Fast Fooddan niyə uzaqlaşa bilmirik? – ekspert asılılıq yaradan sirri açıqladı
Fast food məhsullarına xüsusi maddələr qatılır ki, insan yedikcə yenə yemək istəyir. Şəkər, duz və yağın “ideal kombinasiyası” beynin mükafat sistemini yandırır və içindəki dopamin partlayışı insanın “daha çox yemək istəyi”ni artırır.
Həmçinin dad artırıcılar, süni ətir və xırt-xırt tekstura qida təcrübəsini tamamilə çəkici edir – yemək bir növ dayandırıla bilməyən zövq halına gəlir.
Ekspertlər xəbərdarlıq edir ki, bu cür qidalar yalnız asılılıq yaratmır, həm də artıq çəki, xroniki xəstəliklər və hətta xərçəng riskini artırır. Sağlam qidalanmaq isə hər kəs üçün vacibdir.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan qida eksperti Fərid Səfərov deyib ki, insanların fast food qidalardan asılı olması tək bir maddə ilə bağlı deyil. Bu, daha çox dad, kimyəvi tərkib və beynin mükafat sistemi ilə əlaqəli kompleks təsirdir:

“Fast foodlarda adətən yüksək şəkər, çox duz, bol yağ – xüsusilə doymuş və trans yağlar bir arada olur. Bu kombinasiya beynin dopamin ifrazını artırır. Nəticədə insan həmin dadı yenidən hiss etmək istəyir, yəni bir növ "öyrədilmiş istək" yaranır.
Fast food məhsullarında mononatrium qlutamat (MSG), süni ətirləndiricilər və dad gücləndiricilər istifadə olunur. Bunlar qidanın dadını normaldan daha cəlbedici edir və insanın daha çox yeməsinə səbəb olur".
Ekspert əlavə edib ki, xırt-xırt kartof, yumşaq bulkalar, şirəli ət – bunların hamısı təsadüfi deyil:
"Qidanın xırtıldayan, yumşaq, ağızda tez əriyən olması xüsusi dizayn edilir ki, beyin bunu "mükəmməl qida" kimi qəbul etsin. Fast foodlarda lif az olur. Bu isə, tez acmağa, daha tez-tez yemək istəməyə səbəb olur. Yəni doyma hissi uzun çəkmir. Reklamlar, rahat əlçatanlıq və sürətli servis də bu asılılıq hissini gücləndirir. Bu cür qidalardan asılılıq və uzunmüddətli qəbul təkcə asılılıq yaratmır, eyni zamanda artıq çəki, xroniki xəstəliklər və hətta xərçəng riskini artırır”.
Fatimə
10:04 28.03.2026
Oxunuş sayı: 59