Vaxt uzadılır, münaqişə bitmir - bölgədə nə baş verir?
Yaxın Şərqdə artan hərbi gərginlik fonunda regionda təhlükəsizlik mühiti daha da mürəkkəbləşir və tərəflər arasında qarşıdurmanın genişlənməsi ehtimalı güclənir.
Diplomatik təmasların davam etməsinə baxmayaraq, hərbi əməliyyatların paralel şəkildə aparılması münaqişənin yaxın perspektivdə sülh yolu ilə həllini çətinləşdirir.
Baş verən hadisələr təkcə regional deyil, eyni zamanda qlobal təhlükəsizlik və iqtisadi sabitlik üçün də ciddi risklər yaradır. Böyük dövlətlərin birbaşa və dolayı şəkildə münaqişəyə cəlb olunması, eləcə də qarşılıqlı hərbi addımların intensivləşməsi vəziyyətin daha genişmiqyaslı böhrana çevrilə biləcəyini göstərir.
Məsələ ilə bağlı siyasi şərhçi Turab Rzayev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Hazırkı mərhələdə münaqişənin yaxın zamanda başa çatacağına dair hər hansı real əsasın mövcud olmadığını düşünürəm. Bunun başlıca səbəbi ondan ibarətdir ki, faktiki olaraq, bir tərəfdən ABŞ münaqişəni müəyyən formada sonlandırmaq niyyətini ifadə etsə də, bu istiqamətdə konkret və işlək həll planı ortaya qoymur.
ABŞ-ın əsas tələbləri İrandan ballistik raket və nüvə proqramlarından imtina etməsi, regional proksi qüvvələrə maliyyə dəstəyini dayandırması, həmçinin ABŞ və İsraillə əməkdaşlığa başlaması ilə bağlıdır. Lakin bu tələblərin qarşılığında İrana təqdim edilə biləcək adekvat və cəlbedici şərtlər müşahidə olunmur.
Diqqətçəkən məqamlardan biri də ABŞ-ın İrana təqdim etdiyi vaxt çərçivəsinin davamlı şəkildə dəyişdirilməsidir. Belə ki, ilkin olaraq 48 saatlıq müddət elan edilmiş, daha sonra bu müddət 5 günə, hazırda isə 10 günə qədər uzadılmışdır. Eyni zamanda, bu müddət ərzində tələblərin yerinə yetirilməyəcəyi təqdirdə İranın elektrik sistemlərinə və enerji infrastrukturuna zərbələr endiriləcəyi ilə bağlı bəyanatlar səsləndirilir.
Belə ziddiyyətli yanaşma onu göstərir ki, ortada nə real danışıqlar prosesi, nə də münaqişədən çıxışa dair aydın və konkret konsepsiya mövcuddur.
Bir tərəfdən ABŞ sülhə meyilli mövqe nümayiş etdirir, digər tərəfdən isə daha sərt hərbi addımlar atacağını bəyan edir, ardınca isə yenidən danışıqlar üçün vaxtın uzadılmasını gündəmə gətirir.
Bütün bunlar bir daha təsdiq edir ki, hazırkı şəraitdə ABŞ-ın nə münaqişəni effektiv şəkildə davam etdirmək, nə də onu real və dayanıqlı şəkildə sonlandırmaq üçün konkret və formalaşmış strategiyası mövcuddur. Nəticə etibarilə, bu qeyri-müəyyənlik münaqişənin uzanmasının əsas səbəblərindən biri kimi çıxış edir".
Elmir Heydərli
11:30 28.03.2026
Oxunuş sayı: 57