə bilər?
Əgər uşaqlarda sidik ifrazına diqqət yetirsinlər: azalma varsa, ağızda quruluq varsa, uşaq çox halsız, letargikdirsə, maye və qida qəbulundan imtina edirsə və körpə yaşlı uşaqlarda göz yaşı olmursa – deməli, çox su itirilmişdir.
Bu hallarda diqqətlə yanaşmaq lazımdır. Uşağı evdə saxlamaq olmaz, təcili olaraq xəstəxanaya çatdırılmalı və tibbi yardım göstərilməlidir".
Ş.Poluxovanın sözlərinə görə, əgər uşağın vəziyyəti orta dərəcəlidirsə, yəni su itkisi orta səviyyədədirsə və uşaq çox pis deyilsə belə, ilkin vaxtlarda önəmli olan ağızdan rehidratasiya etməkdir, yəni uşağa mayelər verməkdir:
"Bunun üçün xüsusi oral rehidratasiya məhlulları var. Onlarla uşağın itirdiyi maye bərpa edilməyə çalışılır.
Yox, əgər bununla da alınmırsa, uşaqda qusmalar davam edirsə, ishal davam edirsə, bu halda təcili şəkildə həkimə müraciət olunmalıdır. Bu virus mənşəli infeksiyadır. Burada antibiotiklərin heç bir mənası yoxdur, istifadəsinə ehtiyac yoxdur, ümumiyyətlə faydası yoxdur. Müalicənin əsasını qusma və ishal nəticəsində itirilmiş mayenin bərpası və simptomatik dəstək təşkil edir.
Məsələn, qızdırma varsa, qızdırmasalıcılarla və ağızdan itirilmiş mayeni bərpa etməklə dəstək müalicəsi aparılır.
Hər mövsümdə olduğu kimi, havalar qızanda mədə-bağırsaq infeksiyaları baş qaldırır, artır. Bu mövsümdə də nəzarət altındadır və valideynlərə bildirmək istəyirəm ki, profilaktik tədbirlərə riayət etməklə, zəruri hallarda diqqətli olmaqla, dediyim əlamətlərə diqqət yetirsələr və həkimə vaxtında müraciət etsələr, heç bir fəsad olmadan, ağırlaşma olmadan sağalan bir prosesdir".
Fatimə
10:30 06.04.2026
Oxunuş sayı: 3968