Vərəm xəstələri azalır: Həkim statistikaya təsir edən əsas məqamları açıqladı
Azərbaycanda vərəm xəstəliyi ilə mübarizə istiqamətində son illərdə həyata keçirilən tədbirlər müsbət nəticələr verməyə başlayıb. Rəsmi məlumatlara görə, 2025-ci ildə vərəmli xəstələr arasında ölüm hallarında və ümumi xəstələnmə göstəricilərində əvvəlki illə müqayisədə əhəmiyyətli azalma qeydə alınıb.
Mütəxəssislərin sözlərinə görə, həm yeni aşkarlanan xəstələrin sayında, həm də xüsusilə uşaqlar arasında vərəm hallarının azalması diqqət çəkir. Bu dinamika ölkədə xəstəliyin erkən aşkarlanması, müalicə tədbirlərinin genişləndirilməsi və profilaktik tədbirlərin gücləndirilməsi ilə əlaqələndirilir.
Məsələ ilə bağlı tibbi üzrə fəlsəfə doktoru həkim onkoloq Fərid Museyibov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Əvvəlcə onu qeyd etmək lazımdır ki, müasir diaqnostika üsulları bu sahədə çox mühüm rol oynayır. Bu gün tibbin sürətlə inkişaf etdiyi bir dövrdə vərəm artıq əvvəlki kimi qorxulu xəstəlik hesab edilmir və vaxtında aşkarlanıb müalicə aparıldıqda tam sağalmaq mümkündür. Lakin,keçmiş dövrlərdə vəziyyət tamamilə fərqli idi. O zaman vərəmin müalicəsi ya çox çətin idi, ya da ümumiyyətlə mümkün deyildi. Nəticədə çox sayda insan bu xəstəlikdən həyatını itirirdi. Digər tərəfdən məlumdur ki, vərəm daha çox sosial-iqtisadi vəziyyəti zəif olan ölkələrdə, müharibə və ya aclıq kimi ağır şəraitlərin mövcud olduğu yerlərdə geniş yayılır. Buna görə də sosial və iqtisadi amillər bu xəstəliyin yayılmasında mühüm rol oynayır.Sevindirici haldır ki, ölkəmizin sosial-iqtisadi inkişafı, insanların həyat səviyyəsinin yüksəlməsi və sağlamlıqlarına daha məsuliyyətli yanaşmaları nəticəsində həm Azərbaycanda, həm də dünyada vərəm xəstələrinin sayı getdikcə azalır.
Müasir müalicə üsullarının tətbiqi isə bu xəstəliyin tam sağalmasına imkan verir.Burada peyvəndləmənin rolunu da xüsusi qeyd etmək lazımdır. Uşaqlıq dövründə aparılan peyvəndlər vərəmin qarşısının alınmasında çox mühüm əhəmiyyət daşıyır. Ümumiyyətlə, infeksion xəstəliklərin profilaktikasında peyvəndləmə ən təsirli vasitələrdən biridir. Azərbaycanda həyata keçirilən peyvənd proqramları da bu istiqamətdə mühüm nəticələr verir. Bunun nəticəsində həm ölkəmizdə, həm də dünyada vərəm xəstələrinin sayı tədricən azalır və bu xəstəlikdən ölüm halları minimum səviyyəyə enmək üzrədir".
Elmir Heydərli
09:51 04.03.2026
Oxunuş sayı: 607