Fast Food və gənclərin sağlamlığı: niyə oturaq yemək vacibdir?
Gündəlik həyatımızda, xüsusilə də gənclər arasında ayaqüstü yeməklər və fast food qidalar artıq adi hala çevrilib.
Valideynlər övladlarını bu cür qidalardan uzaq tutmağa çalışsalar da, bir çox gənc yenə də sürətli və hazır yeməklərə üstünlük verir. Zaman çatışmazlığı, rahatlıq və formalaşmış vərdişlər bu seçimi daha da artırır.
Halbuki, bu qidaların tez-tez istifadəsi sağlamlıq üçün ciddi fəsadlara yol aça, gələcəkdə müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.
Crossmedia.az-a danışan Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev insanların digər canlılardan fərqini belə izah edib:

“Biz yeməyimizi mətbəxdə bişirir, masada oturaraq yeyirik. Amma digər canlılar yeriyə-yeriyə, məsələn, ot qəbul edirlər. Bunun bir səbəbi var. İnsan orqanizmi elə qurulub ki, yeriyərkən ürək və damar sistemi aktiv işləyir, lakin mədə-bağırsaq sistemi eyni səviyyədə fəaliyyət göstərmir. Qaçarkən ürək daha sürətli döyünür, nəfəsalma artır. Bu zaman mədə-bağırsaq sisteminin peristaltik hərəkətləri zəifləyir, həzm şirələrinin, fermentlərin və digər maddələrin ifrazı azalır. Buna görə də, hərəkət halında qidalanmaq düzgün deyil. Heyvanlarda isə vəziyyət fərqlidir – onlar yeriyə-yeriyə qidalana bilir və həzm sistemi buna uyğun fəaliyyət göstərir. İnsan üçün isə qidalanma oturaq vəziyyətdə olmalıdır”.
A.Əliyevin sözlərinə görə, ayaqüstü qidalanmanın digər təhlükəsi gigiyena ilə bağlıdır:
“Yol boyu yemək yeyərkən toz, hava çirkliliyi və digər ekoloji faktorlar qidaya təsir edir. Bəziləri isə eyni anda həm yemək yeyir, həm telefona baxır, həm də qulaqcıqdan istifadə edir. Bu, normal fizioloji proses deyil.
Çalışmaq lazımdır ki, qidalanma sakit və oturaq şəkildə həyata keçirilsin. Fast food qidalara isə gündəlik deyil, nadir hallarda üstünlük verilməlidir. Çünki eyni yağın 5-10 dəfə istifadə olunması həmin qidaların keyfiyyətini ciddi şəkildə aşağı salır. Gündəlik olaraq fast food yemək sağlamlıq üçün düzgün seçim deyil”.
Fatimə Məmmədova
14:51 25.02.2026
Oxunuş sayı: 624