Azərbaycanda 1445 azçəkili körpə doğulub – səbəblər nədir?
Azərbaycanda yeni doğulan körpələrin sağlamlıq göstəriciləri ilə bağlı statistika cəmiyyətin diqqət mərkəzində olan mövzulardan biridir.
Rəsmi məlumatlara görə, ötən il ölkədə 1445 azçəkili körpə dünyaya gəlib.
Mütəxəssislər bildirirlər ki, yeni doğulan uşaqların çəkisinin normadan aşağı olması müxtəlif tibbi və fizioloji amillərlə bağlı ola bilər.
Bəs azçəkili körpələrin doğulmasına əsasən hansı səbəblər təsir göstərir? Bu hal hamiləlik dövründə ananın qidalanması ilə bağlıdır, yoxsa başqa tibbi problemlərlə əlaqəlidir?
Mövzu ilə bağlı ginekoloq Rəşad Sultanov Crossmedia.az-a açıqlama verib:

"Çəkisi az olan körpə iki səbəbdən dünyaya gələ bilər. Bunun birinci səbəbi vaxtından əvvəl doğuşdur. Vaxtından əvvəl doğuş isə ayrı bir problem və ayrıca bir məsələ olduğuna görə, əslində bütün ölkələrdə əsas sağlamlıq göstəricilərindən biri hesab olunur. Onun səbəbləri isə çox müxtəlifdir.
Bu mövzunu bir söhbətdə tam şəkildə izah etmək çətindir. Yəni səbəbin konkret nə olduğunu demək bəzən mümkün olmur, çünki bu, çoxsaylı faktorlarla bağlıdır və onları uzun-uzadı sadalamaq lazımdır.
Digər bir hal isə hamiləliyin həftəsi normal olduğu halda körpənin az çəkili doğulmasıdır. Bunun da özünəməxsus səbəbləri var. Hamiləlik dövründə ananın qidalanması ilə əlaqəsi olduğu düşünülür, lakin bu daha çox inkişaf etməmiş ölkələrdə müşahidə olunur".
Həkim bildirib ki, bizim kimi ölkələrdə isə demək olar ki, elə bir ailə yoxdur ki, mövcud şəraitdə və iqtisadi vəziyyətdə qidalanma səbəbindən az çəkili uşaq dünyaya gəlsin:
"Adətən hamiləlik müddəti normal olsa da, az çəkili doğulan uşaqlar daha çox ciftin qan dövranı və inkişafı ilə bağlı olur. Bunun səbəbi isə çox vaxt dəqiq müəyyən edilə bilmir.
Amma vaxtından əvvəl doğuş isə ümumiyyətlə çoxşaxəli və müxtəlif amillərlə bağlı olan bir məsələdir".
Ayhan
12:23 13.03.2026
Oxunuş sayı: 51