30 illik təhlükə - minalardan təmizlənmə nə vaxt başa çatacaq?
Azərbaycanın mina problemi ilə üzləşən ölkələr sırasında ilk onluqda yer alması, xüsusilə işğaldan azad edilmiş ərazilərdə minaların və partlamamış hərbi sursatların geniş yayılması ilə birbaşa bağlıdır.
Bu vəziyyət həm insan təhlükəsizliyi, həm də bərpa-quruculuq prosesləri baxımından ciddi maneələr yaradır və problemin miqyasını daha da aydın göstərir.
Hazırda dövlət tərəfindən genişmiqyaslı minatəmizləmə işləri həyata keçirilsə də, prosesin uzunmüddətli və böyük maliyyə, texniki resurslar tələb etdiyi açıq şəkildə görünür.
Mövcud reallıq fonunda əsas suallar belədir: Azərbaycan bu siyahıdan ən tez hansı müddətdə çıxa bilər və minatəmizləmə prosesini sürətləndirmək üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı hərbi ekspert Rey Kərimoğlu Crossmedia.az-a açıqlama verib:

"Mina problemi olduqca mürəkkəb və çoxşaxəli bir məsələdir. Ümumiyyətlə, dünyada böyük dövlətlər mina təhlükəsi ilə üzləşən ölkələrə həm maddi, həm də texniki dəstək göstərirlər. Lakin burada söhbət kiçik məbləğlərdən deyil, milyardlarla dollar həcmində vəsaitdən gedir.
Təəssüf ki, Azərbaycana ayrılan vəsaitlər bu miqyasla müqayisədə çox cüzidir və bu da problemin həllini ləngidir. Bu sahədə görülən işlər böyük maliyyə tələb edir və Azərbaycan dövləti hazırda bu yükü əsasən öz imkanları hesabına qarşılayır.
Qarabağ bölgəsi minalarla son dərəcə ciddi şəkildə çirkləndirilib və bu, vəziyyəti daha da çətinləşdirir. Bununla belə, dövlətimizin səyi ilə ərazilər mərhələli şəkildə təmizlənir. Cənab Prezident də qeyd edib ki, bu prosesin tam başa çatması üçün təxminən 30 ilə yaxın vaxt tələb oluna bilər.
Mən də hesab edirəm ki, real yanaşma məhz bu istiqamətdədir. Mina və partlamamış hərbi sursatların tam təmizlənməsi uzunmüddətli və sistemli fəaliyyət tələb edir".
Ekspert əlavə edib ki, burada diqqət çəkən əsas məqamlardan biri də maliyyə tərəfidir:
"Məsələn, bir minanın istehsalı təxminən 3-5 dollara başa gəlirsə, onun zərərsizləşdirilməsi 50, 150, hətta bəzi hallarda 300 dollara qədər vəsait tələb edə bilər.
Bu rəqəmlər ölkədən-ölkəyə dəyişsə də, ümumi mənzərə ondan ibarətdir ki, minaların təmizlənməsi qat-qat daha bahalı və çətin prosesdir.
Bu səbəbdən də Azərbaycana bu sahədə daha ciddi beynəlxalq maliyyə dəstəyi göstərilməlidir. Yalnız bu halda proses sürətlənə və problem daha qısa müddətdə həll oluna bilər".
Ayhan
12:28 06.04.2026
Oxunuş sayı: 2708