Eşqin sultanı: Mövlana və ilahi məhəbbətin sirri
Dedilər ki, gözdən iraq olan könüldən də iraq olar,
Dedim ki, könülə girən gözdən iraq olsa nə olar...
Orta əsrlər Şərqinin dini-fəlsəfi fikri və poetik düşüncəsinə önəmli təsir göstərən və onu istiqamətləndirən təkrarsız təklərdən biri, özündən sonra əzəmi bir irs qoyub gedən, hələ sağlığında şəxsiyyəti əfsanəyə çevrilən, müqəddəs elan edilən, Xudavəndiyar, Sultanul-Aşiqin, Sultanul-Muhibbin ləqəbləri ilə tanınan, Haqq aşiqi, Eşq və sülh carçısı Mövlana Cəlaləddin Rumi.
Aşiq gördük Mövlana adında, məqamlı, hallı, yaşantılı
Mövlana Cəlaləddin Rumi 30 sentyabr 1207-ci ildə indiki Əfqanıstan sərhədləri daxilində olan Bəlx şəhərində dünyaya göz açmışdır.

Əsl adı Muhəmməd Cəlaləddin olmuş, Mövlana ləqəbi isə ona gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda Şeyx Sədrəddin Konyəvi tərəfindən verilmişdir. Həyatının böyük hissəsini Rum diyarında keçirdiyi üçün ona Rumi adını da vermişlər.
Atası Sultanul-Üləma (alimlər sultanı) ləqəbi ilə tanınmış Muhəmməd Bəhaəddin Vələd, anası isə əsil-nəcabətli bir ailəyə mənsub olan Möminə xatun idi. Mövlananın həyatındakı ən təsirli fiqur da məhz atası olmuşdur.
İlahi həqiqət və elmlərdə ucsuz-bucaqsız bir dəniz halına gələn Bəhaəddin Vələd Xorasan diyarının ən əxlaqlı, ən alim şəxsi idi. Çoxlu tələbələr yetişdirir, camaata xütbə oxuyur, ən çətin fətvaları həll edirdi. Xalqın ona olan sevgisi zəmanəsinin padşahı olan Xarəzmşahı çox düşündürmüş və o, qorxusunu dəf edə bilməyərək Bəhaəddin Vələdə xəbər göndərmişdi:
- Əgər razı olarsa, bu ölkəni tərk edib başqa ölkəyə gedərəm. Bir ölkədə iki padşah olmaz.
Bu xəbərdən təsirlənən Bəhaəddin Vələd ona belə cavab verir:
- Bu dünyanın fani ölkələri, xəzinələri, taxtları padşahlara yaraşar. Biz elm adamı və dərvişik, bizə səltənət yaraşmaz. Biz buradan xoşluqla gedək ki, padşah rahatlıqla öz ölkəsində hökm edə bilsin.
Bəzi mənbələrə görə isə monqol hücumları, Bəhaəddin Vələd ilə digər alimlər arasında yaranan anlaşılmazlıqlar səbəbindən Bəlxdən köç etmişlər.
Bir müddət sonra onların karvanı Nişapura çatır. Burada zəmanəsinin böyük vəlilərindən biri olan Fəriduddin Əttarla görüşüb söhbət edirlər.
Söhbət əsnasında Fəriduddin Əttar 12 yaşlı Mövlanadakı böyüklüyü sezir və ona “Əsrarnamə” əsərini verir. Atasına isə “Çox keçməyəcək, sənin bu oğlun aləmdə İlahi eşqlə yanacaq və qəlblərə atəş salacaq” deyir.
Həqiqətən də belə olur. Allahın məhəbbəti ilə yanır, Ona qovuşmaq arzusu ilə çırpınırdı Mövlana. Onun qayəsi insanları mənəvi paklığa çağıran, daxili təkamül yolu ilə sevgini, şəfqəti, qardaşlığı bütün insanlara tövsiyə edən və buna görə də yalnız islam dinində deyil, bütün dinlər və millətlər tərəfindən təqdir edilən dahi şəxsiyyətə çevrildi. Mövlananın görüş dairəsi o qədər geniş, mürəkkəb, rəngarəng, bəzi hallarda ziddiyyətlidir ki, burada vahid sistem yaratmaq, məntiqi ardıcıllığa tam əməl etmək, mövzuları bir ad altında birləşdirmək çox çətindir. Lakin onun bütün fikirlərini birləşdirən bir ideya var: bütün mövcudatın Allahda birləşməsi, fanilik və ilahi eşq.
