Qurudulmuş dondurma: İnsan sağlamlığına hansı təsirləri var?
Son dövrlər sosial şəbəkələrdə və satış məkanlarında geniş yayılmağa başlayan qurudulmuş dondurmalar qısa müddətdə xüsusilə gənclər və uşaqlar arasında populyarlıq qazanıb.
Rəngarəng görünüşü, fərqli teksturası və uzun müddət saxlanma imkanı bu məhsullara marağı artırsa da, mütəxəssislər onların tərkibi, istehsal üsulu və həddindən artıq istifadəsinin sağlamlığa mümkün təsirlərinin olduğunu bildirirlər.
Bəs gündəmdə olan bu məhsulların insan orqanizmi üçün hansı riskləri mövcuddur və istehlak zamanı nələrə diqqət edilməlidir?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov Crossmedia.az-a açıqlama verib:

"Son vaxtlar marketlərdə və satış yerlərində geniş yayılan qurudulmuş (freeze-dried) dondurmalar əslində adi dondurmanın dondurulub vakuum şəraitində suyunun çıxarılması ilə hazırlanır.
Yəni məhsulun strukturu dəyişir, amma tərkibi əsasən eyni qalır. Bəs ziyanı varmı? Şəkər miqdarı yüksəkdir. Qurudulmuş dondurmada su olmadığı üçün məhsul daha yüngül və xırçıldayan olur, amma şəkər miqdarı dəyişmir. Hətta porsiya kiçik görünsə də, şəkər konsentrasiyası yüksəkdir.
Bu isə uşaqlarda artıq şəkər qəbulu, çəki artımı, insulin müqaviməti riski, diş problemləri kimi hallara səbəb ola bilər".
Ekspert əlavə edib ki, həddindən artıq istehlak olunduqda kalori nəzarətini çətinləşdirir.
“Qida dəyəri zəifdir. Adi dondurma kimi burada da əsasən şəkər, süd tozu, bitki yağı, dadlandırıcı və aromalar olur. Yəni funksional və ya faydalı qida sayılmır. Uşaqlar üçün risklidir.
Boğulma riski çox yüksək deyil, amma çox xırda və sərt tekstura kiçik yaşlı uşaqlarda diqqət tələb edir. Qurudulmuş dondurma şəkərli desertdir və tez-tez, nəzarətsiz istehlak sağlamlıq baxımından problemlər yarada bilər".
Ayhan
13:06 18.02.2026
Oxunuş sayı: 484