Kolbasa ilə bağlı şok iddialar: düşündüyünüz kimi deyil
İnsanlar marketlərə gedir, kolbasa alır, amma əksəriyyəti onun tərkibini tam bilmir. Hətta halal olub-olmaması, hansı ətdən hazırlandığı, içində nə qatqılar olduğu barədə ən kiçik bir məlumatı da yoxdursa, bunu düşünmədən alır.
Bazarda “təmiz dana əti” yazılan məhsulların içində toyuq və digər qatqılar da ola bilir, amma istehlakçı bunu necə biləcək?
Etiket məlumatlarını oxumaq əksər hallarda ya unudulur, ya da önəmli sayılmır. Belə çıxır ki, insanlar öz sağlamlığı və dini prinsiplərini riskə ataraq kor-koranə alış-veriş edir.
Halbuki, bir məhsulu almazdan əvvəl düzgün məlumatı yoxlamaq, keyfiyyətə və halallığa diqqət yetirmək tamamilə vacibdir. Bu vəziyyət bazarda şəffaflığın və istehlakçı maarifləndirilməsinin nə qədər zəif olduğunu göstərir.
Qida eksperti Ağa Salamov Crossmedia.az-a açıqlamasında kolbasaların bilmədiyimiz tərkibindən danışıb:

"Kolbasa istehsalında qanunvericiliyə görə şəffaflıq tələb olunsa da, bazarda bunu görmək bir az çətin məsələdir. Amma hazırda keyfiyyətli, məsələn, dana ətindən və ya mal ətindən hazırlanan, standartlara uyğun kolbasalar varmı? Var.
Müştərisini fikirləşən, dad, ləzzət, halallıq kimi məsələlərə diqqət yetirən müəssisələr vardır. Amma bununla yanaşı, standartlara tam cavab verməyən, etiketdə yazılanla məhsulun daxili tərkibinin üst-üstə düşmədiyi hallar da var və bunlara bazarda rast gəlinir.
İstehlakçı keyfiyyəti axtarırsa, etiket məlumatlarını da oxumağı bacarmalıdır. Yəni, kor-koranə kolbasa almaq olmaz. Üzərində olan məlumatları da oxumaq lazımdır ki, hansı müəssisəyə aiddir, hansı şirkətə aiddir, hansı ədviyyatlardan istifadə olunur, hansı ətlərdən istifadə olunur.
Məsələn, bunlar da aydın olmalıdır: təmiz dana ətidir, yoxsa təmiz mal ətidir, yaxud mal ilə toyuq ətini qatıb kolbasa hazırlayırlar. Amma bunu alan adam elə başa düşür ki, ancaq mal ətidir və ya dana ətidir, halbuki quş əti ilə qarışdırılmış kolbasalara da rast gəlinir. Bunu alan adam fikirləşir ki, ancaq dana əti alır".
A.Salamov bəzən dana ətinin baha olduğuna görə maya dəyərini azaltmaq üçün toyuq əti ilə qarışdırıldığını qeyd edib:
"Bu qanuna zidd deyil. Qarışdırıla bilər, teksturanı yumşaltmaq üçün istifadə oluna bilər. Sadəcə, etiketdə göstərilməlidir. Təmiz dana əti adı ilə satılması doğru deyil. Rəngləndiricilərdən istifadə olunanda isə siz onu müəyyən edə bilməzsiniz ki, bu, qırmızı ət məhsuludur, yoxsa quş əti ilə hazırlanıb, yaxud dana əti ilə quş əti qarışdırılıb. Ona görə də, kolbasa bazarı bir az mürəkkəbdir".
Ekspert hesab edir ki, üzərində dana əti və ya mal əti yazan, amma toyuq əti də əlavə edən müəssisələr varsa və bunu etiketdə göstərmirsə, problem müəssisənin özündədir:
"Ona görə də bu, yalnız laborator analizlər nəticəsində aşkar oluna bilər. Hər yoldan keçən dada baxaraq müəyyən edə bilməz. Və yaxud əli ilə hiss edib, rənginə baxıb müəyyən etmək kimi fikirlər düzgün deyil, belə “dırnaq arası mütəxəssislər” çoxalıb. Amma mütəxəssis olmaq üçün müəyyən sahə üzrə işləmək lazımdır. Yəni, hər kəs öz sahəsində mütəxəssis ola bilər: çörək sahəsi, ət məhsulları, un məmulatları və s. Amma kolbasa və ümumiyyətlə, qida sahəsini qiymətləndirmək üçün qastronomiyanı bilmək lazımdır. Müasir dövrdə qida texnologiyasında qastronomiya geniş istifadə olunur. Ona görə də, bunu hər kəs, yüz ilin aşpazı belə bilə bilməz. Laboratoriya olmadan məhsulun tərkibini dəqiq analiz etmək çox çətindir".
Fatimə
13:05 18.03.2026
Oxunuş sayı: 85