İranın resursları tükənir: Üçüncü ölkələr vasitəsilə təmaslara başlaya bilər
Yaxın Şərqdə alovlanan hərbi münaqişələrin fonunda ABŞ və İran arasında mümkün atəşkəs danışıqları ilə bağlı gözləntilər yerini skeptik yanaşmalara qoyur. Vaşinqtonun müharibəni dayandırmaq üçün müxtəlif yollar axtarmasına baxmayaraq, Tehranın dialoqa ehtiyatlı və qeyri-müəyyən münasibəti regionda hərbi əməliyyatların daha da genişlənməsi riskini artırır.
Xüsusilə son günlərdə tərəflərin qarşılıqlı raket zərbələri endirməsi və hərbi hədəflərin vurulması diplomatik təmasların qurulmasını çətinləşdirən əsas amil kimi çıxış edir ki, bu da tərəflər arasında yaranmış dərin inamsızlıq və hərbi resursların tükənmə təhlükəsi fonunda danışıqların uğursuzluğu, regionda təhlükəsizlik mühitini daha da qeyri-sabit hala gətirə bilər.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, danışıqların başlanması üçün hər iki tərəfin siyasi iradəsi vacibdir:

"ABŞ danışıqlara başlamaqda maraqlıdır. Lakin İran tərəfdən bu istiqamətdə qəti mövqe yoxdur. Yəni birmənalı şəkildə danışıqlara razılıq verilib-verilmədiyi bəlli deyil. İran hesab edir ki, əvvəlki danışıqlar fonunda belə müharibə baş verib və buna görə ABŞ-a etimad zəifdir".
Politoloq qeyd edib ki, hazırda müxtəlif diplomatik təkliflər gündəmdə olsa da, hərbi əməliyyatların davam etməsi danışıqlar ehtimalını azaldır:
"Danışıqlar müzakirə olunduğu bir vaxtda belə müharibə davam edir. Bu gün də İran ərazisində bombardmanlar baş verdi, eyni zamanda İran tərəfi də İsrailə zərbələr endirdi. Belə bir şəraitdə yaxın zamanda danışıqların başlanacağı inandırıcı görünmür".
Onun fikrincə, ABŞ hərbi əməliyyatları dayandırmaq üçün yollar axtarsa da, strateji məqsədlərinə tam nail ola bilməyib:
"ABŞ müəyyən hərbi üstünlüklər əldə etsə də, əsas məqsəd – İranda rejim dəyişikliyi baş verməyib. Bu da münaqişənin davam etməsinə səbəb olur".
İranın resurslarının tədricən azalması fonunda gələcəkdə diplomatik həll yollarına marağın arta biləcəyini vurğulayan E. Şahinoğlu bildirib ki, İran hakimiyyəti resursların tükənmək üzrə olduğunu anlayır və bu səbəbdən yaxın günlərdə üçüncü ölkələrin vasitəçiliyi ilə müəyyən təmasların başlama ehtimalı istisna edilmir.
Nigar Yahyazadə
14:13 25.03.2026
Oxunuş sayı: 58