İndi siz mənə "agent” kimi baxırsınız – Azərbaycanlı fəaldan Kobaxidzeyə təsirli məktub
Gürcüstanda azərbaycanlı İctimai fəal, hüquq müdafiəçisi Samirə Bayramova baş nazir İrakli Kobaxidzeyə açıq məktub yazıb. Crossmedia.az olduqca təsirli olan və soydaşlarımızın real durumunu əks etdirən məktubun mətnini təqdim edir:
“Əslində yaşca çox böyük də deyilik, demək olar ki, səninlə həmyaşıdam. Mən Gürcüstanda, Rusiya imperiyasının dağılmasından bir gün sonra elə Rusiya doğum şəhadətnaməsi ilə doğulmuşam. Erkən uşaqlığım azad Gürcüstanın ilk ağır illərində keçdi. Kvemo Kartlidə mənim uşaqlıq dövrümdə "Mxedrioni" dəstələri hər gün azərbaycanlıları "Gürcüstan gürcülər üçündür" şüarı ilə təhdid edirdilər. Bunu valideynlərimin danışdıqlarından xatırlayıram.
Sonra Şevardnadze dövründə uşaqlığım elə keçdi ki, nə uşaq bağçası var idi, nə də hüzurumuz. Amma yenə də nəsə xoş xatirələrim qaldı. Mənim uşaqlığım o zamankı hökumətə bənzəyirdi: dava-dalaş, itaətsizlik və daimi mübahisələr. Qız olmağıma baxmayaraq, mən də kiçik və qorxmaz bir "kriminal" idim – bu, həmin vaxt sağ qalmağın yeganə yolu idi.
O vaxt ailəm hər şeyini satıb həmişəlik Rusiyaya köçmək fikrində idi. Bir çox qohumlarımız 1991-ci ildən bəri qorxu içində ölkəni tərk edirdi, amma biz nədənsə getmədik. Nə baş verdiyini xatırlamıram, niyə qaldıq bilmirəm.
Məktəbi bitirənə qədər kim olduğumu və nəyi təmsil etdiyimi bilmirdim. Mənim üçün həlledici məqam valideynlərimin ali təhsil üçün Azərbaycana göndərməyi planlaşdırdıqları zaman baş verdi. O vaxta qədər bütün qohumlarım məktəbi bitirən kimi Azərbaycana gedir, orada ailə təhsil alır, ailə qurur və bir daha geri qayıtmırdılar. Amma mənim dövrümdə orada həyat çox baha olmağa başladı, ona görə də Gürcüstanda ali təhsil almaq barəsində düşünməyə başladıq. Valideynlərim Marneulidəki kolleclərdən birini düşünürdülər, lakin mən məktəbdə çox yaxşı oxuyurdum və dərslərindən "iki" alan qonşularımla eyni kollecdə oxumaq istəmirdim. Buna görə Tbilisini seçdim. O vaxt nələr yaşandığı barədə indi heçnə yazmaq istəmirəm.
Tbilisidə mənim üçün yeni həyat başladı. Gürcüstanı tanımağa və inteqrasiya olmağa başladım. Dili öyrənmək, mədəniyyəti tanımaq və universitet həyatına alışmaq çox çətin idi. Elə təsəvvür edin ki, başqa bir ölkəyə köçmüşdüm.
Mənim aktiv fəaliyyətim 2009-cu ildən başladı. Məqsəd etnik azərbaycanlılara yol açmaq, onlara harada yaşadıqlarını, kim olduqlarını öyrətmək və mərkəzi hökumətin onların ehtiyacları barədə məlumatlı olmasını təmin etmək idi. Biz vətənimizin harada olduğunu, hansı hüquq və vəzifələrimiz olduğunu bilməliydik. İndi isə siz mənə bu fəaliyyətimə görə "agent” kimi baxırsınız.
Bu proses çox çətin idi. Bu günə qədər icmanın önündə durmaq, ilk addımları atmaq həmişə böyük cəsarət və güclü iradə tələb edirdi. Narahat idim, amma heç vaxt qorxmurdum, yorulurdum, amma heç vaxt ümidimi itirmirdim. Qəzəblənirdim, amma geri çəkilmək nədir bilmirdim. Bütün bunları ona görə yazıram ki, sənin və mənim aramızda olan imtiyaz fərqini və Gürcüstanın digər vətəndaşlarının ümumi vəziyyətini daha yaxşı başa düşəsiniz.
Daima ümid etdim ki, ölkəmiz bizi bərabərhüquqlu vətəndaş kimi qəbul edəcək. Gürcü xalqı bunu bacardı – biz bir cəmiyyət olaraq bir-birimizi sevməyi və dəstəkləməyi bacardıq. Lakin bu günə qədər heç bir hökumətin bizi bütöv, tamhüquqlu vətəndaş kimi tanıdıqlarını müşahidə etmədim. Həmişə bir "digər bənd" mövcud idi. Buna görə mən də gürcü xalqının yanında olmağı seçdim, sevgi və qəbul olunmağı orada tapdım.
