NATO Yaxın Şərqdəki savaşa qoşula bilər
Yaxın Şərqdə artan gərginlik fonunda İsrail ordusunun İranda həyata keçirdiyi hərbi əməliyyatların ən azı üç həftə davam etdirilməsi planı regionun təhlükəsizlik gündəmini daha da mürəkkəbləndirib. Əməliyyatların uzadılması isə yalnız hərbi hədəflərlə məhdudlaşmır, eyni zamanda regionda yeni siyasi və hərbi konfiqurasiyanın formalaşmasına yönəlmiş daha geniş strategiyanın tərkib hissəsi hesab olunur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, İsrailin əməliyyatları uzun müddət davam etdirmək niyyəti İranda istədiyi nəticələri əldə etmək üçün hazırlanmış strategiyanın tərkib hissəsidir.
Onun sözlərinə görə, İsrailin əsas məqsədləri İranın nüvə proqramını və uzaqmənzilli raket potensialını sıradan çıxarmaq, eyni zamanda ölkədə mövcud siyasi rejimə ciddi zərbə vurmaqdır:

"Rəsmi Təl-Əviv İranda hakimiyyətin dəyişməsinə nail olmaq və ya ən azı mövcud rejimin dayaqlarını zəiflətməyə çalışır. Əməliyyatların uzadılması, həmçinin İran əleyhinə regional koalisiyanın formalaşdırılması məqsədi də daşıyır. İsrail xüsusilə Körfəz ölkələrinin bu prosesə qoşulmasını və nəticədə İrana qarşı geniş regional hərbi koalisiyanın yaradılmasını istəyir.
İsrail eyni zamanda NATO ölkələrinin dəstəyini də görmək niyyətindədir. Lakin hazırkı vəziyyət göstərir ki, bu istiqamətdə gözlənilən nəticələr əldə olunmayıb. İran zərbələr endirsə də, İsrail Körfəz ölkələrindən istədiyi dəstəyi ala bilmir".
Politoloq bildirib ki, ABŞ və İsrailin müraciətlərinə baxmayaraq, bir sıra NATO ölkələri münaqişəyə birbaşa qoşulmaqdan çəkinir: "Hətta ABŞ-nin ən yaxın müttəfiqlərindən hesab olunan Böyük Britaniya belə müharibədə iştirak etmək məsələsində tərəddüd nümayiş etdirib.
Müharibənin uzadılması məhz bu dəstəyin əldə olunması və daha geniş koalisiyanın formalaşdırılması məqsədilə planlaşdırılır.
İran rejimini devirmək və ya ciddi şəkildə zəiflətmək üçün daha güclü beynəlxalq və ya regional koalisiyaya ehtiyac var. Bu koalisiyada Körfəzin ərəb ölkələrinin də iştirakı vacib sayılır. Lakin mən hesab etmirəm ki, yaxın zamanda belə bir koalisiyanın formalaşdırılması mümkün olacaq", - deyə o vurğulayıb.
Nigar Yahyazadə
13:50 17.03.2026
Oxunuş sayı: 47