Nişapurdan sonra ailə Bağdad, Məkkə, Şam, Hələb və Malatya şəhərlərinə, oradan da Ərzincana gəlmiş və nəhayət, Rum diyarına (Anadolu) üz tutmuş, Larəndədə (Qaraman) yerləşmişlər.
Burada 7 il qalmış, bir müddət sonra Səlcuq sultanı Əlaəddin Keyqubadın dəvətilə Konyaya yola düşmüşlər. Böyük hörmətlə qarşılanan ailə mədrəsədə yerləşdirilmiş və Mövlana burada da təhsilini davam etdirmişdir.
2 il sonra atasının ölümünün ardından Qaramana qayıtmaq istəmiş, lakin atasının tələbələrindən olan Bürhanəddin Tirmizinin Konyaya gəldiyini eşidib onunla görüşür və beləliklə, Tirmizi onun mənəvi tərbiyəsi ilə məşğul olmağa başlayır.
Zahiri elmlərdə mükəmməl dərəcəyə çatan Mövlana mücahidə (nəfsi yenmək üçün səy göstərmək) və riyazət (dünya ləzzətlərindən və rahatlığından çəkinmək) ilə məşğul olmağa başlayır. Tirmizinin söhbətləri ilə kamilləşən, başdan-ayağa nura qərq olan Mövlana maddiyyatdan qurtulub məna sultanı olur.
Müəlliminin tövsiyəsi ilə elm təhsili almaq üçün Hələb və Şam şəhərlərinə gedir. Orada Kəmaləddin ibn Adım, Muhyiddin ibn Ərəbi, Səadəddin Həməvi, Osman Rumi, Sədrəddin Konyəvi kimi zəmanəsinin böyük alim və vəliləri ilə söhbət edib, onlardan da elm öyrənir. Təfsir, hədis, fiqh, məntiq, üsul, ədəbiyyat, riyaziyyat, təbabət kimi bir çox zahiri elmlərdə mütəxəssis olur. Gündüzləri elm öyrənib, gecələrini ibadətlə Allahı zikr edərək və Quran oxuyaraq keçirirdi.

Mənəviyyat elmində də yüksək dərəcələrə çatan Mövlana təhsilini bitirdikdən sonra Kayseriyə hicrət edən Seyid Bürhanəddini ziyarət edir və birlikdə Konyaya qayıdırlar. Konyaya qayıtdıqdan sonra Mövlana yenə riyazət və ibadətlərlə məşğul olmağa başlayır.
Zaman keçir, Mövlananın kifayət qədər yetişdiyini görən Seyid Bürhanəddin ona deyir:
- Oğlum! İndiyə qədər bildiyim nə varsa, hamısını sənə öyrətdim. Bundan sonra sənin yanına böyük bir dost gələcək, bir-birinizin aynası olacaqsınız. Bir-birinizi tamamlayacaq və yer üzərinin iki ən böyük dostu olacaqsınız. Mən isə Kayseriyə gedib ömrümün sonunu orada keçirəcəyəm.
Mövlanaya ayna olan kim idi?
İlahi eşqlə dolub-daşan,həyatı əfsanələrin içində itib batmış, həqiqət günəşi Şəms Təbrizi
O da Mövlana kimi Haqq aşiqi idi. Daima “Allahım! Örtülü dostlarından birini mənə göstər!”,- deyə dua edərdi. Yuxusunda da ona istədiyinin Anadoluda Bəhaəddin Vələdin oğlu Mövlana Cəlaləddin Rumi olduğu bəyan edilmişdi.
1244-cü ilin payızında Şəms Təbrizi Konyaya gəlir və Səlcuqilər karvansarayında yerləşir. Bir gün tələbələri ilə oradan keçərkən Mövlana onu görür və öz-özünə “Yad adama bənzəyir, burada belə bir şəxsi heç vaxt görməmişəm. Nə qədər də nurlu üzü var” deyə düşünərkən Şəms onu saxlayır. Mövlana “Buyurun!” deyir.
