Restoranların görünməyən üzü - mətbəxlərdə baş verənlər şok edir
Hər gün restoranlara gedib yemək yeyirik, amma arxada nələr baş verir, çox vaxt bunu görmürük.
Bəzi restoranların mətbəxi isə gördüyümüzdən çox fərqlidir – səliqə-sahman yox, sanitariya standartlara cavab vermir. Bəzilərinin şəraiti hətta utancvericidir və bu, müştərilərin sağlamlığı üçün ciddi risk yaradır.
Restoranların görünən zalları ilə arxa planı arasında böyük fərq var. İnsanlar yeməyin keyfiyyətinə inanır, amma real vəziyyət bunu təsdiqləmir. Bu, qida təhlükəsizliyindəki boşluqların nə qədər ciddi olduğunu göstərir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Crossmedia.az-a açıqlamasında 8 il öncə baş vermiş hadisəni xatırladıb:
“8 il bundan öncə bir telelayihə çərçivəsində restoranların mətbəxlərində monitorinqlər apardıq. Çox təəssüf ki, o əhəmiyyətli telelayihəyə mane oldular və icazə vermədilər. Şəhərin ən mərkəzində yerləşən, bəzəkli zallarda oturub yemək gözləyən insanların mətbəxdən onlara nə gətirildiyini, mətbəxin vəziyyətini, yeməklərin nə vaxtdan saxlanılıb-qızdırıldığını müşahidə etdik və məlum oldu ki, restoranların bir çoxunun mətbəxi zallara uyğun deyil.
Mətbəxlər bağlı yer hesab olunur, oraya heç kəsi buraxmırlar, müştərilər isə oturub gözləyirlər. Məlum oldu ki, şəhərin mərkəzindəki bəzi restoranlarda yeməklər başqa yerdə hazırlanıb gətirilir və orada qızdırılır. Lakin biz bir restoranda mətbəxə kamera qoyulmasına nail olduq. Müştərilər zalda oturduqları halda mətbəxdə nə baş verdiyini, yeməklərin vəziyyətini görə bilirdilər. Restoranların xüsusi yeməklərini müştərilərə təqdim etmək yolları var. Bunu restoran menecerləri açıq danışa bilirlərsə danışarlar, lakin nə qədər etsən də danışmazlar”.
E.Hüseynov nümunə gətirərək əlavə edib:

“Bəzən müştəri sifarişi çox gözlədiyinə görə əsəbləşir. Əslində, onlar müştərini aldatmaq məqsədi ilə etmirlərsə, yeməyin hazırlanma vaxtı normaldır. Buna görə də müştərilər açıq mətbəx olan yerlərə getsinlər. Orada mətbəxi görmək olur və müştəri istədiyi qidanı yeyə bilər.
Lakin nə etmək olar? Biznes qurumları üçün yaradılmış toxunulmazlıq şəraitindən bəzi biznes qurumları sui-istifadə edirlər. Onları yoxlayan dövlət orqanları ola bilər, amma ictimai təşkilatlar yox. Dövlət orqanları oraya yoxlamağa getmək üçün uzun prosedurlar və bürokratik yollar keçməli, qarşı tərəfə nə vaxt gəldiklərini və nəyi yoxlayacaqlarını bildirməlidirlər.
Məncə, hökumətin qida məsələsindəki işi effektiv deyil. Sahibkarların yoxlanmasının qarşısını almaq dövlətin siyasətinin tərəfdarıyam, lakin qida məsələsində istisna olmalıdır, onların cəld yoxlama imkanları olmalıdır.
Təəssüf ki, bu yoxdur. Ona görə qida təhlükəsizliyinin təmin edilməsində dəyişiklik edilməlidir, onların cəld bir telefon zəngi ilə yoxlama imkanları olmalıdır.
Biz görürük ki, sui-istifadə olunur, xüsusən şadlıq evlərində. Müştərilər bunu bilmir. Əgər bilsələr, kütləvi şəkildə şikayət edərlər və zəhərlənmənin qarşısını ala bilərlər.
Bir sözlə, vəziyyəti dəyişmək üçün qida təhlükəsizliyinin təmin edilməsində dəyişiklik edilməli, qida məsələsində yoxlama mexanizmləri tətbiq olunmalıdır”.
Fatimə
13:04 17.03.2026
Oxunuş sayı: 220