Böyük oyun COVİD-lə başlayıbmış: Sirlər üzə çıxır
Son zamanlar vaxtı ilə çoxumuzun kabusuna çevrilən COVİD-19 pandemiyası yenidən gündəmə gəlib. Ən azından adını tez- tez eşidirik. Müzakirə olunan əsas məsələlərdən biri budur ki, COVİD-19 məqsədli şəkildə yayılan və dünyanə dəyişməyə hesablanan virus idi. Üstəlik bu virusu Epşteyn hadisələri ilə əlaqələndirənlər də var. Onların dediklərinə inansaq indi yaşadıqlarımızın çoxu normal deyil. Başqa sözlə, özümüz fərqində olmadan dəyişmişik və bunu COVİD edib.

Müzakirə edilən məsələ barədə Crossmedia.az-a danışan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Şölət Zeynalovun fikrincə, Epşteyn məsələsində məşhur şəxslərin adlarının hallanması, müxtəlif əlaqələrin üzə çıxması və texniki detallarla bağlı yayılan məlumatlar göstərir ki, pandemiya dövründə konspiroloji nəzəriyyə kimi təqdim olunan bəzi iddialar yenidən müzakirə mövzusuna çevrilir: "Həmin dövrdə bunu tamamilə nəzəriyyə hesab edənlər, virusun süni olduğunu iddia edənlər də var idi. Artıq şübhələr yenidən aktuallaşıb və bəzi dairələr insan müdaxiləsi ehtimalını gündəmə gətirirlər. Əslində bu, Qərb sivilizasiyasının və ümumilikdə texnoloji sivilizasiyanın böhranı kimi də qiymətləndirilə bilər. Hazırda dünyada müharibələr və münaqişələr artan xətt üzrə davam edir. Eyni zamanda bəzi biznes və siyasi dairələrin qlobal proseslərdə təsir imkanları haqqında da müxtəlif iddialar səslənir.
Həmin qüvvələrin bəşəriyyətin idarə olunmasında böyük gücə malik olduqları barədə fikirlər var. Böyük biznes nümayəndələrinin və tanınmış iş adamlarının bu tip proseslərlə əlaqələndirilməsi isə virusların dövriyyəyə buraxılması ilə bağlı ehtimalları gücləndirən arqument kimi təqdim olunur. Bir neçə il əvvəl baş vermiş COVID-19 pandemiyası kimi tanıdığımız hadisə ilə bağlı yeni məlumatlar da məhz bu kontekstdə müzakirə edilir. Əvvəllər konspiroloji nəzəriyyə kimi qəbul olunan fikirlərin bəziləri indi yenidən gündəmə gətirilir və pandemiyanın idarə olunan proses olması barədə iddialar səsləndirilir.
Həmin dövrdə pandemiya İkinci Dünya müharibəsindən sonra bəşəriyyətin üzləşdiyi ən böyük bəla kimi qiymətləndirilirdi".
Ş.Zeynalov xatırladıb ki, dünyanın əksər ölkələrində iş yerləri bağlanmış, sosial həyat iflic vəziyyətinə düşmüş və insanlar uzun müddət qapalı məkanlarda qalmağa məcbur olmuşdurlar:
" Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında ölkələr müxtəlif məhdudiyyətlər tətbiq edirdi. Həmçinin, vaksinlərin paylanması məsələsi də ciddi müzakirə mövzusu idi. İmkanlı Qərb dövlətləri vaksinlərə daha tez çıxış əldə etdiyi halda, xüsusilə Afrika ölkələrində vəziyyət daha ağır idi. Bununla belə, virusun real olduğu danılmaz faktdır. Dünyada yüz milyonlarla insan virusa yoluxdu və milyonlarla insan həyatını itirdi. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarına görə, milyonlarla ölüm halı qeydə alınıb. Bununla yanaşı, bəzi dairələr pandemiyanın süni şəkildə ortaya çıxarıldığını iddia edirlər. Pandemiya dövrü göstərdi ki, planetdə baş verən hadisələrin mərkəzində həm də Qərb sivilizasiyasının yaratdığı elmi-texniki nailiyyətlərin mümkün riskləri dayanır. Əgər virusun süni şəkildə yaradılması ilə bağlı iddialar təsdiqini tapsa, bu, cəmiyyətlərin mənəvi deqradasiyası ilə bağlı ciddi suallar doğurur.
