İmsakda nə yemək lazımdır ki, gün boyu tox saxlaın?
Ramazan ayı davam edir və artıq orucun ilk günlərinin yorğunluğu bir çox insan tərəfindən hiss olunmağa başlayıb. Gün ərzində aclıq və susuzluqla üzləşənlər üçün imsakda qəbul edilən qidalar xüsusi əhəmiyyət daşıyır. Lakin bəzi hallarda insanlar səhər yeməyində elə qidalar seçirlər ki, bu da günorta saatlarından etibarən tez acmağa və halsızlığa səbəb olur. Xüsusilə şəkərli və sadə karbohidratlı qidalar qısa müddətli toxluq hissi yaradır. Mütəxəssislər isə bildirirlər ki, gün boyu enerjili qalmaq üçün imsak süfrəsində düzgün və balanslı seçim etmək vacibdir.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan qida eksperti Ağa Salamov qeyd edib ki, səhər yeməyində ilk seçimlərdən biri yumurta olmalıdır. Onun sözlərinə görə, insan üçün tox tutan qidalar sırasında yumurta ön planda gəlir: " Yumurta həm zülalla zəngindir, həm də əvəzolunmaz amin turşuları və vitaminlərlə boldur. Bu da orqanizmə “doydum” siqnalını göndərməyə kömək edir və uzun müddət toxluq hissi yaradır. Yumurta səhər yeməyində yeyilməlidir. Onu kərə yağı və ya zeytun yağı ilə bişirmək daha məqsədəuyğundur Bundan əlavə, çərəzlər də səhər qidasında yer almalıdır. Tərkibindəki faydalı yağlar, karbohidratlar və lif sayəsində insanı gün ərzində tox saxlayır. Badam, qoz, fındıq və s. kimi çərəzlərdən istifadə etmək tövsiyə olunur. Yaşıl çay və ya qara çay içilə bilər. Çayın yanında xurma, quru əncir və digər quru meyvələr də faydalıdır".
Ekspert, həmçinin bildirib ki, süfrədə zeytun və zeytun yağı ilə hazırlanmış salatlar olmalıdır: " Tam buğda unundan hazırlanmış çörək daha faydalıdır və insanı uzun müddət tox saxlayır. Ağ undan hazırlanmış çörək isə gün ərzində tez acmağa səbəb ola bilər. Tam buğda çörəyində kəpək və rüşeym hissəsi saxlanıldığı üçün daha faydalıdır. Mövsümi meyvələr və tərəvəz salatları səhər yeməyinə əlavə edilə bilər. Ağartı məhsulları da unudulmamalıdır. Onlar kalsiumla zəngindir və orqanizm üçün faydalıdır. Düzgün və balanslı səhər yeməyi gün ərzində enerjili və tox qalmağa kömək edir".
Fatimə Məmmədova
11:30 27.02.2026
Oxunuş sayı: 703