- Bir sualım var. Allahın bəndələrindən kim daha böyükdür – Həzrəti Muhəmməd, yoxsa Bəyazid Bistami?
- Bu necə sualdır? Əlbəttə ki Həzrəti Muhəmməd böyükdür. Bütün aləm və Bəyazid onun hörmətinə yaradılmışdır.
- Bəs nə üçün Həzrəti Muhəmməd “Ya Rəbb! Biz Səni layiqi ilə tanıya bilmədik” dediyi halda Bəyazid “Mənim şanım nə ucadır!” demişdir?
- Bəyazidin qəlbi o qədər geniş olmadığı üçün İlahi feyzlərə dözməyib təcəlli ilə dolub-daşdı. Həzrəti Muhəmmədin mübarək qəlbi isə elə bir dərya idi ki, ona nə qədər mərifət, İlahi eşq təcəlli etsə də, onu öz içinə alar, əhatə edərdi.
Bu cavab qarşısında heyrətə düşən Şəms “Allah!” deyərək özündən gedir. Mövlana dərhal onu qucaqlayır. Beləcə bir-birini axtaran iki İlahi aşiq, iki qütb, iki məna dənizi, iki nur qovuşur, Mövlananın kölgəsi Şəmsin nurundan yox olur.
Bir çoxları Ruminin həyatında Şəmslə bağlı süjetləri əfsanə hesab edir, lakin Rumi qəzəllərinin bir çoxu Şəmsin imzasıyla “möhürlənib”, “Divani-Kəbir”in ikinci adı da “Divani-Şəms”dir.
Şəmsi tapan Mövlana “itməyə” başlayır. Şəms onun üçün ilahinin yer üzündəki təcəllasına çevrilir. Şəmsin mənəvi cazibəsi Mövlananı elə bürüyür ki, nə mədrəsəyə ayaq basır, nə məscidə xütbə oxumağa gedirdi. Tələbələr başlı-başına qalır, valideynlər şikayətlənir, hətta ailəsi də onun üzünü görmürdü. Mövlananın oğlu Sultan Vələd belə rəvayət edərmiş:
“Şəms Təbrizi atama məşuqluq halından, İlahi mərifətdən, Allahın zat və sifətlərinə aid incə biliklərdən bəhs edir, atam da bunları böyük bir şövq içində dinəyirdi. Əvvəllər hamı atama tabe olardı, indi isə atam Şəmsə tabe idi”.
Şəms Mövlanaya ayna, Mövlana da Şəmsin aynasında gördüyü öz gözəlliyinə aşiq olur. Mövlana eşq şərabı, Şəms də ona bir qədəh olur. Şəms Mövlananın içində elə atəş yandırır ki, o alovdan özü də yanır.
Bəzi insanlar bu iki İlahi dostun söhbətlərindəki sirri dərk etməkdə aciz olduqları üçün şayiələr yaymağa, Şəms haqqında münasib olmayan sözlər söyləməyə başladılar. Aradan bir müddət keçdikdən sonra söz-söhbətlər daha da yayılmağa, Şəms Mövlananın tələbələrinə onu görməyə icazə vermədiyində isə daha da şiddətlənməyə başladı. Hadisələrin cərəyanından Konyada qala bilməyəcəyini anlayan Şəms 1246-cı ildə gözlənilmədən çıxıb gedir.
Şəmsin ayrılığından dərin iztiraba düşən Mövlana onun ayrılıq həsrəti və məhəbbətilə yanıb-qovrularaq qəsidələr söyləyir, “Ondan bir işarə bildirənə müjdə olaraq canımı verərəm” deyirdi.
Aylar keçir, fitnə ortadan qalxır, Şəmslə düşmənçilik edənlər peşman olub Mövlanadan üzr istəyirlər. Mövlana oğlu Sultan Vələdi Şama göndərmək qərarına gəlir. Şəmsi tapan Sultan Vələd atasının onu Konyaya dəvət etdiyini, bu fitnəni törədənlərin tövbə etdiklərini və Mövlanadan üzr istədiklərini söyləyir. Şəms “Gəlməyimiz üçün peyğəmbər əxlaqlı Mövlananın dəvəti bizə yetərlidir” deyir.
