Siqaret xərçəng müalicəsinə kömək edir? - Onkoloq iddialara aydınlıq gətirdi
Son günlərdə bir onkoloqun səsləndirdiyi fikir cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Belə ki, həkim açıqlamasında bildirib ki, xərçəng xəstəsi nə qədər çox siqaret çəkərsə, orqanizmdə müalicəyə qarşı bir o qədər davamlılıq yarana bilər.
Bu iddia isə həm tibb mütəxəssisləri, həm də ictimaiyyət arasında birmənalı qarşılanmayıb və ciddi suallar doğurub.
Çünki ümumilikdə tütün istifadəsinin xərçəngin yaranmasında və xəstəliyin gedişatının ağırlaşmasında əsas risk faktorlarından biri olduğu məlumdur.
Bəs həqiqətənmi siqaret çəkmək müalicəyə davamlılıq yarada bilər və belə bir fikir hansı elmi əsaslara söykənə bilər?
Mövzu ilə bağlı tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov Crossmedia.az-a açıqlama verib:
"Bu, yanlış bir məlumatdır. Təəssüf ki, bu gün hər yerdən çıxan bəzi insanlar özlərini reklam etmək üçün belə müsahibələr verir və cəmiyyətdə yanlış təsəvvür formalaşdırmağa çalışırlar.

Bəzən elə təqdim olunur ki, guya nə qədər çox siqaret çəkilsə, insan o qədər də problem yaşamaz və ya bunun ciddi fəsadları olmaz.
Lakin bu tamamilə yanlışdır. Ağciyər xərçənginin yaranmasının əsas səbəbi tütündən istifadədir. Çünki tütünün tərkibində 2000-dən çox zəhərli və kanserogen maddə mövcuddur.
Məhz bu maddələr ağciyər xərçənginin yaranmasına səbəb olur. Bununla yanaşı, tütündən istifadə ağız boşluğu, dil və udlaq xərçəngi, qida borusu xərçəngi, mədə xərçəngi və uşaqlıq boynu xərçəngi kimi bir sıra ağır xəstəliklərin də əsas yaranma səbəblərindən biridir".
Onkoloq elavə edib ki, son aparılmış elmi araşdırmalar da göstərir ki, ağciyər xərçənginin yaranmasında birinci yerdə duran faktor məhz tütündən istifadədir:
"Hətta bunu da qeyd etmək lazımdır ki, son dövrlərdə bir çox insanlar elektron siqaretlərdən və ya qalyandan geniş istifadə edir.
Bəzi insanlar düşünür ki, elektron siqaret və ya qalyan adi siqaretdən daha zərərsizdir. Lakin bu, düzgün yanaşma deyil. Məsələn, elektron siqaretlərin tərkibində olan bəzi kanserogen maddələrin miqdarı adi siqaretlə müqayisədə daha yüksək ola bilir.
Bəzi araşdırmalarda bu göstəricinin hətta yüzlərlə dəfə artıq olduğu qeyd edilir. Eyni zamanda qalyan istifadəçiləri də bunu nəzərə almalıdırlar ki, qalyan tüstüsü də insan orqanizmi üçün son dərəcə zərərlidir və müxtəlif onkoloji xəstəliklərin yaranma riskini artırır.
Ona görə də, cəmiyyətdə “elektron siqaret daha zərərsizdir” və ya “qalyan təhlükəsizdir” kimi fikirlərin yayılması doğru deyil. Bu vasitələrin hər biri insan sağlamlığı üçün ciddi təhlükə yaradır və xüsusilə xərçəng xəstəliklərinin yaranma riskini artırır".
Ayhan
13:33 10.03.2026
Oxunuş sayı: 58