Gizli düşmən - Minatəmizləmə prosesini çətinləşdirən amillər nədir?
İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması və məcburi köçkünlərin doğma yurdlarına qayıdışının sürətləndirilməsi baxımından humanitar minatəmizləmə əməliyyatları bu gün Azərbaycanın qarşısında duran ən mühüm prioritetlərdən biridir.
Bu istiqamətdə fəaliyyət göstərən Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən açıqlanan son aylıq hesabat isə problemin miqyasını bir daha açıq şəkildə ortaya qoyur.
Rəsmi məlumata görə, təkcə mart ayı ərzində azad olunmuş ərazilərdə 267 tank əleyhinə mina, 236 piyada əleyhinə mina və 4922 partlamamış hərbi sursatın aşkarlanaraq zərərsizləşdirilməsi bu sahədə görülən işlərin intensivliyini göstərməklə yanaşı, eyni zamanda mövcud təhlükənin hələ də nə qədər ciddi olduğunu nümayiş etdirir.
Bu rəqəmlər fonunda əsas suallar daha da aktuallaşır: aparılan işləri yetərincə sürətli hesab etmək olarmı? Mövcud resurslar və yanaşmalar bu prosesi daha da sürətləndirməyə imkan verirmi? Ümumiyyətlə, minatəmizləmə fəaliyyətlərinin effektivliyinin artırılması üçün hansı əlavə addımlar atılmalıdır?
Mövzu ilə bağlı hərbi ekspert Asif Quliyev Crossmedia.az-a açıqlama verib:
"Sözsüz ki, azad olunmuş ərazilərin qısa müddətdə mina və partlamamış hərbi sursatlardan təmizlənməsi hamımızın arzusudur. Biz istəyirik ki, həmin ərazilər tam şəkildə təmizlənsin və bütün sakinlər ora arxayın, əmin-amanlıqla gedib-gələ bilsinlər, sərbəst hərəkət etsinlər.

Amma reallıq ondan ibarətdir ki, bu gün mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərdə konkret olaraq nəyin harada yerləşdiyini müəyyən etmək ciddi problem olaraq qalır.
Yəqin ki, siz də bilirsiniz, mina xəritələri demək olar ki, yoxdur, dəqiq formulyar məlumatlar mövcud deyil və bu da prosesi xeyli çətinləşdirir. Bu vəziyyəti bəzən “qaranlıq otaqda qara pişik axtarmaq” məsəlinə bənzədirlər ki, doğrudan da mövcud şəraitə uyğun bir təsvir kimi görünür. Bununla belə, işlərin sürətləndirilməsi, əlbəttə ki, arzuolunandır.
Mənim bildiyimə görə, Azərbaycan hökuməti bu sahədə artıq müəyyən addımlar atır. Hazırda mina təmizləmə əməliyyatlarına ANAMA, Müdafiə Nazirliyi, Sərhəd Qoşunları, Fövqəladə Hallar Nazirliyi və Daxili Qoşunlar cəlb olunub".
Ekespert əlavə edib ki, digər qurumların da bu prosesə cəlb olunması istiqamətində addımlar atılır:
"Bildiyim qədər, qanunvericilikdə artıq dəyişikliklər edilib və özəl sektorun da mina təmizləmə əməliyyatlarında iştirak etməsi üçün hüquqi baza formalaşdırılıb.
Hesab edirəm ki, yaxın zamanda bu istiqamətdə daha konkret addımlar atılacaq və özəl sektorda fəaliyyət göstərən şəxslər də bu sahəyə maraq göstərərək prosesə qoşulacaqlar.
Təbii ki, bunun üçün müəyyən prosedurlardan keçmək vacibdir. İxtisaslı mütəxəssislərin hazırlanması, texniki və təhlükəsizlik tələblərinin təmin olunması və digər zəruri mərhələlərin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Bütün bu addımların nəticəsində güman edirəm ki, mina təmizləmə işləri daha da sürətlənəcək və biz nəhayət arzuladığımız kimi azad olunmuş torpaqlarda təhlükəsiz və firavan şəkildə yaşaya biləcəyik".
Ayhan
11:33 03.04.2026
Oxunuş sayı: 88