İsrail ordusu tükənir: ABŞ geri çəkiləcək?
İsrail Müdafiə Qüvvələrinin yaxın gələcəkdə ciddi şəxsi heyət çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıqlar hərbi ekspertlər arasında geniş müzakirələrə yol açıb. Qəzzada davam edən əməliyyatlar, Livanla sərhəddə "Hizbullah"a qarşı açılan aktiv cəbhə və İranla artan birbaşa gərginlik fonunda Təl-Əvivin hərbi resurslarının "yorulması" artıq gizli məlumat olmaqdan çıxıb. Şəxsi heyətin həddindən artıq yüklənməsi və sursat ehtiyatlarının azalması İsrailin eyni vaxtda bir neçə istiqamətdə quru əməliyyatları aparmaq imkanlarını sual altına qoyur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib ki, bu tip məlumatların mətbuatda yer alması müəyyən mənada təəccüb doğursa da, müharibə aparan ölkə üçün şəxsi heyət çatışmazlığı kimi məsələlərin gizli saxlanılan informasiya olduğunu və bunun hərbi reallıqlarla bağlı əsaslara söykəndiyini göstərir.

Onun sözlərinə görə, İsrailin hazırkı hərbi fəaliyyəti bir neçə istiqamətdə eyni vaxtda davam etdiyi üçün bu vəziyyətin yaranması gözlənilməz deyil:
"İsrail artıq bir neçə ildir demək olar ki, fasiləsiz münaqişələrdə iştirak edir. Qəzza zolağında əməliyyatlar, Livanda Hizbullahla gərginlik, İran fonunda qarşıdurmalar və eyni zamanda Suriya istiqamətində mövcud hərbi fəaliyyətlər kiçik bir dövlət üçün ciddi yük yaradır. Təbii ki, belə şəraitdə şəxsi heyətin artırılmasına və daha geniş cəlbinə ehtiyac yaranır".
O, qeyd edib ki, İsrailin həyata keçirdiyi əməliyyatlar yalnız quru deyil, əsasən hava zərbələri və uzaqmənzilli əməliyyatlarla da müşayiət olunur: "Bu da həm insan resurslarına, həm də silah-sursata ciddi təsir göstərir. İndiyə qədər İsrailin Qəzza, Livan və İran istiqamətində həyata keçirdiyi hava zərbələri, eyni zamanda uzaqmənzilli raketlərin istifadəsi ölkənin döyüş sursatına təsirsiz ötüşmür. ABŞ İsrailə dəstək versə də, özü də paralel olaraq Ukrayna və digər regionlar üzrə böyük hərbi öhdəliklər daşıyır".
Ş. Ramaldanov əlavə edib ki, son illərdə qlobal hərbi sənaye kompleksi həddindən artıq yükləndiyi üçün xüsusilə bahalı və yüksək texnoloji silah sistemlərinin istifadəsində müəyyən məhdudiyyətlər yarana bilər:
"ABŞ və Avropanın eyni anda bir neçə münaqişəyə resurs yönəltməsi hərbi sənaye sisteminə ciddi yük yaradıb. Bu səbəbdən uzaqmənzilli və yüksək dəqiqlikli raket sistemlərinin istifadəsi müəyyən hallarda məhdudlaşdırıla bilər. İsrail hazırda həm hücum, həm də müdafiə əməliyyatlarını paralel şəkildə aparır və bu, xüsusilə hava hücumundan müdafiə sistemlərinə əlavə təzyiq yaradır. İran tərəfindən atılan raket hücumlarının qarşısının alınması İsrailin Hava Hücumundan Müdafiə sistemlərini maksimal səviyyədə yükləyir. Bu sistemlər intensiv istifadə olunduqca ehtiyatlar da azalır".
Müsahibimiz bildirib ki, münaqişələrin uzun müddət davam etməsi həm hərbi personal, həm də cəmiyyət üzərində ciddi psixoloji və sosial təsirlər yaradır: "İsrail kiçik bir dövlətdir və nə qədər güclü hərbi potensiala malik olsa da, bir neçə cəbhədə eyni anda aktiv müharibə aparmaq onun resurslarını tükədir. Eyni zamanda cəmiyyət də bu münaqişələrdən yorulmağa başlayır və bu, şəxsi heyətin cəlbinə təsir edən amillərdəndir. Mövcud vəziyyət davam edərsə, İsrailin əlavə şəxsi heyət cəlbinə ehtiyacı artacaq və hətta bəzi ssenarilərdə müttəfiqlərlə daha genişmiqyaslı koordinasiyalı əməliyyatlar da gündəmə gələ bilər. Əgər münaqişələr bu formada davam edərsə, əlavə şəxsi heyətin cəlb olunması qaçılmazdır. Eyni zamanda ABŞ ilə koordinasiyada daha geniş əməliyyatların aparılması ehtimalı da istisna edilmir".
Nigar Yahyazadə
10:53 30.03.2026
Oxunuş sayı: 142