Hörmüz düyünü: dünya yeni böhrana sürüklənir?
İran rəsmiləri ABŞ ilə atəşkəs və danışıqlarla bağlı hər hansı təşəbbüsün irəli sürüldüyü barədə yayılan iddiaları təkzib ediblər.
Bu barədə ölkə parlamentinin Milli təhlükəsizlik komitəsinin üzvü Yaqub Rzazadə açıqlama verərək bildirib ki, nə diplomatik korpus, nə hökumət, nə də silahlı qüvvələr tərəfindən müharibənin dayandırılması və ya danışıqlara başlanması istiqamətində rəsmi təklif təqdim olunmayıb.
Bu bəyanat Yaxın Şərq regionunda gərginliyin pik həddə çatdığı bir vaxtda səsləndirilib. ABŞ və İsrail tərəfindən İran ərazisinə endirilən hava zərbələri, ardınca İranın cavab hücumları regionda təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirib.
Qarşılıqlı hərbi əməliyyatlar fonunda diplomatik həll imkanlarının qeyri-müəyyən qalması vəziyyətin gələcək inkişafını daha da çətinləşdirir.
Məsələ ilə bağlı politoloq Pərviz Mirizadə Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"İrana qarşı dörd həftədir davam edən hərbi əməliyyatların mənfi təsirləri artıq regional müstəvini aşaraq qlobal arenaya transformasiya olunmaqdadır.
Hörmüz boğazı ətrafında yaranmış qeyri-müəyyən situasiya iqtisadi riskləri ön plana çəkdiyi üçün tərəflər arasında danışıqlar və müxtəlif ölkələrin vasitəçilik rolları gündəmə gətirilir.
Yəni, istər Birləşmiş Ştatların irəli sürdüyü 15 maddəlik şərtlər, istərsə də İranın ABŞ qarşısında şərtləri hesab edirəm ki, tərəflərin qarşı-qarşıya qaldıqları reallıqlardan qaynaqlanır.
Düzdür hal hazırda proseslə əlaqədar kifayət qədər informasiya kirliliyi hökm sürür. Yəni, Vaşinqton Tehranla razılağa gəldiklərini qeyd edir, lakin İran rəsmiləri bunu təkzib edir. Bu isə hərbi əməliyyatların gələcəyi ilə bağlı praqnozlaşdırmanı çətinləşdirir. Ancaq müşahidə olunan iqtisadi dinamizm hesab edirəm ki, bir müddət sonra tərəfləri konsensusa gəlməyə vadar edəcək. Çünki bundan hər kəs ciddi zərər görür.
Hal hazırda real mənzərə belədir. İran Hörmüz boğazını bağlamaqla bir növ enerji bazarında böhran yaradaraq, ABŞ-a hərbi əməliyyatları dayandırmaq üçün təzyiqlərin artmasını hədəfləyir. Lakin paralel olaraq özü də bu məsələdən ciddi əziyyət çəkir. İstər neft, istərsə də qeyri - neft məhsullarının idxalında, ixracında çətinliklər yaşayır.
Eyni zamanda, ABŞ-da artan enerji qiymətləri fonunda Donald Tramp və administrasiyasının nüfuzu aşağı düşür. Qarşıdan gələn seçkiləri nəzərə alsaq situasiya Respublikaçılar üçün risklər yaradır.
Lakin, proseslər hələ istidir. İran zərbələr alsa da, müqavimət göstərir və elita arasında qisas hissi indi daha yüksəkdir. Buna görə də, yaxın bir neçə gün ərzində hər hansı bir uzunmüddətli razılaşmanın olacağını düşünmürəm".
Elmir Heydərli
10:44 26.03.2026
Oxunuş sayı: 134