Qoltuqaltında düyünlər niyə yaranır, müalicəsi nədir? - Həkim danışdı
Müasir dövrdə şəxsi gigiyena vasitələrinin geniş yayılması insanların gündəlik həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırmışdır. Xüsusilə tərləmənin qarşısını almağa yönəlmiş məhsulların istifadəsi həm komfort, həm də sosial baxımdan mühüm rol oynayır. Lakin bu vasitələrdən düzgün istifadə edilmədikdə, bəzi arzuolunmaz dəri problemləri ilə qarşılaşmaq mümkündür.
Son zamanlar qoltuqaltı nahiyədə yaranan xırda düyünlər və iltihabi hallar daha çox müzakirə olunan məsələlərdən biridir. Bu problemlərin yaranma səbəbləri, qarşısının alınması və düzgün yanaşma üsulları barədə məlumatlı olmaq həm sağlamlığın qorunması, həm də mümkün fəsadların vaxtında aradan qaldırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
— Qoltuqaltında yaranan balaca düyünlər nədən qaynaqlanır?
— Qoltuqaltında yaranan kiçik düyünlər əksər hallarda tər vəzilərinin iltihabı ilə əlaqədardır. Bu vəziyyət çox vaxt antiperspirantların düzgün istifadə olunmaması nəticəsində tər yollarının tutulması və həmin nahiyədə mikroorqanizmlərin çoxalması ilə bağlı olur. Nəticədə hidroadenit adlanan iltihabi proses formalaşır.
— Bu problemdən necə qorunmaq olar?
— Qorunmaq üçün ilk növbədə şəxsi gigiyenaya ciddi riayət olunmalıdır. Qoltuqaltı nahiyə hər gün sabunla yuyulmalı və tam qurudulmalıdır. Antiperspirant seçərkən isə keyfiyyətli və etibarlı məhsullara üstünlük verilməlidir. Bundan əlavə, bu vasitələr təmiz və quru dəriyə tətbiq olunmalıdır.
— Antiperspirantlardan düzgün istifadə qaydaları hansılardır?
— Antiperspirantlar gündəlik olaraq, lakin düzgün qaydada istifadə edilməlidir. Əvvəlcə qoltuqaltı yuyulmalı, sonra yaxşıca qurudulmalıdır. Lazım gəldikdə fen vasitəsilə qurudulma aparıla bilər. Bundan sonra, xüsusilə səhər saatlarında məhsul tətbiq oluna bilər. Üst-üstə və gigiyenik qaydalara əməl etmədən istifadə etmək tövsiyə olunmur.
— Əgər belə düyünlər artıq yaranıbsa, qarşısını necə almaq olar?
— Əgər qoltuqaltında düyünlər yaranıbsa, ilk növbədə həmin nahiyənin təmiz saxlanması vacibdir. Antiperspirant istifadəsi müvəqqəti dayandırılmalı və vəziyyət izlənilməlidir. İltihabın artması, ağrı və ya irinləmə hallarında mütləq həkimə müraciət edilməlidir. Bəzi hallarda tibbi müdaxilə, o cümlədən cərrahi açılma tələb oluna bilər.
Elmir Heydərli
12:35 25.03.2026
Oxunuş sayı: 52