Məşhur vəkil Elman Paşayevin oğlu dələduzluq işi üzrə həbs edilib
Məşhur vəkil Elman Paşayevin oğlu, 26 yaşlı Elvin Paşayev Rusiyada qara rieltorlar işi çərçivəsində həbs olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, o, bu ilin fevral ayından istintaq təcridxanasında saxlanılır və xüsusilə böyük məbləğdə dələduzluqda ittiham edilir.
İstintaq materiallarına əsasən, cinayət işi 2025-ci ilin payızında Moskvanın bir mənzil sahibinin itkin düşməsi ilə bağlı başlanıb və ilkin olaraq qəsdən adam öldürmə maddəsi ilə araşdırılıb. Həmin mənzilin daha əvvəl Elvin Paşayevin atası Elman Paşayevlə əlaqəli olduğu bildirilir. Sonradan itkin düşən şəxsin meyiti tapılıb.
İddialara görə, sözügedən mənzil daha sonra Elman Paşayevin iştirakı ilə bağlı olan sxemlərdə istifadə olunub. 2024-cü ildə onun xüsusi hərbi əməliyyat zonasında olarkən mənzilin bir hərbçi adına rəsmiləşdirilməsi barədə razılaşma əldə etdiyi, daha sonra isə həmin hərbçinin mənzili Elvin Paşayevə ötürdüyü iddia edilir.
Hazırda Elvin Paşayevə yalnız dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.
Elman Paşayev isə Donetskdə başqa bir cinayət işi üzrə mühakimə olunur. O, bir neçə məhkəmə işinin nəticəsinə təsir göstərmək vədi ilə pul almaqda ittiham edilir.
21:40 15.06.2026
Oxunuş sayı: 60