Gecə növbəsində işləyənlər qidalanmada buna diqqət etməlidirlər
Gecə növbəsində işləyən insanların sağlamlığı bəzən risk altında olur. Azərbaycanda tez-tez belə hallar müşahidə olunur ki, gecə növbəsində çalışan şəxslər iş rejiminə uyğun olaraq qidalanmanı da gecə saatlarına keçirirlər. Uzun müddət oyaq qalmaq, enerji ehtiyacının artması və aclıq hissi onları gecə saatlarında yemək yeməyə vadar edir.
Lakin gecə saatlarında qida qəbulunun artması orqanizmin bioloji ritminə uyğun gəlmir. Bu zaman maddələr mübadiləsi daha zəif işləyir, qəbul edilən qidalar daha çətin həzm olunur və bu da zamanla artıq çəki, həzm problemləri, mədə-bağırsaq pozuntuları və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Bundan əlavə, gecə saatlarında qeyri-düzgün qidalanma yuxu rejiminin pozulmasına, yorğunluğun artmasına və ümumi iş qabiliyyətinin azalmasına gətirib çıxarır. Bu səbəbdən mütəxəssislər gecə növbəsində çalışan şəxslərə qidalanmanı mümkün qədər balanslı saxlamağı, ağır və yağlı yeməklərdən uzaq durmağı, daha çox maye qəbul etməyi və gün ərzində yuxu rejimini düzgün tənzimləməyi tövsiyə edirlər.
Bu barədə Crossmedia.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla gecə növbəsinin iki cür olduğunu qeyd edib:

"Gecə növbəsi iki cür olur: daimi olaraq və mütəmadi (həm gecə, həm də gündüz) işləyənlər. Mütəmadi gecə növbəsində çalışanlar axşam saatlarında, təxminən 22:00-a qədər qidalanmalı, daha sonra isə işin gedişi boyu maye qəbul etməlidirlər. Səhərlər isə səhər yeməyini yeyib müəyyən qədər yatmalı və yuxu rejimini bərpa etməlidirlər.
Çalışmaq lazımdır ki, gecə saatlarında çox qida qəbul edilməsin. Bu, istənilən situasiyaya aiddir. Həmçinin Ramazan ayında insanlar iftardan sonra qidaya çox yer verirlər ki, bu da yolverilməzdir.
Gecə işləyən şəxslər oyaq qaldıqları üçün çay içə bilərlər. Çayın yanında isə çərəz və s. istifadə edə bilərlər".
Fatimə
10:33 25.03.2026
Oxunuş sayı: 56