Beləcə 1247-ci ildə iki dost yenidən görüşür və Mövlananın mədrəsəsinə gəlirlər. Orada dərin söhbətlərə başlayırlar, lakin yenə də fitnələr qaynamağa başlayır. Qısqanc hərəkətlər, dedi-qodulardan narahat olan Şəms “Bu dəfə elə gedəcəyəm ki, heç kəs harada olduğumu bilməyəcək, axtarıb-tapmaqda aciz qalacaqlar” deyir.
Günlərin bir günü Şəms gözlənilmədən yoxa çıxır. Tarixi qaynaqlara görə, Şəms Ruminin kiçik oğlu Əlaəddinin dolayısı və ya bilavasitə iştirakı ilə öldürülərək quyuya atılıb. Bir qədər sonra Sultan Vələd onun meyitini tapıb Konya qəbiristanlığında dəfn edib. Bütün bunlardan xəbərsiz olan Mövlana dəhşətli ümidsizliyə qapılıb başını itirir və Şəmsi tapmaq ümidi ilə iki dəfə Dəməşqə gedir.
Şəmsi əbədi itirdiyini dərk edən Mövlananın qüssə və kədəri o qədər qüvvətli idi ki, yaxınları onun ağlını itirəcəyindən təşviş keçirirdilər. Mövlana yaşadığı ağır sarsıntılara baxmayaraq nə ağlını itirdi, nə də əvvəlki həyatına qayıtdı. Əksinə, bu hadisələr onun daxilindəki gücü və istedadı daha da oyatdı. Dostu Şəmsin itkisi və ayrılığın yaratdığı dərin kədər qəlbindən keçib șeirə-sənətə çevrildi.
Mövlana Şəmsi unutmamışdı, unutmayacaqdı da. Özünün də qeyd etdiyi kimi, Şəmsi öz varlığında tapmışdı. Şəms Təbrizi ilə görüşənə qədər ağıl və məntiqə əsaslanan, kəlam alimi olan Mövlana Şəms gəlməsəydi bəlkə də Mövlana olmayacaq, sıra şeyxlərdən şeyx, saysız sufilərdən bir sufi olacaqdı.
1273-cü ilin dekabrında Mövlana xəstələnir və əbədiyyət aləminə köçür. Onun ölümü böyük xalq kədərinə səbəb olmuşdur. Millətindən, irqindən və dinindən asılı olmayaraq bütün Konya əhli ona göz yaşları axıtmışdı. Müsəlmanların bəzilərinin “Müsəlman olmayanlar kənara çəkilsin” sözlərinə bir rahib etiraz edərək “O sizin olduğu kimi bizim də sevdiyimizdir. Biz Həzrəti İsa, Həzrəti Musa və bütün peyğəmbərlərin həqiqətlərini onun sözlərindən anladıq, oxuduqlarımızı onda gördük” demişdir.

Mövlana atasının məzarının yanında dəfn olunmuşdur. O, ölüm gününü “şəbi-əruz” yəni toy gecəsi adlandırmışdır. Yəni Mövlana ölümü Allahla qovuşma, Yaradanla görüş, əbədi həyata keçid kimi anlayırdı. Onun üçün ölüm “bitmək” yox, “yenidən doğmaq” idi. Ona görə də heç kəsin yas tutmamasını vəsiyyət etmişdir:
“Öldüyüm gün tabutumu çiyinlər üzərində gördüyün zaman məndə bu cahanın dərdi var sanma! Mənim üçün ağlama! Ah-vay etmə! Şeytanın tələsinə düşərsənsə, o zaman ah-vay et!
Məzar Cənnət qapısının pərdəsidir. Batmağı gördün, indi doğmağı da seyr et! Günəş və aya batmaqdan nə ziyan gələr? Sənə batmaq kimi görünər, lakin o, əslində yenidən doğmaqdadır. Məzar isə həbsxana kimi görünər, lakin əslində canın həbsdən qurtuluşudur.
Torpağa hansı toxum əkildi ki, o bitmədi? Nə üçün insan toxumuna gəlincə bitməyəcək sanırsan?
