Apteklərdə ciddi nöqsanlar aşkarlandı – sağlamlığımız risk altındadır?
2026-cı ilin yanvar ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən əczaçılıq müəssisələrində aparılan yoxlamalar ciddi problemləri üzə çıxarıb.
Keçirilən monitorinqlər zamanı bir sıra apteklərdə müxtəlif nöqsanların aşkar olunması dərman satışı sahəsində təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib.
Qeyd edək ki, bu cür nöqsanlar bəzi hallarda alıcılara səhv dərmanın təqdim olunmasına, dərmanların qarışdırılmasına və nəticədə insanların sağlamlığı üçün ciddi risklərin yaranmasına səbəb ola bilər.
Belə halların qarşısı vaxtında alınmadıqda, yanlış dərman istifadəsi hətta həyati təhlükə ilə nəticələnə bilər.
Tibb üzrə ekspert, həkim Rasif Bağırov Crossmedia.az-a açıqlamasında bütün müəssisələrdə belə nöqsanların çıxa biləcəyini qeyd edib:
"Bunların yüngül və çox ciddisi var. Ciddi nöqsanlar kifayət qədər problem yaradır. Çünki aptekdə olan nöqsanlar birbaşa insanların səhhətinə təsir edə biləcək dərəcədədir.
Ona görə də ciddi nöqsanların aradan qaldırılması çox vacib məsələdir. Bəzən görürük ki, aptek işçisinin sahəsi ilə bağlı kifayət qədər bilgisi olmur.
Eyni zamanda dərmanlarımızın bir çoxunun adları bir-birinə yaxındır. Bir dərman adı ilə digəri arasında heç olmasa 3 fərq olmalıdır. Lakin bizdə 1 dənə hərf fərqi olur. Bununla da tərkibi fərqli olan dərmanları qarışdırırlar".
Həkim bu işdə aptek işçilərinin böyük məsuliyyət daşıdıqlarını vurğulayıb:
"Aptek işçisi səriştəsiz olduqda dərmanları qarışdıra bilər. Nəticədə insan bunu qəbul edərkən əziyyət çəkə bilər.
Buna görə də aptek işçilərinin öz vəzifələrinə uyğun gələ bilməməsi anlayışı çox ciddi nöqsandır. İnsan səhhəti ilə bağlı olan məsələdə nöqsan minimum olmalıdır".
Fatimə Məmmədova
13:36 02.03.2026
Oxunuş sayı: 661