Məndən soruşurlar: "Gürcü dilini necə öyrəndin?" Çox əziyyət çəkdim, pul ödəyirdim və öz gücümlə çalışırdım. Bu gün də yeni nəsil üçün heç nə dəyişməyib – gürcü dilini öyrənmək başqa ölkə vətəndaşları üçün olduğu kimi bu gənclər üçün də pulludur. Bəli, eyni pasportumuz var, amma siz imtiyazlısınız, mən isə yox.
2020-ci ildə Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılanda məndən soruşdular: "Niyə Gürcüstanda belə aktivlik edirsən, nə istəyirsən?". Dedim ki, Gürcüstan vətəndaşıyam və bu mənim hüququmdur. Qarşımda duran adam kinayə ilə gülümsədi. O vaxt DTX rəisi korrupsioner Leluaşvili idi, o ancaq pul yığırdı, məsələ onun üçün önəmli deyildi. Bəs indi nə baş verir?
Marneuli meriyasını diskriminasiyaya görə məhkəməyə verəndə başlandı: "Sən kimsən, harada, kimdən nə tələb edirsən?".
Məhkəmədə hakim də məndən soruşdu: "Ümumiyyətlə nə istəyirsən?". Dedi ki, Azərbaycanda hər şey bərabər bölünür. O zaman da dövlətin "buradayam, səni qoruyuram, sən mənim vətəndaşımsan" deyən dəstəyini hiss etmədim. Susdunuz!
Mariam Caşinin çıxışını da xatırlayıram. O bildirmişdi ki, Azərbaycanda yaşayan gürcülərin təhsil və digər sahələrdəki hüquqları Gürcüstanda yaşayan azərbaycanlıların hüquqları ilə eyni olmalıdır.
Bununla yanaşı, bu problemlərin diplomatik danışıqlar və ikitərəfli əməkdaşlıq yolu ilə həll edilməsi ideyasını irəli sürdü. Gürcüstan vətəndaşlarının hüquqları başqa bir ölkənin siyasi münasibətləri ilə əlaqəli olmamalıdır.
Etnik azərbaycanlılar Gürcüstan vətəndaşlarıdır və onların hüquqlarının qorunması gürcü dövlətinin məsuliyyətidir; onların problemləri Azərbaycanda yaşayan gürcülərlə "balanslaşdırılmamalıdır".
Bir nəfər məni ölümlə hədələyirdi, bütün radikallar məni alçaltmağa başladı. Etnik, dini və gender zəminində diskriminasiya başladı, amma bu günə qədər bir nəfər də olsun həbs edilməyib. Gürcüstan dövləti, parlamenti, hüquq-mühafizə orqanları – vətəndaşların hüquq və təhlükəsizliyini qorumalı olan bütün qurumlar bu diskriminasiyaya hələ də göz yumur.
Bütün cəhdlərimə baxmayaraq, mənim hüquqlarım, səsim və bir tamhüquqlu vətəndaş kimi varlığım rəsmi olaraq tanınmır.
Dmanisidə baş verən münaqişə zamanı o zamankı Daxili İşlər naziri dedi ki, "biz bu məsələni Azərbaycanla həll edəcəyik" və bununla da bitdi. Belə neçə hadisə bilirik – həmişə bu cür hallar hüquqi norma olmadan bağlanır.
Hökumət bizimlə danışmır. Bütün məsələləri başqa ölkələrin yüksək vəzifəli şəxsləri ilə həll edir. Belə olan halda mən kiməm? Heç kim? Sual yaranır: Heç kimdən hansı tanınmanı gözləyirsiniz? Yoxsa bütün bunlardan xəbərsizsiniz?
İldə bir dəfə Marneuliyə qonaq gəlirsiniz və sizi burada başqa ölkənin vətəndaşı qonaq edir. Bu, siyasi cəhətdən çox pis bir hadisədir – sən nəzarət edə bilmirsən, region haqqında təkbaşına qərar verə bilmirsən, mer və ya deputat namizədini təkbaşına təqdim edə bilmirsən. Seçkiləri qonşu ölkələrin iştirakı olmadan qazana bilmirsən. Sənin ölkəndə vətəndaşlarının 20%-i ağır vəziyyətdə sizə yox, başqa ölkənin baş nazirinə həmrəylik nümayiş etdirirsə, bu barədə nə düşünürsünüz, cənablar?
Kriminallaşdırılmış qanunda mənim üçün yenə "digər bənd"iniz var? Heç olmasa bunu öncədən bilək!
Və sonda, mən illərdir qadınlara və uşaqlara qarşı zorakılıq mövzusunda işləyirəm və bu "tanınma" məsələsini nədənsə belə formalaşdırdım:
“Bizdə balaca qızları qaçırırlar və sonra zorlayırlar ki, təcavüzkarı 'həyat yoldaşı' kimi tanımağa məcbur olsunlar və geri qayıtmağa yolları qalmasın. İndi mən özümü məhz belə hiss edirəm.”
10:31 18.02.2026
Oxunuş sayı: 699