Yeni epidemiya təhlükəsi? - dünya H9N2 virusu ilə üz-üzə
Avropada ilk dəfə olaraq insanın H9N2 quş qripi virusuna yoluxması faktının qeydə alınması səhiyyə sahəsində diqqət mərkəzinə çevrilib.
İtaliyanın Lombardiya bölgəsində baş verən bu hadisə, xüsusilə zoonoz xəstəliklərin yayılma riski və qlobal epidemioloji təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.
Mütəxəssislər bildirirlər ki, bu cür virusların coğrafi sərhədləri aşaraq yeni ərazilərdə aşkarlanması beynəlxalq səhiyyə sistemlərinin daim hazırlıqlı olmasını zəruri edir.
Bununla yanaşı, ilkin məlumatlara əsasən virusun insandan insana ötürülmə qabiliyyətinin olmaması və xəstəliyin yüngül formada keçməsi müəyyən qədər narahatlığı azaldır.
Lakin buna baxmayaraq, xüsusilə zəif immun sistemi və yanaşı xəstəlikləri olan şəxslər üçün risk faktorları diqqətdə saxlanılır.
Hadisə bir daha göstərir ki, heyvan mənşəli infeksiyalarla təmas və gigiyenik qaydalara riayət olunması qlobal sağlamlıq üçün mühüm şərtlərdən biridir.
Məsələ ilə bağlı tibb üzrə fəlsəfə doktoru, həkim Fərid Museyibov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Ümumiyyətlə, qeyd etmək istərdim ki, yalnız sizin vurğuladığınız H9N2 quş qripi deyil, ümumilikdə adi qrip xəstəliyi də cəmiyyət tərəfindən bəzən kifayət qədər ciddi qəbul edilmir.
Halbuki, hər il dünyada milyonlarla insan qrip və onun fəsadları səbəbindən həyatını itirir. Bu fakt göstərir ki, qrip zahirən sadə görünsə də, əslində olduqca təhlükəli virus infeksiyasıdır.
Bu baxımdan, istər H9N2 quş qripi, istərsə də digər qrip növləri ilə bağlı ən vacib məsələ gigiyena qaydalarına ciddi riayət olunmasıdır.
Məlum olduğu kimi, qrip əsasən hava-damcı yolu ilə insandan insana keçən yoluxucu xəstəlikdir.
H9N2 quş qripinə gəldikdə isə, bu infeksiya əsasən xəstə heyvanlardan insanlara ötürülür və adətən insandan insana keçmə halları çox nadir müşahidə olunur.
Bu səbəbdən, belə hallarda yoluxmanın qarşısını almaq üçün xüsusilə xəstə və ya yoluxmuş heyvanlarla təmasdan uzaq durmaq tövsiyə edilir.
Müalicə baxımından isə, adi qripdə olduğu kimi, ilk növbədə bol maye qəbul edilməsi vacibdir. Bədən temperaturu yüksəldikdə, temperatur salıcı vasitələrdən istifadə oluna bilər.
Əgər xəstəlik ağırlaşarsa, xüsusilə ağciyərlərlə bağlı problemlər yaranarsa, mütləq şəkildə xəstəxana şəraitində, həkim-infeksionistin nəzarəti altında müalicə aparılmalıdır.
Nəticə etibarilə, bu tip zoonoz infeksiyalardan qorunmaq üçün gigiyena qaydalarına riayət etmək və yoluxmuş heyvanlarla təmasdan çəkinmək ən effektiv profilaktik tədbirlər hesab olunur".
Elmir Heydərli
10:57 26.03.2026
Oxunuş sayı: 72