Narsistlər niyə ən zəif nöqtədən dağılır?
Görünüşdə yüksək özgüvən, gerçəkdə isə dərin boşluq – mütəxəssislər narsistliyin əsas üzünü belə təsvir edir.
Crossmedia.az xəbər verir ki, Anadolu Sağlamlıq Mərkəzinin yayımladığı məlumatda qeyd olunur ki, narsistik şəxsiyyət pozuntusu insanın özünü həddindən artıq vacib və üstün görməsi, daim diqqət və heyranlıq gözləməsi ilə xarakterizə olunur.
Belə ki, bu şəxslər empati qurmaqda çətinlik çəkir, başqalarının duyğularını çox vaxt görməzdən gəlir və ən kiçik tənqidə qarşı belə həssas reaksiya verirlər. Narsistik şəxsiyyət pozuntusunun əsas əlamətləri sırasında özünü xüsusi hesab etmə, real uğur olmadan belə üstün kimi tanınmaq istəyi, xüsusi münasibət gözləmək, manipulyativ davranışlar, qısqanclıq və emosional soyuqluq yer alır.
Qeyd edək ki, bu pozuntu insanın sosial, ailə və iş münasibətlərini ciddi şəkildə zədələyə bilər.
Mütəxəssislər vurğulayır ki, narsistlik adətən yeniyetməlik və erkən yetkinlik dövründə formalaşır və kişilərdə daha çox müşahidə olunur. Narsistik xüsusiyyətlərin yaranmasında genetik faktorlar, uşaqlıq travmaları, həddindən artıq tərif və ya laqeyd valideynlik tərzi mühüm rol oynayır.
Həmçinin, narsistik şəxsiyyət pozuntusunun müalicəsi çətin və uzunmüddətli proses olsa da, psixoterapiya ilə davranışların idarə olunması mümkündür.
Xüsusilə, davranışçı və psixodinamik terapiya üsulları effektiv sayılır. Eyni zamanda, mütəxəssislər narsistik xüsusiyyətlərə malik insanlarla ünsiyyətdə əsas məqamlar kimi sağlam sərhədlərin qorunmasını, emosional təsirdən uzaq durmağı və zərurət yarandıqda peşəkar dəstək almağı tövsiyə edirlər.
Fatimə Məmmədova
00:30 19.02.2026
Oxunuş sayı: 390