Qəhvə sağlamlığa xeyirdir?- Təəccüblənəcəksiniz
Son illər aparılan elmi araşdırmalar qəhvənin insan sağlamlığına təsiri ilə bağlı maraqlı nəticələr ortaya qoyur. Xüsusilə qəhvənin 2-ci tip şəkərli diabet riskinə təsiri həm alimlərin, həm də həkimlərin diqqət mərkəzindədir. Bu mövzu ilə bağlı yeni tədqiqat nəticələri qəhvənin müəyyən hallarda diabet riskini azalda biləcəyini göstərsə də, mütəxəssislər məsələni daha geniş kontekstdə qiymətləndirməyi vacib sayırlar. Bəs qəhvənin, həqiqətən, diabet riskinə təsiri varmı və onu necə qəbul etmək daha faydalıdır?
Crossmedia.az-a danışan həkim Şahvələd Məmmədov bildirib ki, qəhvə ilə bağlı müxtəlif fərziyyələr, nəzəri məlumatlar və tibbi araşdırmalar mövcuddur. Onun sözlərinə görə, Azərbaycan şəraitində qəhvə istehlakı daha çox şəhər əhalisi arasında yayılıb:

“Qəhvə haqqında müxtəlif fərziyyələr, nəzəri məlumatlar və tibbi araşdırmalar var. Nəzərə alsaq ki, bizim Azərbaycan şəraitində qəhvədən istifadə azdır, əsasən də kənd əhalisinin qəhvədən istifadəsini bir o qədər görmürük. Daha çox Bakıda, Gəncədə və digər böyük şəhərlərdə qəhvə istehlakı son illər aktuallaşıb”.
Həkim qeyd edib ki, qəhvənin qəbulu zamanı bəzi məqamlara diqqət yetirilməlidir: "Səhər tezdən yuxudan duran kimi qəhvə içmək düzgün hesab olunmur.
Bu, mədənin selikli qişasını qıcıqlandıra bilər. Qastritə meyilli, mədə yarası və xora kimi problemləri olan insanlarda xəstəliyin kəskinləşməsinə səbəb ola bilər. Ona görə də qəhvənin qəbul vaxtı və miqdarı çox önəmlidir”.
Ş. Məmmədov bildirib ki, təbii qəhvənin müəyyən faydaları da mövcuddur: "Bəzi araşdırmalara görə, uzun müddət təbii qəhvə istifadəsi diabet riskinin azalmasına müəyyən təsir göstərə bilər. Qəhvənin qəbulu qaraciyərə və mədəaltı vəzinin funksiyasına müsbət təsir göstərir. Mədəaltı vəzinin fəaliyyətini yaxşılaşdırır, insulin sintezini artırır və qaraciyərin metabolizmasını gücləndirir. Bu səbəbdən bəzi hallarda qaraciyər və hepatit xəstələrinə qəhvə qəbulu tövsiyə olunur. Bu proseslər də dolayısı ilə diabet riskinin azalmasına meyl yarada bilər”.
Həkim əlavə edib ki, qəhvə düzgün vaxtda qəbul edildikdə orqanizm üçün müəyyən faydalar verə bilər:
“Səhər tezdən və gecə saatlarında qəhvə içmək məsləhət görülmür. Günün müəyyən saatlarında ölçülü şəkildə qəbul edildikdə isə maddələr mübadiləsinin yaxşılaşmasına, qaraciyər və mədəaltı vəzinin funksiyasının daha effektiv işləməsinə kömək edə bilər”.
Mövzu ilə bağlı fikirlərini bölüşən qida eksperti Fərid Səfərov isə bildirib ki, bəzi elmi araşdırmalar qəhvə istehlakı ilə 2-ci tip diabet riskinin azalması arasında müəyyən əlaqə olduğunu göstərir.
Onun sözlərinə görə, qəhvənin tərkibində olan antioksidantlar və bioaktiv maddələr bu prosesdə rol oynaya bilər:

“Bəzi elmi araşdırmalar göstərir ki, müntəzəm qəhvə istehlakı xüsusilə 2-ci tip diabet riskinin azalması ilə əlaqələndirilə bilər. Qəhvənin tərkibində olan antioksidantlar, xlorogen turşuları və digər bioaktiv maddələr qanda şəkərin tənzimlənməsinə müəyyən təsir göstərə bilər. Lakin bu nəticələr əsasən müşahidə xarakterli tədqiqatlara əsaslanır və qəhvənin diabetdən tam qoruduğunu demək düzgün olmaz”.
Ekspert vurğulayıb ki, qəhvə sağlam həyat tərzini əvəz edən vasitə hesab olunmamalıdır:
“Qəhvənin bəzi müsbət tərəfləri də var. O, güclü antioksidant mənbəyidir, zehni ayıqlığı artırır, yorğunluğu azalda bilər və bəzi insanlarda fiziki performansı yaxşılaşdıra bilər. Həmçinin bəzi araşdırmalarda qəhvənin qaraciyər sağlamlığına müsbət təsiri qeyd olunur”.
Fərid Səfərov əlavə edib ki, qəhvənin həddindən artıq qəbulu bəzi mənfi təsirlərə də səbəb ola bilər:
“Kofeinə həssas insanlarda ürəkdöyünmə, narahatlıq, yuxusuzluq və mədə turşuluğunun artması kimi problemlər yarana bilər. Gec saatlarda qəhvə içilməsi yuxu keyfiyyətini poza və bəzi insanlarda qan təzyiqinin müvəqqəti yüksəlməsinə səbəb ola bilər”.
Ekspertin sözlərinə görə, qəhvənin ölçülü şəkildə qəbulu daha məqsədəuyğundur:
“Nəticə olaraq demək olar ki, qəhvəni ölçülü şəkildə – gündə təxminən 1-2 fincan qəbul etmək əksər sağlam insanlar üçün təhlükəli sayılmır və bəzi faydalar verə bilər. Lakin şəkər, şirin siroplar və çoxlu qaymaq əlavə olunmuş qəhvələr bu faydaları azalda və əksinə sağlamlıq üçün risk yarada bilər”.
Mehriban Yariyeva
13:15 12.03.2026
Oxunuş sayı: 49