Arıqlamaq üçün oruc tutmaq günahdırmı? – ilahiyyatçıdan açıqlama
Artıq Ramazan ayının son günlərinə yaxınlaşırıq. Milyonlarla müsəlman əzəmətli bir ayı ibadət və orucla keçirir, ruhani təmizlənməyə can atır.
Lakin təəssüf ki, bəzi insanlar yalnız arıqlamaq məqsədilə oruc tutur. Lakin bilməliyik ki, dini mənəvi dəyəri olmayan bu yanaşma günah sayılır və əsl niyyət orucun ruhuna ziddir. Bu isə həm fərdi, həm də cəmiyyət üçün ciddi etik suallar yaradır.
Məhz bu barədə Crossmedia.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, oruc tutmaq Allahın əmri olduğu üçün, savab qazanmaq, Allahın razılığını qazanmaq üçün olan bir ibadətdir:

"Oruc İslamda sadəcə yeməkdən imtina etmək demək deyil. Bu, insanın daxilində baş verən bir prosesdir. Qurani Kərimdə buyurulur ki, oruc sizə vacib edildi ki, bəlkə təqvalı olasınız. Təqva isə sadə dillə desək, insanın daxilində Allahı hiss etməsi, ona görə yaşamasıdır.
Deməli, orucun əsas məqsədi bədən deyil, ruhdur. Bir qüdsü hədisdə Peyğəmbərimiz (s.ə.s) Allahdan nəql edərək buyurur ki, oruc mənim üçündür və onun mükafatını mən özüm verəcəm.
Alimlər bu hədisi çox geniş izah ediblər. İmam Qəzali deyirdi ki, oruc elə bir ibadətdir ki, onda riya, yəni özünü göstərmək riski çox azdır.
Namazı insanlar görə bilər, zəkatı bilə bilərlər, amma oruc insanla Allah arasında gizli qalır. Ona görə də, onun dəyəri birbaşa niyyətlə bağlıdır.
Arıqlamaq üçün oruc tutmaqda niyət dəyişir, sən niyyətində arıqlamaq məqsədi güdürsən, Allahla bağlı, Allahın əmridir deyə tutmursan. Əgər hər iki niyəti eyni anda edib oruc tutursansa onda əsas üstünlüyü Allahın əmrini yerinə yetirməyə yönləndirmək lazımdır.
Yəni, arıqlamaq üçün və ya Allahın əmridir deyə oruc tutmaqda əsas ölçü niyyətdir. Peyğəmbərimiz (s.ə.s) açıq şəkildə buyurur ki, əməllər niyyətlərə görədir. Bu hədis İslam hüququnda və əxlaqında əsas prinsip sayılır. Yəni bir əməl zahirdə eyni olsa da, niyyətə görə tam fərqli dəyər alır".
Ə.Həsənovun söylədiklərinə görə, əgər bir insan səhərdən axşama qədər ac qalır, amma qəlbində Allah üçün ibadət niyyəti yoxdur, sadəcə arıqlamaq istəyir, bu dini baxımdan oruc sayılmır:
"Bu, sadəcə pəhrizdir. Bədəni üçün faydalı ola bilər, amma ibadət deyil.
Yuxarıda da qeyd etdiyimiz kimi burada çox incə və tez-tez səhv başa düşülən bir məqam var. İnsan həm Allah üçün oruc tuta, həm də arıqlamağı düşünə bilər. Bu, ziddiyyət deyil. Klassik alimlər bunu izah edərkən deyirlər ki, əgər əsas niyyət Allahdırsa, digər faydalar ikinci dərəcəlidir və ibadətə zərər vermir.
Məsələn, İbn Rəcəb əl-Hənbəli yazır ki, ibadətdə əsas istiqamət Allahdırsa, onun dünyəvi faydaları əlavə hikmət kimi qəbul olunur.
Bu, müasir elmlə də uyğun gəlir. Bu gün tibb və biologiya sahəsində aparılan araşdırmalar göstərir ki, oruc bədəndə çox ciddi dəyişikliklər yaradır. Hüceyrələrin özünü təmizləməsi prosesi aktivləşir, buna autofagiya deyilir. Nobel mükafatı almış alim Yoshinori Ohsumi bu prosesi elmi şəkildə sübut edib. Oruc həm də insulin həssaslığını yaxşılaşdırır, artıq çəkini azaldır, hətta bəzi xroniki xəstəliklərin riskini aşağı salır.
Bir əsas məsələni də yadda saxlamaq lazımdır ki, bu faydalar orucun məqsədi deyil, nəticəsidir. İslam orucu sağlamlıq proqramı kimi təqdim etmir. O, ibadətdir. Sağlamlıq isə onun içində gizlənmiş hikmətlərdən biridir.
Belə bir sual yarana bilər ki, bəs arıqlamaq üçün oruc tutan insan görəsən savab qazanırmı?
Bu suala qəti hökm vermək düzgün olmaz. Çünki savab məsələsi birbaşa Allahın elmindədir. Biz zahirə, yəni üzdə baxıb deyə bilərik ki, əgər niyyət ibadət deyilsə, bu əməl ibadət kimi qiymətləndirilmir.
Amma insanın daxilində bəzən qarışıq niyyət olur. Bəzən özü də fərqində olmadan Allah üçün edir. Ona görə alimlər deyir ki, insanların niyyətini mühakimə etmək olmaz.
Bir də Peyğəmbərimiz (s.ə.s) xəbərdarlıq edir ki, elə oruc tutanlar var ki, onların orucdan qazancı sadəcə aclıq və susuzluqdur. Bu hədis göstərir ki, niyyət və daxili hal olmadan oruc formaya çevrilə bilər.
Digər tərəfdən, bəzi müasir alimlər qeyd edir ki, insan sırf sağlamlıq məqsədilə belə bu rejimi saxlayırsa, bu da müəyyən mənada ilahi qanunlara uyğun yaşamaqdır. Yəni Allahın yaratdığı sistemə uyğun hərəkət edir. Bu baxımdan bu əməl tam mənasız deyil. Amma yenə də ibadət savabı ilə eyni deyil.
Bir sözlə, belə başa düşə bilərik ki, orucun dəyəri aclıqda deyil, niyyətdədir. Əgər niyyət Allahdırsa, bu ibadətdir və böyük savabı var. Əgər niyyət yalnız dünyəvidirsə, bu, sadəcə fiziki faydadır. Amma ən doğru yanaşma budur ki, insan niyyətini düzəltsin. Eyni əməli həm ibadətə, həm də faydaya çevirsin.
Məsələn, insan desə ki, mən Allahın əmrini yerinə yetirirəm və eyni zamanda, bu mənim sağlamlığıma da xeyirdir, bu, ən kamil yanaşmadır. Bu halda həm dünya qazanılır, həm də axirət".
İlahiyyatçı, sonda əlavə edib:
"İslama görə biz zahirə baxırıq, Allah isə qəlblərə baxır. Ona görə hökm verməkdə ehtiyatlı olmaq, amma öz niyyətimizi də ciddi şəkildə yoxlamaq ən doğru yoldur".
Fatimə
13:55 17.03.2026
Oxunuş sayı: 155