ABŞ-İran gərginliyində gizli oyunlar - 10 günlük fasilənin arxasında nə dayanır?
ABŞ Prezidenti Donald Trampın İranın enerji infrastrukturuna yönəlmiş hərbi təzyiqləri 10 gün müddətinə təxirə salması müraciəti ilə zərbələri dayandırdığını elan etməsi Yaxın Şərqdəki gərginliyi müvəqqəti olaraq danışıqlar masasına daşıyıb.
Tehranın "fasilə" müraciəti bəziləri tərəfindən geri çəkilmə kimi qiymətləndirilsə də, prosesin pərdəarxasında daha mürəkkəb siyasi oyunların dayandığı istisna edilmir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, bu qərar sırf humanitar və ya texniki fasilə deyil, daha çox tərəflərin mövqelərini yenidən dəyərləndirməsi üçün taktiki "pəncərə" rolunu oynayır:
"İranın bu cür müraciəti həm mövcud hərbi təzyiqin nəticəsi, həm də uzun illərdir formalaşmış diplomatik strategiyanın tərkib hissəsidir.

İran tez-tez vaxt qazanmaq və danışıqlara məcbur etmək taktikasından istifadə edir. Təzyiq altında geri çəkilmək əvəzinə, bu vəziyyəti diplomatik üstünlüyə çevirməyə çalışır".
Ekspert qeyd edib ki, ABŞ-nin "danışıqlar çox yaxşı gedir" kimi açıqlamaları daha çox siyasi və psixoloji mesaj xarakteri daşıyır və konkret razılaşmanın əldə olunduğunu ifadə etmir.
Onun sözlərinə görə, rəsmi Vaşinqton bu cür ritorika ilə həm qarşı tərəfə təzyiqi artırır, həm də beynəlxalq ictimaiyyətə prosesin nəzarət altında olduğu görüntüsünü verir.
V. Zifəroğlu mümkün nəticələrə dair bir neçə ssenarinin real olduğunu bildirib.
"Ən real variantlardan biri məhdud atəşkəs mexanizminin formalaşmasıdır ki, bu da qarşılıqlı zərbələrin azalmasına gətirib çıxara bilər.
Digər ehtimal isə İranın nüvə proqramı ətrafında aralıq razılaşmadır. Bu halda Tehran müəyyən texniki məhdudiyyətlərə gedə, əvəzində isə sanksiyaların qismən yumşaldılmasına nail ola bilər. Prosesdə beynəlxalq nüvə nəzarət qurumlarının, xüsusilə də, Beynəlxalq Atom Enerjisi Agentliyinin rolu arta bilər",- deyə o bildirib.
Ekspert əlavə edib ki, daha geniş regional təhlükəsizlik razılaşması da istisna edilmir və bu kontekstdə İsrail faktoru xüsusi əhəmiyyət daşıyır:
"Ümumilikdə isə hazırkı vəziyyət göstərir ki, tərəflər nə tammiqyaslı müharibəyə getmək, nə də dərhal hərtərəfli sülhə nail olmaq niyyətindədir.
ABŞ hərbi təzyiqlə İranı danışıqlara yaxınlaşdırmağa çalışır, Tehran isə vaxt qazanaraq daha əlverişli mövqe əldə etməyə çalışır".
Nigar Yahyazadə
15:23 28.03.2026
Oxunuş sayı: 590