Onkoloji xəstələrə şad xəbər- Detallar
Azərbaycanda onkoloji xəstələrin tibbi xidmət imkanlarının genişləndirilməsi istiqamətində mühüm addım atılıb. Milli Məclisin yaz sessiyasının plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara edilən dəyişikliklər üçüncü oxunuşda qəbul edilərək, vətəndaşların artıq yalnız dövlət deyil, lisenziyalı özəl tibb müəssisələrində də onkoloji yardım ala bilməsinə hüquqi zəmin yaradıb.
Bu dəyişikliklər ölkədə onkoloji xidmətin əlçatanlığını artırmaqla yanaşı, pasiyentlərin həkim və müalicə müəssisəsi seçimi azadlığını genişləndirir və səhiyyə sektorunda dövlət–özəl tərəfdaşlığının yeni mərhələsinə keçidi ifadə edir.

Məsələ ilə bağlı tibb üzrə fəlsəfə doktoru həkim, onkoloq Fərid Museyibov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Bu məsələ həm həkimlər, həm də xəstələr üçün çox müsbət nəticələr verir. Çünki artıq hamımız bilirik ki, onkoloji xəstəliklərin ən böyük təhlükəsi onların gec mərhələdə aşkar olunmasıdır. Təəssüf ki, insanların böyük bir qismi qorxu, çəkinmə və “xərçəng” sözünün yaratdığı psixoloji təsir səbəbindən həkimə vaxtında müraciət etmir. Bunun nəticəsində bizə gələn xəstələrin təxminən səksən faizi artıq dördüncü mərhələdə olur və bu, həm müalicəni çətinləşdirir, həm də tam sağalma ehtimalını xeyli azaldır. Belə hallarda müalicə uzun çəkir, baha başa gəlir və çox vaxt istənilən nəticəni vermir. Əgər xəstəlik birinci və ya ikinci mərhələdə aşkar edilərsə, müalicənin uğur faizi dəfələrlə yüksəlir və bir çox hallarda xəstə tam sağala bilir. Məhz buna görə erkən diaqnozun təşviqi və özəl klinikaların bu sahəyə cəlb olunması çox vacibdir. Çünki onkoloji xəstəliklərin sayı ildən-ilə artır və dövlət səhiyyə sisteminin bu yükün öhdəsindən təkbaşına gəlməsi həm kadr, həm də infrastruktur baxımından çətinləşir".
O bildirib ki, xərçəng müalicəsi təkcə əməliyyatla bitmir: "Əməliyyatdan sonra xəstələr kimyaterapiya, radioterapiya, hədəfli və immunoterapiya kimi uzun və mərhələli müalicə prosesindən keçirlər. Bu müalicələrin hamısı ciddi resurs və zaman tələb edir. Özəl klinikaların bu prosesə qoşulması həm dövlət xəstəxanalarının yükünü azaldır, həm də xəstələrin daha tez və keyfiyyətli xidmət almasına şərait yaradır. Həkimlər üçün də bu, çox önəmli bir üstünlükdür. Çünki gec mərhələdə olan xəstələrlə aylarla aparılan ağır müalicə əvəzinə, erkən mərhələdə müraciət edən xəstələrdə daha qısa, daha məqsədyönlü və daha effektiv müalicə aparmaq mümkün olur. Nəticədə həm həkimin işi yüngülləşir, həm də xəstə daha tez normal həyata qayıdır. Yekunda isə demək olar ki, erkən diaqnozun genişləndirilməsi və özəl klinikaların onkologiya sahəsində aktiv iştirakı gələcəkdə həm xəstə sayının azalmasına, həm də müalicənin nəticələrinin xeyli yaxşılaşmasına səbəb olacaq və bu, ümumi səhiyyə sisteminin güclənməsinə xidmət edəcək".
Elmir Heydərli
14:11 17.02.2026
Oxunuş sayı: 605