Maliyyə imkanları, kapital və siyasi gücün birləşməsi insanlıq üçün təhlükəli nəticələr yarada bilər. Epşteyn hadisəsinin də demokratiyanın və sivilizasiyanın beşiyi sayılan məkanda baş verməsi xüsusi narahatlıq doğurur. Tanınmış siyasi xadimlərin adlarının hallanması, insanların zorakılığa və cinsi istismara məruz qalması Qərb sivilizasiyasının mənəvi böhranı kimi dəyərləndirilir. Bu hadisələr göstərir ki, var-dövlət və texniki inkişaf yüksək mədəniyyət demək deyil. Pandemiyanın yaratdığı qorxu və təşviş həm də onu ortaya qoydu ki, iqtisadçılar və siyasətçilər belə, bəşəriyyətin gələcəyi ilə bağlı dəqiq proqnoz verməkdə çətinlik çəkirlər. Təbii mühitdə proqnoz vermək mümkündür, lakin süni və qeyri-bərabər şəraitdə bu, olduqca mürəkkəbləşir.
Pandemiyanın ilk mərhələsində virusun mənbəyi kimi Çinin Hubey əyaləti göstərilirdi. Həmin əyalətdə yerləşən Uhan şəhərindəki bazarla bağlı müxtəlif versiyalar irəli sürülmüşdü. Virusun laboratoriyada hazırlanaraq bazara ötürülməsi barədə iddialar səslənsə də, bu məsələ ilə bağlı birmənalı nəticə yoxdur.
Nəticə etibarilə demək olar ki, bu gün bəşəri münasibətlər sistemində ciddi problemlər yaşanır. Qlobal maliyyə və siyasi gücə malik dairələrin xalqların taleyi üzərində təsir imkanları ilə bağlı narahatlıqlar artır. Müharibələr və epidemiyalar kontekstində məsuliyyət məsələsi yenidən gündəmə gəlir.
Ümid edək ki, Epşteyn hadisəsi ilə bağlı aparılan araşdırmalar dünya üçün müəyyən nəticələr çıxarmağa imkan verəcək. Bu proses hələ yekunlaşmayıb və yeni sənədlərin ortaya çıxacağı gözlənilir. İlkin siqnallar müxtəlif regionlarda da oxşar halların baş verə biləcəyini göstərir".

Tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla isə yayılan iddianı təkzib edib: "Covid 19 pandemiyası keçən əsrin 60-cı illərdən heyvanlardan insanlara keçməsi ilə başlayıb. İnsanlar artdıqca, heyvanlar sıxışdırıldıqca, onların məhsullarından istifadə etdikcə viruslar insanlara transfer edir. Koronavirus insana keçən virus kimi nə birinci, nə də axırıncıdır. Büten RNT daşıyıcı virusların pandemiya yaratma təhlükəsi realdır. Eyni zamanda qarşıda bizi qrip pandemiyası gözləyir. Bu Səhiyyə təşkilatının elmi praqnozudur. Bu baxımdan belə informasiyaların heç bir əsası yoxdur. Bu virus pandemiya potensiallı bir virusdur. İstər təbii, istər süni yolla yayılmasından asılı olmayaraq ciddi bir pandemiya sayılır. Əgər qeyd olunan iddia gerçəkdirsə, insanlığa qarşl bir cinayət kimi dəyərləndirilə bilər".
Fatimə Məmmədova
13:30 20.02.2026
Oxunuş sayı: 1174