Laricaninin ölümü İran daxilində gərginliyi artıracaq - Rəy
İran Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi ilə bağlı yayılan məlumatlar təkcə İran daxilində deyil, bütövlükdə Yaxın Şərq regionunda təhlükəsizlik balansı və geosiyasi dinamika baxımından yeni suallar doğurur. Belə bir hadisə xüsusilə İran kimi siyasi qərarvermə mexanizmi mürəkkəb və çoxqütblü olan bir dövlətdə həm daxili güc balansına, həm də institusional sabitliyə təsir edən mühüm faktor kimi qiymətləndirilir.
Yüksək səviyyəli siyasi fiqurun aradan çıxması isə yalnız kadr itkisi deyil, eyni zamanda idarəetmə sistemində boşluqların yaranması, elitalar arasında münasibətlərin yenidən formalaşması və strateji prioritetlərin yenidən nəzərdən keçirilməsi ehtimalını gündəmə gətirir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Sultan Zahidov bildirib ki, Əli Laricaninin öldürülməsi İran üçün mühüm siyasi və təhlükəsizlik zərbəsi kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, Laricani uzun illər ərzində İranın siyasi təhlükəsizlik arxitekturasında əsas fiqurlardan biri olub və son dövrlərdə Ali Təhlükəsizlik Şurasında tutduğu mövqe onun sistem daxilində nə qədər etibarlı və nüfuzlu şəxs olduğunu göstərirdi.

"Laricani həm siyasi elita daxilində geniş nüfuza malik idi, həm də təhlükəsizlik strukturlarından gəlmiş bir şəxs kimi bu sahədə ciddi təsir imkanlarına sahib idi. Bu baxımdan o, İranın siyasi və təhlükəsizlik qanadları arasında körpü rolunu oynayırdı. Belə bir fiqurun aradan çıxması təhlükəsizlik sistemində müəyyən boşluqlar yarada bilər və bu, xüsusilə mühafizəkarlar ilə islahatçılar, eləcə də siyasi və hərbi elitalar arasında balansın qorunmasını çətinləşdirə bilər. Bu isə ölkə daxilində qarşıdurma ehtimalını artıran amillərdən biri kimi dəyərləndirilir",- deyə o qeyd edib.
Politoloq, həmçinin vurğulayıb ki, İranın ümumi strategiyasında əsaslı dəyişikliklərin baş verəcəyi ehtimalı aşağıdır, çünki bu strategiya uzun illər ərzində formalaşdırılıb və sistemin davamlılığını təmin etməyə yönəlib: "Daxili siyasi mühitdə yaranacaq boşluqlar və potensial çəkişmələrdən xarici aktorlar, xüsusilə ABŞ və İsrail kimi ölkələr istifadə etməyə çalışa bilər. Bu isə regionda mövcud gərginliyin daha da artmasına səbəb ola biləcək amillərdən biri kimi qiymətləndirilir".
Nigar Yahyazadə
11:50 23.03.2026
Oxunuş sayı: 293