Üzərliyin bilinməyən tərəfləri - Həkim xəbərdarlıq etdi
Son dövrlərdə sosial şəbəkələrdə və informasiya məkanında üzərlik bitkisinin istifadəsi, xarici ölkələrə aparılması və bununla bağlı hüquqi məsuliyyət riskləri barədə yayılan məlumatlar ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Bu kontekstdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yayılan rəsmi açıqlama vətəndaşların sağlamlığının qorunması və hüquqi maarifləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Nazirliyin məlumatında üzərlik bitkisinin tərkibində mərkəzi sinir sisteminə təsir göstərən psixoaktiv alkaloidlərin mövcud olduğu, həmçinin bəzi ölkələrdə bu bitkinin nəzarətə alınan maddələr siyahısına daxil edildiyi vurğulanır. Bu isə göstərir ki, ənənəvi istifadəsinə baxmayaraq, üzərliyin xarici ölkələrə aparılması həm sağlamlıq, həm də hüquqi baxımdan ciddi risklər yarada bilər. Buna görə də rəsmi qurum vətəndaşlara səyahət zamanı üzərlik və onun törəmələrini üzərlərində daşımamağı tövsiyə edir və hər hansı bitkinin dərman məqsədli istifadəsindən əvvəl mütləq həkimlə məsləhətləşmənin vacibliyini qeyd edir.

Məsələ ilə bağlı tibb üzrə fəlsəfə doktoru, həkim- onkoloq Fərid Museyibov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Tibb sahəsində geniş istifadə olunan bu bitki müxtəlif xəstəliklərin müalicəsində mühüm yer tutur. Xüsusilə oynaq ağrılarının azaldılmasında, astma və digər tənəffüs yolu xəstəliklərində, eləcə də sidik yolları infeksiyalarının aradan qaldırılmasında ondan geniş şəkildə faydalanılır. Bitkinin güclü antioksidant və antibakterial xüsusiyyətləri mövcuddur ki, bu da həm orqanizmdə iltihabi proseslərin zəiflədilməsinə, həm də mikrobların məhv edilməsinə kömək edir. Bundan əlavə, sinir sisteminə sakitləşdirici təsir göstərməsi və ağrıkəsici xüsusiyyətə malik olması onun terapevtik əhəmiyyətini daha da artırır. Hətta diş ağrılarının yüngülləşdirilməsində də istifadə olunduğu məlumdur.
Lakin hər bir dərman və ya müalicəvi bitki kimi, bunun da mümkün yan təsirləri və istifadəsinə dair məhdudiyyətlər elmi baxımdan ayrıca araşdırılmalıdır. Xüsusilə sinir sistemi xəstəliklərindən əziyyət çəkən şəxslərdə və digər həssas qruplarda tətbiqi həkim nəzarəti altında olmalıdır. Buna görə də bu bitkinin geniş istifadəsi ilə bağlı qərarların tibbi tədqiqatlara əsaslanması və təhlükəsizlik aspektlərinin dərindən öyrənilməsi məqsədəuyğun hesab olunur".
Elmir Heydərli
11:27 23.02.2026
Oxunuş sayı: 578