Ermənilərin oğurladığı qədim qarqarlara məxsus Garni məbədi
Bu gün Qərbi Azərbaycan ərazisində qeydə alınmış yüzlərlə toponimdə bu etnosun adı yaşamaqdadır. Təkcə elə İrəvan xanlığının tərkibinə daxil olan 15 mahaldan ikisi – Garnibasar və Qərbibasar bu etnosun adını daşıyırdı.
Qədim Qarqar türklərinə məxsus Garni ərazisinin alıqları da vaxtilə burada türk tayfalarının yaşadığını və onların xəttatlıq qabiliyyətini təsdiqləyir. Qədim Albaniyanın şimal-şərqində qarqar etnonimini özündə daşıyan toponimləri orta əsr ərəb müəllifləri öz əsərlərində qeyd etmişlər.
IX əsr müəllifi İbn Xordadbeh Qarqar şəhərini qeyd etmişdir. Hətta erməni tarixçisi S.T. Eremyan özü də etiraf edir ki, qarqarların ölkəsi Azərbaycandır. S.V. Yuşkov və K.V. Trever qarqarları alban tayfası hesab etmiş və onların özlərini “Qalqay” adlandırdıqlarını yazmışlar. Avtoxton xalqlardan biri, güclü tayfa birliyi quran və böyük bir ərazidə yaşayan Qarqarlar idi.
Garni məbədinin ermənilərə aidiyyəti varmı?
Garni məbədi Günəş tanrısı Mihrə həsr olunub, qarqarların da inanc sistemində Mihr önəmli yerlərdən birini tuturdu. Eyni zamanda məbədin bəzi bəzək elementləri və daş işləmələri sonradan Qarabağ və ətraf ərazilərdəki alban kilsələrində rast gəlinən naxışlarla oxşarlıq təşkil edir. Antik dövrdə qarqarlar da daxil olmaqla bütün regional elita yunan dilini diplomatiya və din dili kimi istifadə edirdi.
Garni məbədinin memarlığında istifadə olunan naxışlar klassik Roma naxışlarından bir qədər fərqlənir. Orada daha çox yerli, həndəsi və simvolik elementlər – günəş çarxları, mürəkkəb həndəsi kəsişmələr mövcuddur. Bu elementlər alban xristian memarlığında, qarqarların yaşadığı Qarabağ və Girdiman zonalarında da eynilik təşkil edir. Roma məbədlərində naxışlar daha dərin olur. Garnidə isə naxışlar daha yastı və mürəkkəbdir. Bu, qədim qarqarların daş üzərində xalça bənzəri naxış vurma ənənəsindən xəbər verir.
Arxeoloji qazıntılar zamanı aşkar edilən məbədin altındakı daha qədim qatlar bölgənin aborigen tayfalarına aiddir. Qarqarlar bu qədim sivilizasiyaların varisləri kimi bu ərazidə yaşayırdılar.
Məbəd elə tikilib ki, günəş şüaları müəyyən saatlarda birbaşa mərkəzi bütpərəst heykəlinin üzərinə düşürdü. Bu tip astronomik dəqiqlik qədim qarqarlarda Günəş və Ay təqvimi ilə bağlı dərindən inkişaf etmişdi. Ermənilərin xristianlıqdan əvvəlki dövrü haqqında isə belə dəqiq memarlıq-astronomik məlumatlar yox dərəcəsindədir. Bu da binanın “ruhunun” yerli qarqarlara aid olduğunu, lakin “geyiminin” Roma olduğunu göstərir.
Memarlığa nəzər salsaq, erməni memarlıq xüsusiyyətlərinin fərqli olduğunu görərik. Erməni kilsə memarlığı qalın divarlara və xaçvari planlara əsaslanır. Erməni memarlığında “açıq sütunlu məbəd” anlayışı yoxdur. Erməni kilsə və saray memarlığında binalar adətən birbaşa yer səviyyəsində və ya çox alçaq bir bünövrə üzərində tikilir.
Məbədin üzərində yunan dilində yazılar var. “Günəş (Mihr) Tanrısı üçün ucaldıldı…” deyə başlayan kitabə yunan əlifbası ilə yazılıb. Əgər bu abidə bir millətin özünəməxsus qürur mənbəyidirsə, burada haqlı olaraq sual yaranır:
“Əgər bu, erməni milli qürur mənbəyi və milli tikilisidirsə, niyə orada erməni dilində heç bir iz yoxdur?”
Əgər Garni məbədi “erməni məbədi” sayılırsa, onda Türkiyədəki Efes Artemida məbədi də “türk məbədi” sayılmalıdır. Lakin türklər bu abidələrə “türk abidəsi” deyil, “Anadolunun antik irsi” kimi yanaşırlar. Ermənilər isə Garnini öz milliləşdirilmiş abidələri kimi təqdim edirlər.
Erməni əlyazmalarının saxlanıldığı Matenadaranda minlərlə sənəd var. Lakin orta əsrlərə aid heç bir erməni mənbəsində Garni məbədi “milli memarlıq şah əsəri” və ya “erməni ruhunun simvolu” kimi təqdim edilmir. Köhnə mətnlərdə bura sadəcə “Garni qalası” və ya “bütpərəst xarabalıqları” kimi qeyd olunur.
Məbədin “erməni milli qüruru”na çevrilməsi cəmi 150 illik bir ideoloji layihədir. Bu, qarqarların və digər yerli tayfaların tarixini mənimsəyərək, özləri üçün süni bir keçmiş yaratmaq məqsədi güdür.
Prof. Dr. Zaur Əliyev
14:00 17.02.2026
Oxunuş sayı: 749