Hörmüz boğazı kartı - Müharibə regiondan kənara çıxa bilərmi?
ABŞ və İsrailin İrana qarşı hərbi ritorikasının quru əməliyyatları müstəvisinə keçmə ehtimalı müharibənin coğrafi sərhədlərini genişləndirmək riskini artırır.
Rəsmi Vaşinqtonun Tehrana təzyiq etmək məqsədilə bir neçə strateji məntəqəni ələ keçirmək planları Tehranın ideoloji müttəfiqlərini səfərbər etməsi ilə nəticələnə bilər.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında siyasi şərhçi Pərviz Mirizadə bildirib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları davam etdikcə müharibənin coğrafiyasının genişlənməsi riski də artır.
Onun sözlərinə görə, xüsusilə enerji daşımaları baxımından kritik əhəmiyyət daşıyan Hörmüz boğazı ətrafında yaranmış qeyri-müəyyənlik vəziyyəti daha da gərginləşdirir:

"Enerji nəqlində strateji keçidlərdən hesab olunan Hörmüz boğazı istiqamətində vəziyyət kifayət qədər həssasdır. İranın bu boğaz üzərində mümkün bloklama addımları artıq dünya bazarında təlatümlü mənzərə formalaşdırıb.
Xüsusilə, enerji tələbatını körfəz ölkələrindən təmin edən dövlətlər üçün ciddi risklər yaranır. Mövcud gərginlik fonunda ABŞ tərəfindən İrana qarşı lokal quru əməliyyatlarının keçirilməsi ehtimalı da gündəmdədir. Bu baş verərsə, regionda uzunmüddətli xaosun yaranması mümkündür. Bu cür ssenaridə isə ABŞ-nin müəyyən strateji nöqtələri nəzarətə götürmək planları da istisna deyil.
Pentaqonun xüsusilə, Xarq adası kimi strateji məntəqələri ələ keçirməklə Tehrana təzyiq göstərmək planları ola bilər. Lakin məqsədin total müharibə olduğu düşünülmür".
Onun fikrincə, son dövrdə tətbiq edilən hərbi-siyasi ssenarilərin gözlənilən nəticəni verməməsi yeni riskləri də artırır:
"Son bir ayda müşahidə etdik ki, tətbiq edilən ssenarilərin bir çoxu uğurlu nəticə vermir. Bu baxımdan quru əməliyyatlarının başlanması da gözlənilən effekti verməyə bilər.
Belə halda İranın regiondakı təsir imkanları daha aktiv şəkildə işə düşə bilər. Rəsmi Tehran ideoloji baxımdan ona yaxın olan qüvvələri səfərbər edə bilər. Bu isə müharibənin coğrafiyasını genişləndirəcək və qarşıdurmanı daha da mürəkkəbləşdirəcək".
Bununla belə, siyasi şərhçi hazırkı mərhələdə "Üçüncü Dünya müharibəsi" ssenarisinin real görünmədiyini bildirib:
"Hazırda total miqyasda üçüncü dünya müharibəsinin başlaması ehtimalı yüksək deyil. Lakin biz böyük güclər arasında proksi və hibrid müharibə elementlərinin gücləndiyini açıq şəkildə müşahidə edirik. Beynəlxalq münasibətlər sistemində isə gərginlik maksimum səviyyəyə yaxınlaşır. İttifaqlar arasında rəqabət pik həddə çatıb və tərəflər hərbi potensiallarını mümkün genişmiqyaslı qarşıdurmalara uyğun şəkildə gücləndirirlər".
Ekspertin qənaətinə görə, mövcud vəziyyət qlobal müharibədən daha çox genişlənən regional qarşıdurmalar və enerji təhlükəsizliyi riskləri ilə xarakterizə olunur.
Nigar Yahyazadə
14:03 01.04.2026
Oxunuş sayı: 55