Epilepsiya ilə bağlı mifləri yıxın – bu gün “Bənövşəyi gün”dür
Bu gün, 26 mart epilepsiya xəstələri üçün xüsusi gün – “Purple Day” (“Bənövşəyi Gün”) qeyd olunur.
Bu tarix dünya miqyasında epilepsiya haqqında məlumatlılığı artırmaq, xəstəliklə bağlı yanlış təsəvvürləri aradan qaldırmaq və epilepsiya ilə yaşayan insanlara dəstək göstərmək məqsədi ilə keçirilir.
Bənövşəyi gün ideyası 2008-ci ildə Kanadada yaşayan 9 yaşlı Cassidy Megan tərəfindən irəli sürülüb. Cassidy epilepsiya ilə yaşadığı çətinlikləri və ətrafındakı insanların xəstəliyi düzgün başa düşməməsini görərək, daha çox insanın epilepsiya haqqında məlumatlı olmasını arzulayıb. Nəticədə martın 26‑sı bu xəstəliyə dair ictimai məlumatlılıq və həmrəylik günü kimi seçilib.
Dünyada milyonlarla insan epilepsiya ilə yaşayır. Bu xəstəlik mərkəzi sinir sisteminə təsir edir və təkrar tutmalarla özünü göstərir. Martın 26‑sı müxtəlif ölkələrdə bənövşəyi rəngli geyimlərlə, ictimai toplantılar və sosial şəbəkələrdə maarifləndirmə kampaniyaları ilə qeyd olunur.
Məqsəd – epilepsiya ilə bağlı mifləri aradan qaldırmaq, ictimai stereotipləri yıxmaq və xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaqdır.
Epilepsiya ilə yaşamaq mümkün olsa da, düzgün diaqnoz, müalicə və ictimai dəstək xəstələrin həyatını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər.
Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov epilepsiya xəstəliyi barədə Crossmedia.az-a danışıb.

Onun sözlərinə görə, epilepsiya daha çox uşaqlarda rast gəlinən və uşaq dövrlərindən baş verən xəstəlikdir. Bu adətən, beyində yaranan bir sıra patoloji proseslərlə bağlıdır. Buraya infeksion proseslər, doğuş travmaları, beyində yaranan şiş, genetik faktorlar aiddir.
İnsanlar vaxtında həkimə müraciət etsələr tam sağala bilərlər. Təbiidir ki, bunun üçün ilk növbədə doğru həkim seçməliyik”.
F.Museyibov ictimai yerlərdə qıcolma tutması keçirən insanlara yardım barədə də tövsiyələr verib:
“İnsanlar epilepsiya xəstəliyindən çox qorxurlar. Bəzən yolda, avtobusda, metroda yanımızda olub, qıcolmaları tutan bir insan olduqda sakitcə yerə uzatmaq lazımdır. Çox zaman ilk yardım dedikdə xəstənin ağzına qaşıq yaxud çəngəl salırlar. Lakin, onlar qətiyyən olmaz. Sadəcə olaraq, xəstənin köynəyinin yaxasını açmaq, sakitcə kömək etmək lazımdır”.
Həkim vurğulayıb ki, epilepsiyanın diaqnozu əsasən MRT və ya exoensefaloqrafiya ilə qoyulur.
Fatimə
14:04 26.03.2026
Oxunuş sayı: 209