Pezeşkian danışdı: İran təslim olacaq?
İran prezidenti Məsud Pezeşkian Yaxın Şərqdə vəziyyətin normallaşması üçün əsas şərtin aqressiyanın dayandırılması olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"Vəziyyətin normallaşmasının yeganə yolu ABŞ və İsrailin aqressiyasının dayandırılmasıdır. Biz heç vaxt gərginlik və müharibə istəməmişik və müəyyən şərtlər, xüsusilə də aqressiyanın təkrarlanmayacağına dair zəmanətlər olduğu halda bu müharibəni bitirmək iradəsinə malikik”, – deyə Pezeşkian qeyd edib.
O əlavə edib ki, İranla ABŞ və İsrail arasında münaqişəyə hər hansı xarici müdaxilə təhlükəli nəticələrə səbəb ola bilər.
İran Prezidenti Məsud Pezeşkianın "müharibə istəmirik" bəyanatı Yaxın Şərqdəki gərginliyi azaltmağa hesablanmış diplomatik gediş kimi görünsə də, Tehranın daxili siyasi mənzərəsi daha dramatik proseslərdən xəbər verir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Natiq Miri bildirib ki, bu bəyanat hərbi zəiflik və ya gizli güzəşt siqnalı kimi qiymətləndirilməməlidir:

"Bu açıqlama hərbi resursların tükənməsi və yaxud hansısa güzəşt niyyəti ilə bağlı deyil. Buna ehtiyac da yoxdur. Çünki ortada ABŞ-nin konkret on beş maddəlik təklifləri var və bu çərçivədə artıq İran rəhbərliyinə müraciət olunub. Lakin rəsmi cavab hələlik yoxdur, yalnız dolayı danışıqlar və koordinasiya prosesi gedir".
İranın resurslarının azalması ilə bağlı məlumatların beynəlxalq kəşfiyyat orqanlarına məlum olduğunu bildirən politoloq qeyd edib ki, resursların tükənməsi ilə bağlı ayrıca etirafa ehtiyac yoxdur. "ABŞ və İsrail kəşfiyyatının bu barədə konkret məlumatları var və bu ehtiyatların saxlanıldığı obyektlər mütəmadi olaraq zərbələrə məruz qalır. Bu isə ehtiyatların tədricən azalmasına gətirib çıxarır",- deyə o vurğulayıb.
Politoloq Pezeşkianın real siyasi təsir imkanlarının da məhdud olduğunu vurğulayıb:
"Onun hansısa strateji qərarlarda həlledici rol oynadığını demək mümkün deyil. O, prezident kimi belə hökumət səviyyəsində istədiyi təyinatları həyata keçirə bilmir. Çünki bu proseslərə İnqilab Keşikçiləri Korpusu, yəni SEPAH nəzarət edir və imkan vermir. Hazırda İranda faktiki güc balansı mülki hakimiyyətin xeyrinə deyil. Bu gün İranda vəziyyət ondan ibarətdir ki, mülki institutlar faktiki olaraq təsirsiz vəziyyətdədir. İcraedici hakimiyyət real güc mərkəzi deyil. Nə ordusu, nə silahlı qüvvələr üzərində tam nəzarəti, nə də müstəqil qərarvermə imkanları var. Əsas güc hərbi strukturların, konkret olaraq Sepahın əlində cəmləşib".
N. Miri hesab edir ki, Pezeşkianın səsləndirdiyi fikirlər daha çox iqtisadi vəziyyətlə bağlı xəbərdarlıq xarakteri daşıyır:
"Bu açıqlama əslində İranın sülhə ehtiyacı olduğunu göstərmək məqsədi daşıyır. Eyni zamanda siyasi rəhbərliyin danışıqlara açıq olduğunu nümayiş etdirir. Çünki İran iqtisadiyyatı artıq ciddi böhran həddinə yaxınlaşıb. Maliyyə resurslarının böyük hissəsi hökumətin nəzarətindən çıxıb. Ölkədə sosial-iqtisadi vəziyyət də getdikcə ağırlaşır. Artıq müəllimlərin və dövlət sektorunda çalışanların maaşlarının ödənilməsi belə problemə çevrilib. Bu vəziyyət təkcə hökumətin deyil, hətta hərbi strukturların da imkanlarını məhdudlaşdırır".
Sonda politoloq vurğulayıb ki, Pezeşkianın mesajı güzəşt siqnalı deyil, daha çox daxili vəziyyətlə bağlı "həyəcan təbili" kimi qiymətləndirilməlidir:
"Bu bəyanat hansısa gizli güzəştin anonsu deyil. Əksinə, İran daxilində mülki institutların zəiflədiyini və iqtisadi durumun kritik həddə çatdığını göstərən siqnaldır. Pezeşkianın isə bu prosesləri dəyişdirmək üçün real təsir imkanları mövcud deyil".
Nigar Yahyazadə
14:37 01.04.2026
Oxunuş sayı: 52