Davamlı əsnəmə hansı xəstəliklərin xəbərçisidir? - həkimdən xəbərdarlıq
Əsnəmə əksər hallarda yorğunluq və yuxusuzluqla əlaqələndirilsə də, bəzən bu sadə görünən hal orqanizmdə daha ciddi proseslərin getdiyini göstərə bilər.
Mütəxəssislərin fikrincə, xüsusilə nəzarətsiz və uzunmüddətli əsnəmə yalnız gündəlik yorğunluğun nəticəsi deyil, eyni zamanda nevroloji dəyişikliklərin ilkin siqnalı ola bilər.
Bu baxımdan, tez-tez təkrarlanan və istirahətlə aradan qalxmayan əsnəmə hallarına laqeyd yanaşmaq düzgün deyil. Belə əlamətlər bəzi hallarda insult və ya beyin infarktı kimi ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər və vaxtında tibbi müdaxilə tələb edir.
Crossmedia.az-a danışan həkim Şahvələd Məmmədov bildirib ki, əsnəmək əslində orqanizmanın müdafiə reaksiyasıdır, lakin həddindən artıq və davamlı əsnəmə artıq xəbərdarlıq siqnalı kimi qiymətləndirilməlidir:

“Gün ərzində və ya bir neçə gün ardıcıl şəkildə təkrarlanan əsnəmələr əsasən beyin qan dövranı ilə bağlı yaranan problemlərin göstəricisi ola bilər".
Həkimin sözlərinə görə, əsnəmə bəzən sadəcə yorğunluq və ya hipoksiya – yəni oksigen çatışmazlığı nəticəsində də meydana çıxa bilər:
“Zehni və fiziki yorğunluqdan sonra əsnəmək normal haldır. Amma bu hal intensiv xarakter alırsa və digər simptomlarla müşayiət olunursa, artıq vəziyyət ciddiləşir".
Ş.Məmmədov vurğulayıb ki, davamlı əsnəmə qulaqlarda səs-küy, arterial hipertenziya, baş ağrıları və ürəkbulanma kimi əlamətlərlə birlikdə müşahidə olunursa, bu, beyin infarktının ilkin əlamətlərindən biri ola bilər:
“Belə hallarda xəstə mütləq təcili müayinədən keçməlidir. Baş beynin yüksək səviyyədə yoxlanılması və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir".
Mütəxəssis əlavə edib ki, əvvəllər bəzi alimlər əsnəməni faydalı müdafiə reaksiyası kimi qiymətləndirsələr də, son tədqiqatlar bu məsələyə fərqli yanaşmanı ortaya qoyur:
“Müasir araşdırmalar göstərir ki, xüsusilə yaş artdıqca əsnəmə beyin qan dövranında yaranan problemlərlə əlaqəli ola bilər. Bu səbəbdən belə hallar diqqətlə araşdırılmalı, mümkün patologiyalar vaxtında aşkarlanaraq aradan qaldırılmalıdır".
Mehriban Yariyeva
10:57 31.03.2026
Oxunuş sayı: 69