Mövlana yaradıcılığı lirik poeziyada öz dövrünün ənənəsini əks etdirir və təsəvvüfi-irfançı poeziyanın “qızıl dövrü” adlandırılır. Sanki Mövlana təsəvvüfü əbədiləşdirmək üçün şair olmuşdur. Əslində o, öz poetik yaradıcılığına biganə olsa da bütün dünya onu böyük şair kimi tanıyır. Çünki o, bədii təsəvvüf cərəyanı açmağa müvəffəq olanların başındadır. Şeirlərindəki rəng, işıq, nəşə İlahi bir eşqə qüvvət vermişdir. Pərəstişkarlarının da dediyi kimi, onun şeirləri qəlbindən doğan Tanrı səsi idi.
Şeirlərində vəzn və qafiyə baxımından qüsurlar olduğunu etiraf edən Mövlana, əslində poetik ilham və ruh baxımından zirvəyə yüksəlmişdir.
Onun əsərlərini beş qrupa bölürlər: “Divani-Kəbir”, “Fifi Ma Fih”, “Məcalisi-Səba”, “Məktubat” və “Məsnəvi”.
“Divani-Kəbir” – Cəlaləddin Ruminin ən möhtəşəm və həcmli əsərlərindən biridir və təsəvvüfi eşq kitabıdır. Bu əsər təsəvvüfi qəzəlləri və rübailəri birləşdirən 24 divandan ibarətdir. Əsərdə ümumilikdə 44834 beyt vardır. Buna 1765 rübainin 3530 beytini də əlavə etdikdə beytlərin ümumi sayı 48364-ə çatır. Bu, klassik Şərq ədəbiyyatında nadir rast gəlinən böyük həcmli poetik irs nümunəsidir.
“Divani-Kəbir”in dili farscadır, bununla belə, əsərin içərisində az sayda ərəb, türk və rum dillərində də şeirlərə rast gəlinir.
Mövlana qəzəllərində can dostu Şəms Təbrizinin adını tez-tez çəkdiyinə görə, bu əsəri “Divani-Şəmsi-Təbrizi” də adlandırırlar.
“Divani-Kəbir” ilk dəfə məşhur türk tədqiqatçısı və mövlanəşünas alim Əbdülbaki Gölpınarlı tərəfindən türk dilinə tərcümə edilmişdir.
Belə bir faktı da qeyd etməliyik ki, Rumi öz şeirlərini əsasən fars dilində yazdığı üçün farslar onu öz şairləri hesab edirlər. Lakin o özü şəxsən türk olduğunu yazmışdır:
“Yabançı bilməyin, mən də bu eldənəm, sizin diyarda öz ocağımı aramaqdayam. Düşmən kimi görünsəm də, düşmən deyiləm. Hindcə söyləyirəm, fəqət əslim türkdür”.
“Fihi Ma-Fih” (“Onun içindəki içindədir”) – Mövlananın söhbətlərinin sonradan qələmə alınması ilə formalaşmışdır. Oğlu Sultan Vələd və başqa müridlər onun söylədiyi fikirləri toplayaraq kitab halına salmış və sonra Mövlanaya təqdim etmişlər, o, əsəri nəzərdən keçirərək “Onun içindəki içindədir” demişdi, yəni onun içindəki sözlər təriqətimdə olanlardır.
Əsərin bəzi hissələri Mövlananın yaxın dostu, Səlcuq dövlət xadimi Muinəddin Süleyman Pərvanəyə xitabən söylənmişdir. Bu fakt göstərir ki, Mövlananın irfani düşüncəsi yalnız dərviş çevrəsinə deyil, dövlət elitasına da təsir edirdi.
Əsərdə əsas mövzular Allah, Peyğəmbər, Quran, iman, ibadət, bilik, hikmət, arif, həqiqət, kəramət, təfəkkür, məna, qəlb, vəhdət, eşq, insan, ruh, tərbiyə və ədəbdən ibarətdir. Burada həmçinin təsəvvüfi dünya və axirət anlayışı, seyri-süluk və dərvişlik dərəcələri, mürşid-mürid münasibətləri, iman, eşq, əməl, əxlaq və ibadət mövzuları “Məsnəvi”də olduğu kimi, hekayələrlə izah edilir.
“Məcalisi-Səba” – Ruminin yeddi məclisdə söylədiyi öyüd-nəsihət əsasında meydana gələn əsərdir. Şəms Təbrizi ilə görüşündən əvvəl Mövlana mədrəsədə və camidə vəz ilə çıxış edir, dərs verirdi. Oğlu Sultan Vələd və müridlər tərəfindən toplanan bu nəsihətlər kitab halına salınmışdır.
