Onkoloqdan XƏBƏRDARLIQ: qızardılmış və fast-food qidalar xərçəng riskini artırır
Sağlam qidalanma yalnız seçilən məhsullarla deyil, eyni zamanda onların hansı üsulla hazırlanması ilə də birbaşa bağlıdır. Mütəxəssislər bildirirlər ki, qidaların yüksək temperaturda, xüsusilə də yandırılaraq bişirilməsi sağlamlıq üçün ciddi risklər yarada bilər. Bu baxımdan bişirmə üsulunun düzgün seçilməsi həm gündəlik qidalanma keyfiyyətinə, həm də uzunmüddətli sağlamlığa mühüm təsir göstərir.

Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Musayev Crossmedia.az-a bildirib ki, zərərli qidalanma vərdişləri onkoloji xəstəliklərin artmasında əsas risk faktorlarından biridir: "Fast- foodlar, kolbasa- sosislərdən, tez bişə bilən qidalardan nə qədər uzaq qalsaq, o qədər yaxşıdır. Beləliklə, xərçəngə ehtimalı azalır. Təbii ki, bu qidalarda yağlar yandırıldıqda və yaxud bir neçə dəfə istifadə olunduqda kanserogen maddələr əmələ gəlir. Bu isə real onkoloji xəstəliklərin əsas səbəblərindən biridir. Ona görə də yaxşı olar ki, bu cür qidalardan mümkün qədər uzaq duraq”.
Həkim vurğulayıb ki, xüsusilə qızardılmış yeməklər mədə-bağırsaq sistemi üçün əlavə yük yaradır və uzunmüddətli perspektivdə sağlamlıq üçün risk formalaşdırır:
“Qızartma yeməklərdən uzaq olmaq həm mədə-bağırsaq sistemi üçün, həm də onkoloji xəstəliklərin yaranmaması baxımından çox önəmlidir. Suda bişirilmiş yeməklərdə nə qızartmadan söhbət gedir, nə də zərərli yağlardan istifadə olunur. Bu isə həm həzm sistemi üçün daha əlverişlidir, həm də xərçəng xəstəliklərinin profilaktikası baxımından müsbət addımdır”.
Onun sözlərinə görə, ultra emal olunmuş qidalar və şəkərli içkilər də risk faktorları sırasındadır:
“Tez bişən və ultra emal olunmuş qidalardan nə qədər çox uzaq dursaq, bir o qədər yaxşıdır. Buraya qazlı və rəngli içkilər də daxildir. Bunların hamısı onkoloji xəstəliklərin yaranmasına təsir edən əsas amillər sırasında göstərilir”.
Mehriban Yariyeva
15:28 25.02.2026
Oxunuş sayı: 720