Siqaretlə bağlı dəhşətli proqnoz: Dünya Ağciyər Fondu həyəcan siqnalı verir
Ölkədə siqaret çəkənlərin sayı artdıqca, ölüm hallarında da artım müşahidə edilir. Statistikaya baxanda görərik ki, hər il təxminən 10 minə yaxın insan siqaretə bağlı xəstəliklərdən dünyasını dəyişir.
Tənəffüs problemləri, ürək xəstəlikləri və xərçəng ən çox rastlanan səbəblərdir. Siqaret çəkənlərdə bronxit, astma və ürək narahatlıqları digərlərinə nisbətən iki dəfə çox olur.
Qeyd edək ki, narkotik maddələr də bu mövzuda təsirsiz ötüşmür. Narkotikdən asılı olan yüzlərlə insan ya xəstəlik tapır, ya da dünyasını dəyişir.
Mütəxəssislər bu barədə Crossmedia.az-a açıqlama verib:
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev təəssüflə qeyd edib ki, xüsusən cavanlarda siqaret istifadəsi daha çox yayılıb:
"Bu, böyük problemdir, çünki gələcəkdə onun təsiri yalnız insanın özündə deyil, ailəsində, uşaqlarında da fəsadlar törədəcək. Belə ki, bu ömürlük bir təsirdir.

Siqaret nədir? Siqaretin tərkibində karbon qazı və bədən üçün zərərli maddələr həddindən artıq çoxdur. Bu maddələr qana keçir və qan qatılaşır. Qatılaşmış qan damarlardan keçərkən damarlara zərər verir.
Həmin damar hansı orqana gedirsə, ora zərərli qan daşınır. Qanın tərkibi normal olmadığından orqan zədələnir. Məsələn, böyrəklərdə siqaret zərərləri böyrək toxumalarına təsir göstərir.
Qaraciyər isə maddələri çevirmək üçün zərər görür, maddələr mübadiləsi pozulur. Digər tərəfdən, insanın beynində siqaretə qarşı bir alışqanlıq yaranır. Sonradan digər narkotik maddələrə də meyl yarana bilər".
Həkimin sözlərinə görə, siqaretin ən pis xüsusiyyəti odur ki, bu cür maddələrə, o cümlədən siqaretə adətkarlıq yaranır. Mən bir prosesi başa düşmürəm: bilə-bilə pulunu verirsən, bədəninə zərər yetirirsən. Niyə belə edirsən? Uzun müddət siqaret çəkən insanın heç bir orqanı zərərdən sığortalanmır".
Narkomaniya üzrə ekspert, Sosial Təşəbbüs MMC-nin rəhbəri Emil Maqalov isə siqaretlə yanaşı, narkotikin də təsirlərindən danışıb:

"Son illərin beynəlxalq statistikaları göstərir ki, yay aylarında yeniyetmələr arasında narkotik və psixotrop maddələrin ilk dəfə istifadəsi halları digər mövsümlərə nisbətən 18-25% daha çox qeydə alınır (BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin 2023-cü il hesabatı).
ABŞ, Almaniya və Niderlandda aparılmış birgə araşdırmalarda bildirilir ki, yay tətili dövründə gənclər arasında ən çox yayılmış vasitələr arasında elektron siqaretlər (vape), sintetik narkotiklər və hətta reseptsiz alınan dərmanlardan sui-istifadə halları artmaqdadır.
Bunun qarşısının alınması üçün valideynlərə təlimlər keçirilməlidir, övladları ilə düzgün ünsiyyət və nəzarət metodlarını öyrənməlidirlər. Yay düşərgələri və məşğulluq proqramları təşkil edilməlidir, gənclərin asudə vaxtı faydalı və kreativ fəaliyyətlərlə dolmalıdır. Sosial şəbəkə platformaları nəzarətə alınmalıdır, zərərli məzmunlara qarşı süzgəc mexanizmləri gücləndirilməlidir"
E.Maqalov sonda qeyd edib ki, narkotik və digər zərərli vərdişlərə qarşı mübarizə yalnız cəza tədbirləri ilə deyil, təhsil, maarifləndirmə və alternativlərin yaradılması yolu ilə aparılmalıdır.
Yay tətilləri isə bu mübarizədə ən həssas dövrlərdən biridir. Hər birimiz bu təhlükənin fərqində olmalı və gənclərimizi qorumalıyıq. Unutmayaq ki, sağlam cəmiyyətin təməli sağlam gənclikdir.
Fatimə Məmmədova
09:50 23.02.2026
Oxunuş sayı: 587