Əsərdə məclislər xütbə ilə başlayır, Tanrının qüdrəti, əzəməti, birliyi tərif edilir, sözə və mövzuya uyğun olaraq Qurandan ayələr və hədislərdən misallar gətirilir, şərh edilir, bəzi hekayələr və şeirlər söylənilirdi. Burada dini-əxlaqi, xüsusən sufi mövzular əsas yer tutur.
“Məktubat” – Mövlananın Səlcuq dövlətinin rəhbərlərinə, başda sultan olmaqla vəzirlərə, əmirlərə, dostlarına hər hansı bir mövzu ətrafında yazdığı 145 (bəzi mənbələrə görə, 147) məktubun toplusundan ibarətdir. Bu məktublar öyüd-nəsihət verən, doğru və həqiqəti göstərən gözəl üslubda yazılmışdır. Burada da ayələr, hədislər, beytlərdən geniş istifadə edilmişdir.
“Məsnəvi” – Rumi yaradıcılığının zirvəsi, şah əsəridir. Təsəvvüf tarixində məzmunca bir-birinə çox yaxın olan xeyli əsərlər yazılsa da, heç biri “Məsnəvi” qədər geniş yayılmamış, sufi poeziyasının heç bir əsəri belə diqqətlə öyrənilməmiş, bu qədər əks-səda doğurmamışdı. Hətta böyük sufi şair Əbdürrəhman Cami bu poemanı “pəhləvi dilində Quran” adlandırmışdı.
Hesab olunur ki, “Məsnəvi” impulsiv-yüksək və gərgin vəcd halında, əvvəldən hazırlanmış plan olmadan, vahid süjet xətti olmadan yaranmışdır. Əslində belə bir fikir də var ki, 26 min beyti olan “Məsnəvi” tamamlanmayıb. Hətta Ruminin özü də poemanın tamamlanmasını mümkün hesab etmirdi.
Mövlana haqqında bioqrafik roman-tədqiqat janrında əsər yazmış Radi Fiş yazır: “Dünya ədəbiyyatı “Məsnəvi” kimi kitab görməyib və görmür. Bu kitab yazılmayıb, şair tərəfindən söylənilib. Oxumaq üçün deyil, ucadan deyilərək dinləmək üçün poeziyadır”.
Mövlananın “Məsnəvi”si Quranın daxili mənasını açır. Əslində onun bütün kəlamları Qurani-Kərimin ayələrinə və Həzrəti Muhəmmədin hədislərinə dayanır. Belə ki, poemada 760 dəfə Quran, 745 dəfə hədislərdən sitat gətirilir.
Poema özündə həmin dövrdə Şərqdə məlum olan bütün mistik nəzəriyyələri birləşdirsə də, burada belə bir paradoksal vəziyyət yaranır: “Məsnəvi” əvvəlki təsəvvüf təlimlərini özündə birləşdirsə də, bütöv nəzəri sistem yaratmır. “Məsnəvi”də panteizmdən tutmuş, şəxsiyyətin mistisizminə, ekstatik məhəbbətdən tutmuş qanunpərəst ortodoksluğa qədər nə axtarsaq, onu tapırıq. “Məsnəvi”də son yoxdur. O, sözün həqiqi mənasında təsəvvüf ensiklopediyasıdır.
Mövlana zamanın fövqündə dayanan biridir və bu gün də öz əsərləri ilə haqqa yönələnlərə bələdçilik edir, heç vaxt tükənməyəcək sözü ilə, heç vaxt dəbdən düşməyəcək poeziyası ilə, hər misranın arxasından boylanan gizli mənaları ilə ruhumuza dayaq durur, qəlbimizə təskinlik verir. O, insan ruhunun danışa bildiyi ən saf dildir. Hər şey dəyişsə də, insanın özünü axtarma ehtiyacı heç vaxt dəyişmir. Bu axtarış davam etdikcə Mövlana da davam edəcək – sükutda danışan, sözdə susan bir hikmət kimi.
Nigar Yahyazadə
13:30 28.02.2026
Oxunuş sayı: 1447