24 mart: Ümumdunya Vərəmlə Mübarizə günüdür
Hər il martın 24-ü dünyada Ümumdünya Vərəmlə Mübarizə Günü kimi qeyd olunur. Belə ki, bu tarix Robert Koç tərəfindən 1882-ci ildə vərəm törədicisinin kəşf edildiyi günlə bağlıdır və əsas məqsəd cəmiyyətdə bu xəstəliklə bağlı məlumatlılığı artırmaqdır. Vərəm əsasən ağciyərləri zədələyən yoluxucu xəstəlik olsa da, sümüklər, limfa düyünləri və onurğa sütunu da daxil olmaqla digər orqanlara da təsir göstərə bilər. Xəstəliyin törədicisi olan bakteriya hava-damcı yolu ilə yayılır və xəstə insanın öskürməsi, asqırması və ya danışması zamanı başqalarına keçə bilir. Vərəm hələ də dünyada ən təhlükəli yoluxucu xəstəliklərdən biri olaraq qalır. Hər il milyonlarla insan bu xəstəliyə yoluxur, minlərlə insan isə vaxtında diaqnoz və müalicə olunmadığı üçün həyatını itirir. Xəstəlik xüsusilə zəif inkişaf etmiş ölkələrdə, qidalanması zəif olan və immun sistemi zəifləmiş insanlarda daha çox müşahidə olunur.
Vərəm bəzən uzun müddət gizli inkişaf etsə də, əsas əlamətləri arasında uzunmüddətli öskürək, qızdırma, gecə tərləmələri, çəki itkisi və müxtəlif nahiyələrdə, o cümlədən sinə və sümüklərdə ağrılar yer alır. Buna baxmayaraq, müasir tibbin imkanları sayəsində vərəm tam müalicə olunan xəstəliklər sırasına daxildir. Bunun üçün xəstəliyin erkən mərhələdə aşkar edilməsi, həkim təyinatlarına ciddi əməl olunması və müalicənin yarımçıq saxlanılmaması vacibdir. Əks halda xəstəlik ağırlaşa və dərmanlara davamlı formaya keçə bilər.
Mütəxəssislər vurğulayır ki, vərəmin qarşısını almaq üçün profilaktik tədbirlər mühüm rol oynayır. Vaxtında tibbi müayinədən keçmək, simptomlar müşahidə olunduqda dərhal həkimə müraciət etmək, qapalı və rütubətli mühitlərdən uzaq durmaq, sağlam və balanslı qidalanmaq, eləcə də immun sistemini gücləndirmək xəstəliyin yayılmasının qarşısını almağa kömək edir. Ümumdünya Vərəmlə Mübarizə Günü isə bir daha xatırladır ki, bu xəstəlik hələ də aktuallığını qoruyur və diqqətli yanaşma həyat xilas edə bilər.
Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov vərəm xəstəliyi ilə bağlı mühüm məqamlara aydınlıq gətirib. O, Crossmedia.az-a açıqlamasında bildirib ki, vərəm bir çox hallarda ilkin mərhələdə açıq əlamətlərlə müşahidə olunmur:

" Bu xəstəlik əsasən hava-damcı yolu ilə yayılır və yoluxma üçün adətən xəstə ilə təmas kifayət edir. Vərəm xəstəliyi daha çox zəif inkişaf etmiş ölkələrdə rast gəlinir. Rütubətli mühit və zəif qidalanma isə xəstəliyin yaranması üçün əsas risk faktorları hesab olunur”.
F.Museyibov vurğulayıb ki, vərəm tam müalicə olunan xəstəlikdir və bu səbəbdən panikaya düşmək yersizdir:
“Vaxtında həkimə müraciət edən şəxslər tam sağala bilirlər. İnsanlar çox vaxt vərəmi yalnız ağciyərlə əlaqələndirirlər. Halbuki, bu xəstəlik onurğa sütununda və sümüklərdə də yarana bilər. Sümüklərdə yaranan ağrılar bəzən revmatizm kimi qəbul edilir, lakin səbəbi mütləq araşdırılmalıdır”.
Həkim xəstəliyin əsas əlamətlərini də sadalayıb:
"Uzunmüddətli öskürək, hərarət və müxtəlif nahiyələrdə ağrılar vərəmin ilkin siqnalları ola bilər. Bu simptomlar müşahidə olunduqda vaxt itirmədən həkimə müraciət etmək vacibdir".
Fatimə
17:40 24.03.2026
Oxunuş sayı: 67