Yaxın Şərqdə “qısa müddətli əməliyyat” tezisi artıq öz aktuallığını itirib - Politoloq
ABŞ prezidenti Donald Trampın İrana qarşı aparılan əməliyyatın başa çatdığını elan etməyə hələ hazır olmadığını bildirməsi prosesin gözlənildiyindən daha mürəkkəb və uzanan xarakter aldığını göstərir. Başlanğıc mərhələdə qısa müddətdə nəticə verəcəyi ehtimal edilən hərbi-siyasi planın reallıqda daha uzunmüddətli və çoxşaxəli qarşıdurmaya çevrildiyi artıq aydın görünür.
İranın müqavimət potensialı, regional təsir imkanları və proksi qüvvələr üzərindən apardığı strategiya əməliyyatın sürətli yekunlaşmasını əngəlləyən əsas faktorlar kimi çıxış edir. Bu isə belə bir sualı aktuallaşdırır: əməliyyatın real bitmə nöqtəsi nə zaman olacaq və bu barədə rəsmi açıqlama hansı şərtlər daxilində veriləcək?
Digər tərəfdən, belə bəyanatların verilməsi təkcə hərbi nəticələrlə deyil, həm də siyasi məqsədlərlə bağlıdır. Yəni əməliyyatın “bitdi” elan olunması yalnız döyüş meydanındakı vəziyyətə deyil, həm də əldə olunan strateji üstünlüyün necə təqdim ediləcəyinə bağlıdır.

Mövzu ilə bağlı politoloq Fikrət Sadıqov Crossmedia.az-a açıqlama verib: "Görünən odur ki, vaxtilə Vaşinqton tərəfindən planlaşdırılan və qısa müddətdə yekunlaşacağı gözlənilən əməliyyat hələ də başa çatmayıb. Bunun üçün xeyli vaxt tələb olunur. Digər mühüm həqiqət ondan ibarətdir ki, İran müqavimət göstərir, körfəz bölgəsində fəaliyyətini davam etdirir, körfəz dövlətlərinə zərbələr endirir və hətta pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirir. Yəni demək istədiyim odur ki, bu cür əməliyyatların nə vaxt başa çatacağını əvvəlcədən dəqiq proqnozlaşdırmaq olduqca çətindir. Digər tərəfdən isə ABŞ-nin müharibə naziri Piq Heqset artıq bəyan etmişdi ki, İran tərəfindən atılan raketlərin sayında azalma müşahidə olunur. Bu isə müəyyən mənada müsbət dinamikanın formalaşdığını göstərir. Əgər bu tendensiya davam edərsə, prosesin daha tez yekunlaşması ehtimalı istisna olunmur. Lakin istənilən halda, əvvəlcədən səsləndirilən “qısa müddətli əməliyyat” tezisi artıq öz aktuallığını itirib və keçmişdə qalıb. Hazırkı mərhələdə belə qənaətə gəlmək olar ki, İranın əsas hərbi obyektlərinin sıradan çıxarılması və bunun ardınca mümkün siyasi dəyişikliklərin baş verməsi üçün hələ də xeyli zamana ehtiyac var. Əgər bu dəyişikliklər baş verməzsə, mövcud vəziyyətin uzun müddət davam etməsi ehtimalı yüksək olaraq qalır".
Ayhan
14:51 18.03.2026
Oxunuş sayı: 48