“Milli Məclis”, yoxsa “Millət Məclisi” - Parlamentin adı dəyişməlidir?
Milli Məclisin vitse-spikeri Rəfail Hüseynov tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinin adının “Millət Məclisi” kimi ifadə olunması ilə bağlı səsləndirilən təklif ictimai və siyasi müstəvidə maraqlı müzakirələrə səbəb olub.
Parlamentin adının semantik məzmunu və onun dövlətçilik ənənələri ilə uyğunluğu məsələsi bu müzakirələrin əsas istiqamətlərindən biridir. Çünki parlament yalnız qanunverici orqan deyil, həm də xalqın iradəsini və milli kimliyini ifadə edən mühüm siyasi institut hesab olunur.
Tarixi baxımdan parlamentlərin adlandırılması hər bir ölkənin siyasi mədəniyyəti və dövlətçilik ənənələri ilə sıx bağlıdır. Bir çox ölkələrdə parlamentin adı xalqın, millətin və ya dövlətin adını birbaşa ifadə edən terminlərlə formalaşdırılır.
Bu baxımdan “Millət Məclisi” ifadəsi həm semantik, həm də ideoloji baxımdan xalqın təmsilçiliyi ideyasını daha açıq şəkildə ifadə edən anlayış kimi təqdim olunur və bu yanaşma siyasi leksikonda yeni müzakirə mövzusu yaradır.
Məsələ yalnız terminoloji dəyişiklik deyil, həm də parlament institutunun mahiyyəti, onun cəmiyyətlə münasibəti və siyasi simvolikası ilə bağlı geniş düşüncələr doğurur.
Bu kontekstdə parlamentin “Milli Məclis” və ya “Millət Məclisi” kimi adlandırılması məsələsi dövlətçilik ənənələri, dilin semantik imkanları və ictimai-siyasi baxışların kəsişdiyi maraqlı bir müzakirə mövzusu kimi diqqət çəkir.
Məsələ ilə bağlı Azərbaycan Atatürk mərkəzinin direktoru, akademik Nizami Cəfərov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Məsələnin mahiyyəti ondan ibarətdir ki, “milli” və “millət” sözləri müəyyən dövrlərdə, xüsusilə XIX əsrin sonu – XX əsrin əvvəllərində semantik baxımdan demək olar ki, eyni məzmun çərçivəsində düşünülüb.
Hətta bu məsələ bir vaxtlar Türkiyə türkcəsində də müzakirə mövzusu olub: təyin yerində “milli” sözündən istifadə olunmalıdır, yoxsa “millət”?
Bu, əslində türk dillərində mövcud olan təyin söz birləşmələrinin – türk mənsubiyyət birləşməsinin və ərəb izafətinin – seçimi ilə bağlı dil məsələsidir.
Azərbaycan dili XX əsrin əvvəllərindən etibarən daha çox “milli” formasını seçərək onu sabit model kimi qəbul edib. Türkiyə türkcəsində isə fərqli yol seçilib və “Millət Məclisi” forması işlədilir. Bu yanaşmanın formalaşmasında Mustafa Kamal Atatürkün də müəyyən təsiri olduğu qeyd olunur.
Yəni Türkiyə türkcəsində ikinci növ təyin söz birləşməsi üstünlük təşkil edir və “Millət Məclisi” kimi ifadə forması işlədilir. Azərbaycan dilində isə birinci növ təyin söz birləşməsi qəbul olunub və “Milli Məclis” forması sabitləşib. Bu baxımdan Rəfail Hüseynovun irəli sürdüyü fikrə müəyyən dərəcədə haqq qazandırmaq olar; çünki “Millət Məclisi” ifadəsi daha çox türk sintaktik konstruksiyasına uyğun görünür. “Milli Məclis” ifadəsində isə “milli” sifətinin formalaşma modeli bir qədər qeyri-türk mənşəli təsir daşıyır. Lakin türk dilləri bu cür formaları da öz sintaktik qəlibinə uyğunlaşdıraraq qəbul edir.
Bununla belə, artıq dil təfəkkürümüzdə və rəsmi terminologiyada formalaşmış modeli dəyişdirməyə cəhd etmək ciddi problemlər yarada bilər. Çünki bu model uzun müddət ərzində sabitləşib və dil sistemində yerini tutub. Məsələn, “Milli Kitabxana”, “Milli Şura” kimi terminlər mövcuddur. Əgər “milli” sözünü “millət”lə əvəz etməyə başlasaq, onda məntiq etibarilə “Millət Kitabxanası”, “Millət Şurası” kimi ifadələr də ortaya çıxmalı olacaq ki, bu da dil baxımından qarışıq və qeyri-sabit vəziyyət yaradar.
Bəziləri belə arqument irəli sürür ki, biz “millət vəkili” deyiriksə, o zaman “Milli Məclis” yox, “Millət Məclisi” deməliyik. Lakin nəzərə almaq lazımdır ki, “millət vəkili” ifadəsi rəsmi parlament terminologiyasında mövcud deyil və Azərbaycan Respublikasının Milli Məclisi ilə bağlı konstitusion termin kimi işlədilmir. Rəsmi termin “Milli Məclisin deputatı”dır və bunun da müəyyən hüquqi və terminoloji əsasları var.
Bu baxımdan, mən hesab edirəm ki, bu məsələ elmi müzakirə mövzusu kimi maraqlı olsa da, praktik müstəvidə mövcud terminologiyanı dəyişdirmək məqsədəuyğun deyil.
Ona görə də düşünürəm ki, bu müzakirə necə açılıbsa, elə həmin şəkildə də yekunlaşması daha doğru olardı".
Məsələyə həmçinin Bakı Dövlət Universitetinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli də öz münasibətini bildirib:

"Əlbəttə, akademik Rəfail Hüseynov tərəfindən təklif edilən variant elmi, dil və üslub baxımından, həmçinin mənanın dolğun ifadəsi nöqteyi-nəzərindən olduqca dəqiq və əsaslandırılmışdır. Lakin nəzərə almaq lazımdır ki, bu anlayış tarixən “Milli Məclis” adı ilə formalaşmışdır. Hesab edirəm ki, hazırkı mərhələdə onun dəyişdirilməsi müəyyən problemlərin yaranmasına səbəb ola bilər.
Məsələn, cümhuriyyət dövründə parlament “Məclisi-Məbusan” adlanırdı, yəni xalqın seçdiyi nümayəndələrin məclisi mənasını ifadə edirdi. Sonradan isə “Milli Məclis” adı qəbul edilmişdir. Türkiyədə bu qurum “Böyük Millət Məclisi” adlanır. Bir çox ərəb ölkələrində də parlamentlərə məzmun etibarilə “Milli Məclis” anlayışını ifadə edən adlar verilmişdir.
Beləliklə, mövcud vəziyyəti nəzərə alaraq hesab edirəm ki, bu adın dəyişdirilməsi müəyyən çətinliklər yarada bilər. Məhz buna görə də hazırkı mərhələdə deputatların əksəriyyəti mövcud adın saxlanılmasının tərəfdarıdır".
Elmir Heydərli
11:18 05.03.2026
Oxunuş sayı: 613