Səfərə çıxanlara XƏBƏRDARLIQ: Bu vərdiş ürəkbulanmanı daha da artırır
Yol səfərləri zamanı bir çox insanın qarşılaşdığı ürəkbulanma problemi əsasən orqanizmin hərəkətə verdiyi reaksiyadan qaynaqlanır.
Crossmedia.az xəbər verir ki, türkiyəli mütəxəssislərin məlumatına görə, nəqliyyat vasitəsində hərəkət edərkən gözlər, daxili qulaq və bədənin digər hissələri beyinə bir-biri ilə uyğun olmayan siqnallar göndərir. Bu uyğunsuzluq isə ürəkbulanma, soyuq tər, başgicəllənmə və baş ağrısı kimi əlamətlərlə özünü göstərir.
Hərəkət xəstəliyi adlanan bu hal qadınlarda kişilərə nisbətən daha çox müşahidə olunur.
Xüsusilə 2-12 yaş arası uşaqlarda, miqrenə meyilli şəxslərdə, daxili qulaq problemləri olanlarda, hamilə qadınlarda və hormonal dərmanlardan istifadə edənlərdə risk daha yüksəkdir.
Ürəkbulanmanı azaltmaq üçün nə etməli?
Mütəxəssislər səfər zamanı təmiz hava almağı, mümkün olduqda pəncərəni açmağı və baxışları üfüq xəttinə yönəltməyi tövsiyə edirlər. Telefona və ya kitaba baxmaq əlamətləri daha da gücləndirə bilər. Sırtüstə uzanmaq, gözləri yummaq, zəncəfilli çay və ya zəncəfilli şirniyyatlar qəbul etmək də mədəni sakitləşdirə bilər.
Dərman istifadəsi mümkündürmü?
Səfər öncəsi bəzi antihistamin preparatlardan istifadə oluna bilər. Lakin bu dərmanlar yuxululuq yaratdığı üçün avtomobil idarə edən və diqqət tələb edən işlə məşğul olan şəxslərə tövsiyə edilmir.
Qeyd edək ki, yol ürəkbulanması təhlükəli sayılmır. Ancaq davamlı və şiddətli ürəkbulanma, qusma halları müşahidə edilərsə, mütləq həkimə müraciət olunmalıdır.
Qısa desək, düzgün oturma mövqeyi, təmiz hava, elektron cihazlardan uzaq durmaq və yüngül qidalar yol səfərlərini daha rahat keçirməyə kömək edir.
Fatimə Məmmədova
00:23 21.02.2026
Oxunuş sayı: 487