Fiziki aktivlik yaddaşı inkişaf etdirir - HƏKİM
Alimlər fiziki aktivliyin beyin funksiyalarına müsbət təsirinin arxasında duran bioloji mexanizmi müəyyənləşdiriblər. Tədqiqat nəticələrinə görə, müntəzəm məşqlər beynin təbii müdafiə sistemini gücləndirərək yaddaş və təfəkkürün qorunmasına, eləcə də yaşla bağlı zədələnmələrə qarşı müqavimətin artmasına kömək edir.
“Cell” jurnalında dərc olunan araşdırmada qeyd olunur ki, fiziki aktivlik hematoensefalik baryerin bütövlüyünün qorunmasında mühüm rol oynayır. Məhz bu baryerin zəifləməsi zərərli maddələrin beyin toxumasına daxil olmasına, iltihabın artmasına və koqnitiv tənəzzül riskinin yüksəlməsinə səbəb ola bilər.

Məsələ ilə bağlı tibb üzrə fəlsəfə doktoru, həkim- onkoloq Fərid Museyibov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Təbii ki, digər ciddi xəstəliklər kimi Alzheimer xəstəliyi də son zamanlar geniş şəkildə artmaqdadır. Adətən bu xəstəliyə 60–65 yaşdan yuxarı şəxslərdə rast gəlinir, lakin son dövrlərdə müşahidə edirik ki, digər xəstəliklər kimi Alzheimer xəstəliyi də xeyli “cavanlaşıb”. Artıq bəzən 50 yaşdan yuxarı şəxslərdə də bu hallara rast gəlmək mümkündür. Bunun əsas səbəbləri sırasında artıq çəki amili, həmçinin baş beyində anormal zülalların (proteinlərin) toplanması xüsusi yer tutur ki, bu da Alzheimer xəstəliyinin əsas səbəblərindən biri hesab olunur. Ümumiyyətlə, bu xəstəliyin müalicəsinə gəldikdə isə qeyd etmək lazımdır ki, uzunmüddətli vaxt və davamlı yanaşma tələb olunur ki, müalicədə müəyyən müsbət nəticələrə nail olmaq mümkün olsun. O ki qaldı idmanla bağlı məsələyə, təbii ki, fiziki məşqlər stress hormonlarının tənzimlənməsinə, ümumi fiziki formanın yaxşılaşmasına və neyrotransmitterlərin sərbəst buraxılmasına kömək edə bilər. İdman təkcə baş- beyin sağlamlığı üçün deyil, digər orqanların sağlamlığı baxımından da mühüm rol oynayır. Həm əzələlərin, həm ürəyin, həm də ağciyərlərin fəaliyyətinin gücləndirilməsində və müxtəlif xəstəliklərin qarşısının alınmasında müntəzəm fizikiaktivliyin böyük müsbət təsiri vardır. Bundan əlavə, idman depressiyanın qarşısının alınmasına kömək edir və psixi sağlamlıq problemlərindən əziyyət çəkən insanlara ciddi dəstək göstərir. Eyni zamanda, ətraf mühit amilini də xüsusi qeyd etməliyik; təmiz havada gəzmək və aktiv həyat tərzi digər xəstəliklərin profilaktikasında mühüm rol oynayır".
Elmir Heydərli
13:17 26.02.2026
Oxunuş sayı: 588