Maqnit qasırğası: Günlük həyatımıza və sağlamlığımıza necə təsir edir?
Günəş aktivliyinin artması nəticəsində baş verə biləcək geomaqnit proseslər son dövrlər həm elmi müstəvidə, həm də ictimai sağlamlıq baxımından diqqət mərkəzində saxlanılır.
Bu kontekstdə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yaxın günlərdə maqnit qasırğası ehtimalı ilə bağlı məlumat yayıb. Belə hadisələrin yalnız kosmik mühitlə məhdudlaşmayaraq, insan orqanizminə mümkün təsirləri barədə müzakirələri aktuallaşdırdığı bir vaxtda, əhalinin bu dövrdə nələrə diqqət yetirməli olduğu sualı aktuallıq kəsb edir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında həkim Mərziyyə Məmmədova bildirib ki, son günlər Günəş aktivliyinin artması ilə əlaqədar gözlənilən maqnit qasırğaları bəzi insanlarda ümumi vəziyyətə təsir göstərə bilər.

Onun sözlərinə görə, bu təsirlər əsasən vegetativ sinir sistemi vasitəsilə yaranır və daha çox ürək-damar və sinir sistemi həssas olan şəxslərdə müşahidə olunur.
Ekspert qeyd edib ki, bəzi insanlarda bu dövrdə baş ağrısı, halsızlıq, tez yorulma, yuxu pozuntusu, əsəbilik və diqqətin azalması kimi simptomlar yarana bilər. Ürək-damar xəstəlikləri olan şəxslərdə isə arterial təzyiqin dəyişməsi, ürəkdöyünmə hissi və ya ümumi vəziyyətdə müvəqqəti pisləşmə müşahidə oluna bilər.
"Xüsusilə hipertoniya, ürək ritm pozğunluğu, migren və xroniki stressi olan insanlar bu dəyişikliklərə daha həssas ola bilərlər",- deyə o vurğulayıb.
M. Məmmədova əlavə edib ki, bu təsirlər adətən müvəqqəti xarakter daşıyır və sağlam insanlarda ciddi təhlükə yaratmır.
Bununla yanaşı, o bildirib ki, bu dövrdə insanlara yuxu rejiminə diqqət etmək, kifayət qədər maye qəbul etmək, həddindən artıq fiziki və emosional yüklənmədən qaçmaq tövsiyə olunur.
Xroniki ürək-damar xəstəliyi olan şəxslərin arterial təzyiqə nəzarəti gücləndirməsi və təyin olunmuş dərmanları müntəzəm qəbul etməsi vacib sayılır.
"Güclü baş ağrısı, ciddi halsızlıq, ürək ritmində pozulma və ya arterial təzyiqdə kəskin dəyişiklik müşahidə olunarsa, həkimə müraciət etmək tövsiyə edilir", - deyə ekspert qeyd edib.
Nigar Yahyazadə
12:15 18.02.2026
Oxunuş sayı: 459